Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanın “Avronest”dən çıxmaq qərarı ziyanlı heç bir perspektiv vəd etmir

Azərbaycanın “Avronest”dən çıxmaq qərarı ziyanlı heç bir perspektiv vəd etmir

“Avropa bizə qarşı əlindən gələn nə vardısa, hamısını etdi”

Fərəc Quliyev: “Azərbaycan qurumdan çıxmaqla bağlı prosedura başlayıb və düz də qərar verib”

Azərbaycan Milli Məclisinin xüsusi iclasında “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı” adlı sənəd qəbul olunub. Qərar layihəsini MM-in sədr müavini, Avropa İttifaqı Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov oxuyub.
Qərarda qeyd edilir ki, Avropa Parlementinin 2015-ci il sentyabrın 10-da qəbul etdiyi qətnamə son dərəcə təhqiramiz xarakter alıb. Siyasi hakimiyyətə şər və böhtan atılıb, tərəfdaşlıq münasibətləri sarsıdılıb, Azərbaycanı Avropadan inteqrasiyadan təcrid etməyə yönəlib.
Bildirilib ki, Avropa Parlamenti ötən il formalaşan yeni tərkibindən sonra sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana gəlməsinə qadağa qoyulub. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. Sənəddə vurğulanır ki, M.Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur.
“İndi Avropada davam edən mühacir problemi ilə yanaşı irqçilik və ksenofobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma bu həmin Avropa Məhkəməsidir ki, bir müddət əvvəl “Çıraqov qardaşları” ilə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir.
Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək. Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:
– Pozucu fəaliyyətlərə son qoyulsun
– Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəksin
– Azərbaycana qarşı konstruktiv addımlar atılsın
– Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətinin qarşısı alınsın
– Azərbaycan nümayəndə heyətinin “Avronest” Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın
-Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanskiya tətbiq olunacağı təqdirdə Avropa Parlament üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun”.
Milli Məclisin qəbul etdiyi sənəddə xüsusilə diqqət çəkən məqamlardan biri də Azərbaycanın Avronest Parlament Assambleyasındakı fəaliyyətinin dayandırılmasıdır. Bildiyimiz kimi, həmin qurumda Ermənistan da təmsil olunur.
“Avronest”lə bağlı qəbul edilən qərarın Azərbaycan üçün hansısa formada zərəri ola bilərmi?
Azərbaycanı “Avronest” Parlament Assambleyasında təmsil edən millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın qəbul etdiyi qərar tamamilə doğrudur: “Onlar bizə əllərindən gələni etdilər. Bundan artıq nə olacaq ki? Biz Avropanın bütün institutları ilə bərabərtərəfli əməkdaşlığın qurulmasında maraqlı olmuşuq. “Şərq Tərəfdaşlığı” Proqramını da dəstəklədiyimiz səbəbindən “Avronest”də qoşulmuşduq. Hətta “Avronest”in ilk iclasını da Bakıda keçirdik. Sonra gördük ki, Avropa öz məqsədlərinə çatmaq üçün “Avronest”dən bufer kimi istifadə edir. Bizim Avropa ilə əməkdaşlığımızı sübut edən iqtisadi göstəricilərə baxın. Avropa ilə aramızda olan istər idxalat, istərsə də ixracatda biz Ermənistanı qat-qat üstələyirik. Amma münsibətlərə fikir verin. Onları gözlərinin üstündə bəsləyirlər. Hesab edirəm ki, bu düzgün seçilməyən bir əməkdaşlıq növüdür. Azərbaycan qurumdan çıxmaqla bağlı prosedura başlayıb və düz də qərar verib. Avropa bizə qarşı əlindən gələn nə vardısa, hamısını etdi. Bundan sonra ehtiyat edəcəyimiz nəsə yoxdur”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın