Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycanın rayonlarını zir-zibil basdı…

Azərbaycanın rayonlarını zir-zibil basdı…

Bakı şəhərində tullantıların yığılması və emalı əsasən həll olunsa da, regionlarda, xüsusən də, kəndlərdə məişət tullantıları hara gəldi atılır. Bu da sonda ölkə miqyaslı çirklənməyə, xüsusən də çayların və digər sututarların tullantılarla çirklənməsinə gətirib çıxarır. Səbəb isə budur ki, rayonlarda, kənd yerlərində məişət tullantılarının atılması üçün yerlər və ya qutular ayrılmayıb.

Buna görə də, zibillər hara gəldi – yaşayış evlərinin arasına, yol kənarına, çaylara atılır və ya həyətlərdə basdırılır.  Kəndin mənzərəsini pozan natəmizlik və pis qoxu bir yana, əhali həm də həmin tullantıların atıldığı çayların suyundan təsərrüfatda istifadə edir. Və bu problem kifayət qədər ciddi xarakter daşısa da deyəsən ona ancaq son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi diqqət yetirməyə başlayıb. İcra hakimiyyətlərini isə bu problem maraqlandırmır. Ümumiyyətlə, belə görünür ki, problemi heç gündəmə gətirib onun həlli yollarını araşdırmaq istəyənlər də yoxdur. Bu baxımdan virtualaz.org məsələni ictimai müzakirəyə çıxarmağı qərara alıb.

Bəs əslində bu zibilləri kim təmizləməlidir? Kəndlərdən zibilin toplanması prosesinə necə nəzarət olunmalıdır?

Qanunvericiliyə görə, hər rayonun icra hakimiyyəti rayonda məişət tullantılarının toplanması üçün xüsusi poliqon ayırmalı, kəndlərdə ayrılan konteynerlərdən zibillər həmin poliqona daşınmalıdır. Amma təəssüf ki, bu proses idarə olunmur, nəticədə zibil basan kəndlərin bələdiyyə orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnir. Son illər onlarla belə bələdiyyə rəsmiləri cərimələnsə də, bu problemi kökündən həll etmək üçün yetərli deyil.

 

Kəndlilər zibil atmağa yer tapmır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalovun virtualaz.org-a bildirdiyinə görə, uzun illər məişət tullantılarının idarə olunmasının problem kimi qalması maliyyə problemləri və zibillərin idarə olunmasında primitiv üsullardan istifadə ilə bağlıdır. Tullantılar əmələ gəlmə yerində yığılır, konteyner varsa ora yerləşdirilir, oradan da zibilxanalara daşınır. Əslində inkişaf etmiş ölkələrdə məişət tullantılarının 70-80 faizi təkrar emala gedir. Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda isə yalnız Bakı şəhərində tullantılar müasir, ekoloji tələblərə cavab verən texnoloji proseslərlə idarə olunur.

“ETSN tərəfindən aparılan araşdırmalar göstərir ki, kənd yerlərində əksər hallarda konteynerlərin sayı azdır, bəzən heç yoxdur. Əhali əmələ gələn  tullantıları hara gəldi atır, həyətlərində basdırır və ya yandırır, çay və dərə yataqları məişət tullantıları ilə çirkləndirilir.  Baxmayaraq ki, qanunvericilik bu sahəni əhatə edir, normativlər var, amma bu idarə olunma sistemi tam qurulmayıb. Rayonlarda poliqonların heç biri ekoloji və sanitar normalara cavab vermir, poliqon yerləri sututarlara, meşə yerlərinə yaxın, kənd təsərrüfatına yararlı torpaqlarda yaradılır. Tullantıların üstü basdırılmır, ərazilər hasarlanmır, xəbərdaredici lövhələr quraşdırılmır, nəzarət formal xarakter daşıyır. Bəzən külək bu zibilləri ətraf ərazilərə yayır. Bir çox hallarda isə, poliqonlarda kənar şəxslərə rast gəlinir. Qanunvericiliyə görə isə, tullantılar yerləşən əraziyə kənar şəxslərin girməsi qadağandır”-həmsöhbətimiz problemin doğrudan da ciddi olduğunu təsdiqləyərək deyir.

 

112 min manatlıq cərimə olunub, amma…

A. Zeynalov deyir ki, Statistika Komitəsində tullantıların uçot hesabatı ilə bağlı məlumat yox dərəcəsindədir və olan məlumatlar da bir-birini tamamlamır. Onun sözlərinə görə, nazirlik tərəfindən 2018-ci ilin 6 ayı ərzində məişət tullantıların idarə olunması ilə bağlı ümumilikdə 428 akt və protiokol tərtib olunub, hüquqi və fiziki şəxslərə qarşı 111 min 900 manat məbləğində cərimə tətbiq olunub.

