Azərbaycanda doğum azalır, işsizlik isə artır
Azərbaycanda son illər demoqrafik göstəricilərdə azalma müşahidə olunur. Bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin martın 13-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, son bir neçə il ərzində ölkədə əhalinin artım tempi aşağı düşüb. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altına enib.
Ə.Əhmədov qeyd edib ki, 2015-ci ildə ölkə məktəblərində təxminən 1.5–1.6 milyon şagird təhsil alırdı. Onun sözlərinə görə, bu tendensiya davam edərsə, bir neçə ildən sonra məktəblərdə oxuyanların sayı təxminən 1 milyon nəfərə düşə bilər. Bu isə təxminən 50 min müəllimin ixtisarı riski yarada bilər.
O əlavə edib ki, bir neçə onillikdən sonra pensiyaçılarla işləyən əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verə bilər. Onun fikrincə, bu dəyişikliklər həm iqtisadiyyata, həm də sosial siyasətə təsir göstərə bilər.
Ə.Əhmədov bildirib ki, ehtimal olunur, 2026-cı ildən başlayaraq hökumət demoqrafik məsələlərə diqqəti artıracaq.
Rəsmi statistikaya görə, ölkədə muzdla çalışanların sayında da azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin martın 13-də yaydığı məlumata əsasən, 2026-cı il fevralın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər olub.
Qurumun məlumatına görə, onların 861.4 min nəfəri dövlət sektorunda, 920.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Hesabatda göstərilir ki, dövlət sektorunda çalışanların sayı 0.5 faiz, qeyri-dövlət sektorunda isə 2.3 faiz azalıb.
DSK-nın aylıq hesabatlarının təhlili göstərir ki, son bir ayda ölkədə təxminən 26 min nəfər rəsmi işini itirib.
Rəsmilər və digər aidiyyəti qurumlar hələlik bu azalmanın səbəbləri ilə bağlı açıqlama verməyiblər. Müstəqil iqtisadçılar isə özəl sektorda ixtisarların mümkün olduğunu istisna etmirlər. Onların sözlərinə görə, bu ildən Azərbaycanda özəl sektorda çalışanların gəlir vergisinə cəlb edilməsi də müzakirə olunan məsələlərdən biridir.