Ana səhifə / Sosial / “Azərişıq” rəsmisi şəhid anasından rüşvət istəyir-VİDEO

“Azərişıq” rəsmisi şəhid anasından rüşvət istəyir-VİDEO

Bərdədən olan şəhid Mürvət Nəsirovun anası və qardaşı çıxılmaz vəziyyətdə qalıb.

AFN xəbər verir ki, bu barədə şəhid ailəsinin üzvləri özləri məlumat veriblər. Şəhidin qardaşı Səfər Nəsirovun sözlərinə görə, M.Nəsirovun adını daşıyan “Mürvət oil” yanacaqdoldurma məntəqəsinin rəsmi sənədlərdə sahibi olan qəhrəman anası yerli məmurların ağılasığmaz, absurd tələbləri ilə qarşılaşıb. O ana ki, oğlunun qanlı köynəyi evinə gətiriləndən sonra onu əyninə geyinib 55 yaşında döyüşə yollanıb, əsl qadın qeyrəti nümayiş etdirib, çoxlarından fərqli olaraq qanlı, alovlu müharibənin içinə girib, 7 erməni öldürüb: həm oğlunun, həm Azərbaycanın qisasını alıb. Di gəl ki, məmurlar bu ailədən pul tələb edirlər.

Şəhid M.Nəsirovun adını daşıyan yanacaqdoldurma məntəqəsində (bundan sonra YDM) 20 nəfər işləyir. S.Nəsirovun sözlərinə görə, bura 20 ailənin dolanışıq yeridir: “Biz cənab prezidentin sahibkarlığa verdiyi dəstəyi hər zaman hiss etmişik. Arzu edərik ki, biz sahibkarlar daha çox iş yerləri açaq, ölkədə işsizlik azalsın. Amma bir ildir ki, mən bu obyektə öz pulumla transformator alıb işıq problemimizi həll edə bilmirəm. Bizim obyektə 800 metr məsafədə yerləşən transformator 600 kilovatlıqdır. Lakin ona əlavə böyük abunəçilər yerləşdirilib və biz işıqdan çox əziyyət çəkirik. Buna görə mən məcburam ki, yeni transformator qoydurum, elektrik gərginliyi düzgün tənzimlənsin. Mənə Bakıda texniki şərt verdilər, öz cibimdən transformator almağa hazıram. Ancaq mənə deyirlər ki, 10 işıq dirəyi, 500 metr naqil al, bu avadanlıqlar üçün 6500 manat qeyri-rəsmi ödəniş elə. Axı niyə? Mən öz vəsaitimlə həm transformator alım, həm avadanlıqlar? Belə şey harda görünüb? Mən Mehriban xanıma məktub yazdım, ordan məktub “Azərişıq”da Ziyəddin müəllimə (“Azərişıq” ASC-nin sədr müavini Ziyəddin Quliyev-red.) yönləndirildi. Ziyəddin müəllim də ordan Mingəçevirə göndərdi. Nəhayət, Üzeyir müəllim var, onun qəbulunda oldum. Dedi ki, 6500 manat versən, bu dəqiqə bütün işlər düzəlir. Bax belə, mən bir sahibkar kimi, bir ildir “zapravka”nın işıq problemini həll edə bilmirəm”.

İş adamının sözlərinə görə, 10 dirək, beton və 500 məftil alınmasına ehtiyac yoxdur: “Transformator açıq satışda olan aparatdır. Mən onu alıram, şəbəkəyə qoşulur. O işıq satır, mən də benzin satıram. Burda hər hansı qəribə iş yoxdur, nəyisə kəşf etmək lazım deyil. Elektrik enerjisi ilə təminatda qəfil yaranan gedib-gəlmə də avadanlığa bir yandan zərər vurur. Bu aparatlar çox bahalıdır, mən bu qədər xərc çəkib onları almışam, burda işçilərə maaş verirəm və vurub aparatı yandırır, zərər edirəm”.

S.Nəsirov bildirir ki, hər belə kiçik məsələlərə görə prezidentə yazmaq nə sahibkara, nə “Azərişıq” nümayəndələrinə yaraşar: “Ayıbdır axı, cənab prezident işini atıb bizim tranformator məsələsinə görə göstəriş verməlidir? “Azərişıq” nümayəndələri bu quruma ona görə təyin ediliblər ki, aidiyyatı problemləri həll etsinlər. Əgər prezident də bir obyektin işıq problemini həll edəcəksə, onda “Azərişıq” niyə saxlanır? Biz şəhid ailəsiyik. Prezidentin anama hörməti var, bəs “Azərişıq” niyə hörmətsizlik edir?”
Qəhrəman şəhidin qəhrəman anası da durumdan şikayətçidir: “Mən 55 yaşımda düşmən içinə girmişəm, evimi satıb əsgərlərə yedirtmişəm. İndi iki nəvəm əsgərlikdədir, burda 20 ailə çörək pulu evinə aparır. Bəs budur bizə qoyulan hörmət?”
Şikayətçilər bir daha ölkə rəhbərliyindən və “Azərişıq”dan məsələ ilə bağlı müvafiq göstərişlər verilməsini xahiş edirlər.

Qeyd edək ki, şəhid ailəsinin şikayəti ilə bağlı məlumatı reportyor.info saytı yayıb. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

P.S. Qeyd edək ki, prezident İlham Əliyevin 4 sentyabrda imzaladığı sərəncamla “Azərişıq” ASC-nin sədri Baba Rzayev “Azərenerji” ASC-yə sədr təyin edilib.

"Azərişıq" rəsmisi şəhid anasından rüşvət istəyir-VİDEO

"Azərişıq" rəsmisi şəhid anasından rüşvət istəyir-VİDEO

"Azərişıq" rəsmisi şəhid anasından rüşvət istəyir-VİDEO

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …