Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Azərsu”ya 254 min manat borcu olan şəhərcik: Sakinlərin ödədikləri pullar hara gedir? (VİDEO)

“Azərsu”ya 254 min manat borcu olan şəhərcik: Sakinlərin ödədikləri pullar hara gedir? (VİDEO)

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksinin “Azərsu”ya külli miqdarda borcu yaranıb. Söhbət 254 min manatlıq borcdan gedir. Sakinlər deyir ki, onlar su pullarını MTK-nın komendantlığına ödəyirlər. Sual ortaya çıxır: bəs sakinlərin ödədikləri pullar hara gedir?
“İlin Dörd Fəsli” MMC-nin Abşeron rayonunun Masazır qəsəbəsində inşa etdiyi ”Yeni Bakı” yaşayış kompleksinin sakinlərinin su sayğacları rəsmi qeydiyyata alınmayıb. 10 ildən artıqdır ki, üç mindən çox mənzili olan bu şəhərcikdə sakinlərə abonent kodu da verilməyib. Nəticədə burada yaşayanlar su pullarını rəsmi qaydada “Azərsu”ya deyil, hələ də MTK-ya ödəyirlər. 

Sakinlər deyirlər ki, onlardan alınan pulu şirkət özü “Azərsu”ya ödəməlidir. Ancaq bu gün “İlin Dörd Fəsli” şirkətinin “Azərsu”ya 254 min manatdan artıq borcu yaranıb.
Borcun həddindən artıq çox olması vətəndaşlardan yığılan pulların “Azərsu”ya ödənib-ödənməməsi məsələsini gündəmə gətirir. Kompleksin Azər adlı komendantı suallara cavabın yalnız baş idarədə – yəni “İlin Dörd Fəsli” şirkətində verilə biləcəyini dedi və ünsiyyətdən yayındı.
Şirkətin hüquqşünası isə şirkətin faktiki olaraq 254 min manat su borcu olduğunu dandı. Dediyinə görə, şirkətin adına olan su sayğacı 10 dəfə artıq borc yazır. O, bunun Apellyasiya və Bakı Kommersiya məhkəmələrinin qətnamə və qərardadları ilə təsdiq edildiyini dedi.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən də kompleksin sayğaclaşdırılmaması, yaranan borc məbləği və sayğacın artıq yazması ilə bağlı məsələlərə aydınlıq gətirildi. Qurumun sözçüsü Anar Cəbrayıllı bildirdi ki, sadalanan problemlərin həlli istiqamətində dünən şirkətin rəhbərliyi ilə görüş də keçirilib.
Hazırda məsələ hər iki tərəfin qarşılıqlı iddiaları əsasında məhkəmə qaydasında araşdırılır. Sakinlər isə tezliklə məhkəmənin ədalətli qərar verəcəyinə və bu məsələnin birdəfəlik həll olunacağına ümid edirlər.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …