Ana səhifə / Sosial / Azərbaycanın ən uzun tıxacının həlli yolu tapıldı: Ekspertdən maraqlı təklif – VİDEO

Azərbaycanın ən uzun tıxacının həlli yolu tapıldı: Ekspertdən maraqlı təklif – VİDEO

Yəqin ki, hər kəs Bakı-Sumqayıt yolundakı acınacaqlı və biabırçı mənzərənin şahidi olub.

Hər gün saatlarla davam edən tıxac Biləcəri enişindən başlayır, “Xırdalan dairəsi”nə qədər davam edir. Əfsuslar olsun ki, illərdir bu problem yaşansa da, həlli istiqamətində heç bir iş görülməyib. Sürücülər magistral yolun bu hissəsinə çatanda əsəb və stress içində olurlar. Çünki ucu-bucağı görünməyən tıxacı minimum 20-25 dəqiqəyə keçəcəklərini yaxşı bilirlər. Bəzən bu müddət daha uzun çəkə bilər. Əsasən axşam saat 18:00-dan başlayan tıxac, 20:00-a qədər davam edir.

Budəfəki müşahidələrimiz bir daha göstərdi ki, artıq aidiyyatı qurumlar Bakı-Sumqayıt yolunun bu vəziyyəti ilə barışıblar. Yəni, yoldakı “tıxac xaosu”nun aradan qaldırılması üçün hər hansı alternativ tədbirə əl atmırlar.

Sürücülər tıxacın yaranma səbəblərini “Ekologiya postu”nun yaxınlığındakı yerüstü piyada keçidinin və “Xırdalan dairəsi”ndəki tunelin yolu daraltması ilə əlaqələndirirlər.

Bundan əlavə, müşahidəmiz zamanı yerüstü piyada keçidinin yaxınlığındakı “Rahat” market və “Lukoil” yanacaqdoldurma məntəqəsinin də bu tıxacın yaranmasında rol oynadığı da gördük.

Bəs görəsən, bu problemin aradan qaldırılması üçün hansı addımlar atıla bilər?

Məsələ ilə bağlı Musavat.com-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov problemin həlli istiqamətində mühüm təkliflər səsləndirdi: “Bakı-Sumqayıt yolunda problem məhz yerüstü keçidin olduğu nöqtədən başlayır və hər iki istiqamətdə tıxacın yaranmasına səbəb olur. Şəhərə tərəf gələndə Avtovağzalın ətrafında, şəhərdən çıxış istiqamətində isə “Xırdalan dairəsi” yaxınlığında yol daralır. Ona görə də belə vəziyyət müşahidə olunur.

Həlli yollarına gəlincə, ilk növbədə yaxşı olar ki, o daralma nöqtələrindəki səbəblər aradan qaldırılsın və yol həmin hissədə genişləndirilsin. Ancaq yolu genişləndirmək həm “Xırdalan dairəsi”, həm də oradakı tunel sökülüb yenidən tikilməlidir. Bu isə külli miqdarda vəsait deməkdir. Ancaq indiki vəziyyət üçün dairənin yaxınlığında nəqliyyatın hərəkətinə kanallaşma verilməlidir. Bu halda zəruri istiqamətdə axın daha sürətlənə bilər. Şəhərə tərəf gələndə isə “Avtovağzal”a çatmamış, həmçinin “Şamaxinka”da hərəkətin darlaşması aradan qaldırılmalıdır. Şəhərdaxili küçələrdə hərəkətin paylaşması həyata keçirilməlidir. Bu mənada Alatavaya gedən “ 20 Yanvar” küçəsini və Dadaş Bünyadzadə küçəsini genişləndirmək olar. Bundan başqa, dairənin üstündən Xırdalana tərəf gedən yolu, Binəqədiyə tərəf gedən yolu kanallaşdırmaq olar ki, sıxlıq bir qədər azalsın, tez sovrulsun”.

Ekspertin fikrincə, digər vacib məsələ Sumqayıtdan Bakıya gələn ictimai nəqliyyatın xidməti yüksək səviyyəyə çatdırılmasıdır ki, şəxsi avtomobillərdən istifadə azalsın: “Bu zaman Sumqayıtdan gələn vətəndaşlar daha çox ictimai nəqliyyatdan istifadə etməyə meyl edəcəklər və yollarda şəxsi nəqliyyat vasitələrinin sıxlığı azalacaq. Sumqayıtdan təkcə “Avtovağzal”a yox Bakının bir neçə nöqtəsinə marşrut açmaq olar. Məsələn, “20 Yanvar”, “Nizami” və ““Koroğlu” metrostansiyalarına… Bir də şəhərə şimal tərəfdən ikinci bir giriş açmaq olar, məsələn Binəqədi yolunu bir qədər də yaxşılaşdırmaq olar. Biləcəri qəsəbəsinin ara küçələrindən bəzilərini genişləndirməklə, yolun konfiqurasiyalarını yaxşılaşdırmaqla Bakı-Sumqayıt yolunun nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azalatmaq olar. Elə etmək lazımdır ki, nəqliyyat vasitələri çox zolaqla gəlib dar yerlərdə toqquşmasınlar, “butulka ağzı” effekti azalsın. Bu istiqamətdə çalışmaq lazımdır”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …