Azərbaycanda uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət təklif olunur
Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsinə məhdudiyyət qoyulması təklif edilir.
Bu təşəbbüslə Milli Məclisin deputatı Zahid Oruc çıxış edib. Deputat bildirib ki, təklifin əsas məqsədi uşaqların fiziki və psixoloji sağlamlığını qorumaq, onları manipulyativ çağırışlardan, zərərli məzmundan və suisidə təşviq edən təsirlərdən uzaq tutmaqdır.
“Bu təşəbbüsün əsas mahiyyəti uşaqların sosial media platformalarından istifadəsini müəyyən yaşa qədər təxirə salmaqla onların daha təhlükəsiz rəqəmsal mühitdə böyüməsinə şərait yaratmaqdır. Burada məqsəd hər hansı qadağa tətbiq etmək deyil, müdafiə mexanizmini gücləndirmək, valideynlərin və ailə institutunun rolunu artırmaqdır”, — deyə Zahid Oruc bildirib.
Təklif olunan layihəyə əsasən, 16 yaşına çatmamış şəxslərin sosial mediada fərdi hesab açmasına məhdudiyyət qoyula bilər. 16–18 yaş aralığında olan şəxslər isə sosial media platformalarından yalnız valideyn icazəsi ilə və məhdud formada istifadə edə biləcəklər.
Layihədə sosial media platformalarında azyaşlı istifadəçilərə yönəlmiş bəzi dizayn elementlərinin də məhdudlaşdırılması nəzərdə tutulur. Bunlara sonsuz sürüşdürmə funksiyası və videoların avtomatik işə düşməsi kimi alqoritmik mexanizmlər daxildir.
Sənəddə yaşın yoxlanılması üçün toplanan bank kartı, elektron poçt ünvanı və mobil nömrə kimi məlumatların üçüncü şəxslərə ötürülməsinin və kommersiya məqsədilə istifadəsinin qadağan ediləcəyi bildirilir.
Bundan başqa, sosial media provayderlərinin hər il yanvarın 15-dək müvafiq dövlət qurumlarına hesabat təqdim etməsi nəzərdə tutulur. Qaydalara əməl etməyən vəzifəli və hüquqi şəxslərin isə cərimələnəcəyi bildirilir.
“Provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institusional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər. Qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər”, — deyə deputat qeyd edib.
Bundan başqa, elm və təhsil nazirinin müavini Firudin Qurbanov iyunun 8-də verdiyi açıqlamada bildirib ki, ölkə üzrə məktəblərdə “TikTok” sosial şəbəkəsinə giriş qadağan edilib.
“Ümumiyyətlə, məktəblərdə internetə çıxış məhdudlaşdırılıb. Terrorizm kimi mövzulara giriş bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzuya məhdudiyyət tətbiq edilib”, — deyə Qurbanov bildirib.
Hələlik təklifin qanun layihəsi kimi nə zaman müzakirəyə çıxarılacağı və məhdudiyyətlərin hansı platformalara şamil ediləcəyi açıqlanmayıb.