Cərimələrin miqdarına gəlincə isə, bu heç də kiçik rəqəm deyil. Belə ki, tullantıların ərazilərdə yerləşdirilməsi üçün fiziki şəxslər 700-1000 manat cərimə olunur. Tullantıların konteynerdən kənara atılmasına görə 50 manat cərimə tətbiq olunur. Tullantıların yandırılması zamanı ətraf mühitə zərər vurularsa, fiziki şəxslər 500-700 manat, vəzifəli şəxslər 2000-3000 manat, hüquqi şəxslər 6500-8000 manat məbləğində cərimələnir.

 

Dəfələrlə icra hakimiyyətlərinə xəbərdarlıq olunub

A. Zeynalov deyir ki, cərimə sanksiyaları ilə yanaşı regionlarda məişət tullantılarının idarə olunması ilə bağlı dəfələrlə icra hakimiyyətlərinə, bələdiyyələrə müraciət olunub, maarifləndirmə işi aparılıb: “Səbəblərin aradan qaldırılması üçün təhlillər aparırıq. İcra hakimiyyətlərinə müraciət edirik ki, bu mexanizmi təkmilləşdirsinlər. Regionlarda ərazi şöbələrimiz zibillərin yığılması ilə bağlı iməcliklər keçirirlər. ETSN bilavasitə tullantıların idarə olunmasına cavabdeh qurum deyil. Biz nəzarəti həyata keçiririk. Öz tərəfimizdən lazım zolan hər şeyi edirik. Amma yerli qurumlar bu məsələyə daha məsuliyyətli yanaşmalıdırlar. Cərimə tətbiq olunandan sonra həmin ərazilər yenidən yoxlanılır və əksər hallarda icra yerinə yetirilir”, – nazirlik rəsmisi qeyd edir.

Problemin illərdir həll olunmaması daha çox maliyyə problemlərindən asılıdır. Müsahibimiz qeyd edir ki, poliqonların hazırlanması, izolə edilməsi, müasir tələblərə cavab verən poliqon səviyyəsinə çatdırılması külli miqdarda maliyyə tələb edir. Bu başa düşülən olsa da, digər tərəfdən isə illərdir bu vəziyyətin davam etməsi ətraf mühitin məhv olmasına gətirib çıxarır.

Məlumata görə, Naxçıvan Muxtar Respublikasında bu problemin həlli tapılıb.  Xüsusi maşınlar kəndlərdə məişət tullantılarının toplanması üçün ayrılan yerlərdən zibilləri toplayaraq xüsusi poliqona daşıyır. Digər regionlarda isə hələ ki, bu ancaq arzu olaraq qalır. Bir neçə rayonun icra hakimiyyətləri ilə əlaqə saxlayaraq kəndlərdə məişət tullantılarının necə idarə olunması ilə maraqlandıq. Məlum oldu ki, zibil problemindən icra rəsmiləri də xəbərdardır.

Gədəbəy Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Qabil Muxtarovun virtualaz.org-a bildirdiyinə görə, zibil konteynerləri yalnız rayon mərkəzində var. Kəndlərdə isə zibil ənənəvi üsullarla idarə edilir. “Gədəbəydə şəhər ərazisində və Söyüdlü kəndinə gedən yolun ətrafında zibil poliqonu var. Kommunal müəssisələr tərəfindən rayonun tullantıları yığılır və ora atılır. Kəndlərdə konteynerlər yoxdur, yalnız mərkəzi iri kəndlərdə gələcəkdə olması nəzərdə tutulub. Digər kəndlərdə isə zibili yandırmaq üsulu ilə zərərsizləşdirirlər”.

İcra rəsmisi həmçinin deyir ki, rayonun kiçik kəndlərində poliqona ehtiyac yoxdur, çünki poliqonun təmizlənməsi, saxlanılması maliyyə vəsaiti tələb edir. Orada ərazi geniş olduğundan onun yandırılması daha əlverişlidir.

Şabran rayonunda isə ümumiyyətlə, zibil poliqonu yoxdur. Rayon İcra Hakimiyyəti başçısının müavini, Natavan  Mustafayevanın virtualaz.org-a söylədiyinə görə, hazırda rayonda məişət tullantıları üçün iri regional poliqon tikilir: “Rayonda indiyə qədər zibillərin zibil konteynerləri vasitəsilə toplanması Yaşıllaşdırma və Təmizlik İdarəsi tərəfindən həyata keçirilib. Bu tullantılar bərk tutumlu konteynerlər vasitəsilə daşınır. Zibillərdən kağız tullantılar, köhnə kitablar, karton ayrılaraq çeşidlənir. Şirkətlə müqavilə bağlanıb və ayda bir dəfə toplanan kağız məmulatları Bakıya emala göndərilir. Hazırda rayonda iri regional poliqon tikilir. Hazır olandan sonra orada utilizasiya da olacaq, sexlər də fəaliyyət göstərəcək”.

Kürdəmir Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elşən Əzizov isə rayonda tullantılarla bağlı hər hansı problem olmadığını desə də, məlum oldu ki, bu rayonda da vəziyyət elə digər rayonlarda olduğu kimidir. Rayonda zibil poliqonu olsa da, kəndlərdə konteynerlər yoxdur.

 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …