Ana səhifə / Sosial / Azərbaycanda yoluxma niyə artır? – ŞƏRH

Azərbaycanda yoluxma niyə artır? – ŞƏRH

Son günlər koronavirusa yoluxmada artım müşahidə edilir. İyun ayında ikirəqəmliyə düşən yoluxma hazırda 200-ü keçib. Belə ki, ötən gün ölkədə koronavirusa 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb. 17 iyul 2021-ci il tarixində 213 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 nəfər vəfat edib. 2 152 nəfər aktiv xəstə sayını təşkil edib.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 319, bu günə qədər isə ümumilikdə 3 914 819 test icra olunub.

Statistikadan da yoluxmanın da, test sayının da çoxaldığını görürük. Test sayı artdıqca yoluxmada da artım qeydə alınır. Yoluxmadakı artımın karantinin yenidən sərtləşdirilməsi ehtimalını gündəmə gətirib. Maraqlıdır ki, test və yoluxma sayı hansı nisbətdə olmalıdır ki, yenidən sərt karantinə gedilsin?

Qeyd edək ki, 13 dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi və həmin zaman ölkədə sərt karantin elan edilmişdi.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov deyib ki, testlə yoluxmanın arasında uyğunsuzluq ola bilər:

“Son dövrlər əhali arasında koronavirusa yoluxma halları müşahidə olunur. Həm Operativ Qərargahın verdiyi statistik məlumatlar, həm də həkimlərə müraciət edən xəstələrin sayı ilə bunu müəyyənləşdirmək olur. Təbii ki, yoluxma artmağa başladıqca testin də miqdarı artmağa başlayacaq. Amma testlə yoluxmanın sayı arasında uyğunsuzluq ola bilər. İnsan var, testdən keçir, amma yoluxma halı aşkarlanmır, amma testin keçirilməsi qeydiyyata salınır. Ona görə də testlə yoluxma arasında uyğunsuzluq gözləniləndir. Və karantin test sayından asılı deyil. Əslində, normalda da testin miqdarı yoluxmanın miqdarından çox olmalıdır. Çünki insanı yoxlamaq, qabaqcadan müayinə etmək lazımdır”.

O deyib ki, sərt karantin yoluxmanın kütləvi şəkildə artması fonunda elan edilə bilər:

“O ki qaldı karantin tədbirlərini olub-olmayacağına, burada konkret rəqəm yoxdur. Sadəcə əhalinin çox böyük hissəsində, kütləvi şəkildə yoluxma artsa, müəyyən sahələr “blokada”ya alınır. Əhali arasında yoxlanış üçün müraciət edənlərin də sayı çox olanda qəti, məhdudlaşdırıcı tədbirlərə getmək lazım gəlir. Yayılmanın artma səbəbi insanlarımızın maska məsələsində bir qədər boşluğa yol verməsidır. Nə qədər şəxs vaksinasiya olunursa, bu, onların maskanı atmasına əsas vermir. Hətta bütün dünyada, Azərbaycanın özündə də bu virus yox olub getdikdən sonra belə heç olmasa 6 ay müddətində maska taxılmalıdır. Çünki tam əmin olmalıyıq ki, virus təhlükəsi qalmayıb”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …