Sosial şəbəkədə biz:
Azərbaycanda İkinci Dünya müharibəsinin 13 iştirakçısı qalıb
Xəbər Şəkli

Azərbaycanda İkinci Dünya müharibəsinin 13 iştirakçısı qalıb

25 April 2026, 10:11
Sosial

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçılarına, onların dul həyat yoldaşlarına, habelə həmin dövrdə Leninqradın (Sankt-Peterburq) müdafiəsində və arxa cəbhədə fədakarlıq göstərmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.

Bu barədə aprelin 24-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, müharibə iştirakçılarına 2 min 750 manat, digər kateqoriyadan olan şəxslərə isə 1 min 500 manat birdəfəlik yardım ödəniləcək.

Yardımların maliyyələşdirilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir. Onlardan yalnız 13 nəfəri İkinci Dünya müharibəsinin birbaşa iştirakçılarıdır.

Ötən il bu say 21 nəfər olaraq açıqlanmışdı. Həmin şəxslərə isə bundan az – 2 min 500 manat mükafat verilmişdi.

Sərəncam sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi narazılıq edir ki, son aylar Bakı və ətrafında yağıntılar ciddi fəsadlar törədib, lakin sel nəticəsində ziyan çəkənlərə kompensasiya verilməyib.