Ana səhifə / Sosial / Azərbaycanda siqareti bahalaşdıran kimlərdir?

Azərbaycanda siqareti bahalaşdıran kimlərdir?

Azərbaycanda siqaretlərin qiymətində növbəti artım qeydə alınıb. Aprelin 3-dən əksər mağaza və marketlərdə bir qutu siqaretin qiymətində 10 qəpik, bəzi siqaretlərdə isə 20 qəpik bahalaşma olub.

Son illərdə Azərbaycanda siqaretin qiymətinin bahalaşması əsasən onlara tətbiq olunan aksiz dərəcələrinin artırılması ilə bağlı olur. Ötən il Ukrayna müharibəsinin təsiri ilə qlobal ticarət zəncirində yaranan problemlərə, xammal bazarlarındakı bahalaşmaya görə tütün və ondan hazırlanan siqaretlərin qiymətində müəyyən bahalaşma qeydə alınıb. Bəzi mənbələr istər pandemiya, istərsə də postpandemiya dövründə tütün xammalını ölkəyə gətirən logistik şirkətlərin tariflərinin 50-70 faiz bahalaşdığını iddia edirlər. Lakin nəzərə alsaq ki, 2022-ci ilin ortalarından qlobal bazarlarda qiymət sabitləşməsi, ardınca isə ucuzlaşma başlayıb, 2023-cü ilin ilk 2 ayında bütün növ xammallar üzrə qiymətlər 2021-ci il səviyyəsindən də aşağı enib, onda bu amilin indiki qiymət bahalaşmasında hansısa rol oynamadığını rahatlıqla deyə bilərik.

Qeyd edək ki, son onillikdə bütün dünyada siqaretin, tütünün insan orqanizminə mənfi təsiri nəzərə alınmaqla Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altında bu məhsullara qarşı geniş antireklam kampaniyası aparılır. Bütün dünyada ictimai yerlərdə siqaret çəkmək qadağan olunur, tütün məmulatlarına tətbiq olunan aksizlərin sürətli artımı baş verir. Bu, siqaret və digər tütün məmulatlarının qiymətini bahalaşdırmaqla, insanları onların istehlakından çəkindirir. Belə tədbirlər ABŞ, Kanada, Şimali Avropada siqaret istehlakının kəskin azalmasına gətirib çıxarıb. Cari ildən Avropa İttifaqında siqaret üzrə minimum aksiz məbləğini ikiqat artırmaqla 3,6 avroya çatdırır. Bu, Avropa İttifaqının aksiz gəlirlərini 9,3 milyard avro artırmağa imkan verəcək. Hazırda 60 ölkə ÜST-nin 2010-2025-ci illərdə tütün istehlakını 30 faiz azaltmaq hədəfinə nail olmaq üzrədir. Bu hədəfdən ən uzaq ölkələr Çin, Cənub-Şərqi Asiya, Sakit Okean regionu, Pakistan, Hindistan və bir neçə MDB ölkələridir.

Azərbaycanda siqaret istehlakında azalma müşahidə olunmur. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 31.6 faizi, yəni təxminən hər üç kişidən biri siqaret çəkir. Ən yüksək göstərici isə 45-64 yaş arası kişilərdədir. Bu yaş qrupundakı kişilərin demək olar ki, yarısı siqaret istifadəçisidir. 20-44 yaş arasındakı kişilərin 26 faizi, 65 yaşdan yuxarı kişilərinsə 33 faizi siqaret çəkir.

Azərbaycanda siqaret istehlakı yerli istehsalçıların sayı artdıqca daha da artır. Bunu bir sıra rəqəmlərdən aydın görmək olur. Belə ki, ölkədə yeganə istehsalçının olduğu 2019-cu ildə siqaret istehsalı 9 milyard 528,8 milyon ədəd olubsa, 2021-ci ildə bu göstərici 15 milyard 302 milyon ədədə yüksəlib. İstehsalın artımı ilə idxalın azalması da sürətlənib. Belə ki, 2019-cu ildə siqaret idxalı 4 milyard 274,46 milyon ədəd təşkil edib, ixrac isə 183,86 milyon ədəd olub. 2021-ci ildə  722,09 milyon ədəd tərkibində tütün olan siqaret idxal edilib, cəmi 316,31 milyon ədəd isə ixrac olunub. Bu o deməkdir ki, 2021-ci ildə Azərbaycanda siqaret istehlakı 15,7 milyard ədəd təşkil edib. Nəzərə alsaq ki, 2015-ci ildə istehlak 8 milyard ədəd idi, onda 6 ildə istehlakın ikiqat artdığını söyləyə bilərik. Bu isə o deməkdir ki, Azərbaycanda siqaretə tətbiq olunan aksizlərin durmadan artırılması, ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi kimi tədbirlər bu zərərli vərdişin sahiblərinin sayını nəinki azaltmayıb, əksinə, artırıb. Beləliklə, Azərbaycan ÜST-nin tütün istehlakının 30 faiz azaldılması hədəfinə doğru deyil, əksinə hərəkət edib. Bunun əsas səbəbi isə ölkədə siqaret istehsalının çiçəklənməsi, inhisarlaşmasıdır. Nəticə kifayət qədər faciəvidir: 6 il əvvəl 8 milyardlıq istehlak vardı, bunun  90 faizi xaricdən idxal hesabına təmin olunurdu, indi idxal 16 milyarda yaxın istehlakın heç 5 faizinə də çatmır.

2019-cu ildə Sumqayıtda “Tabaterra” siqaret istehsalı müəssisəsinin fəaliyyətə başlamasını müəssisə sahibləri ixracın artırılması məqsədilə izah edirdilər. Gurultulu şəkildə bir neçə milyardlıq ixrac hədəfindən bəhs olunurdu. Lakin 2019-cu ildə 183,86 milyon ədəd olan ümumi siqaret ixracı 2022-ci ildə 633,72 milyon ədədə güclə çatıb. Bu dövrdə idxalda azalma 4 milyard 274,46 milyon ədəddən 213,24 milyon ədədə qədər olub. Yəni ixracın artımı 3 dəfədən bir qədər çox, amma idxalda azalma 20 dəfədən çoxdur. İstehlakın sürətli artımını da bura əlavə etsək, yerli siqaret istehsalçılarının heç də ixraca hədəflənmədiklərini, daxili bazarı inhisara almaq məqsədi güddüklərini rahatlıqla demək olar.

2022-ci ildə Azərbaycana siqaret idxalı dəyər ifadəsində 2021-ci illə müqayisədə 3,7 dəfə azalmaqla 3 milyon 965 min dollar təşkil edib. Ötən il Azərbaycandan xaricə  633.72 milyon ədəd, yaxud 4 milyon 766.7 min dollar dəyərində siqaret satılıb.

Hökumət yerli istehsalın mənafeyini çox uğurla “müdafiə etməyə” nail olub. Ölkə daxilində siqaretlərin qiymətini fiskal siyasətindəki tətbiq etdiyi əlavə rüsumlarla bahalaşdırıb. Əhalinin böyük əksəriyyətini yerli istehsala yönəldib. Bunun nəticəsində də 2021-c ildə 677.94 milyon manatlıq istehsal həcmi artaraq 768.93 milyon manata yüksəlib. Ölkə ərazisində 13 milyard 299 milyon ədəd siqaret, 276.97 ton həcmində tütün istehsal edilib.

2022-ci ildə Azərbaycandan siqaret əsasən Qırğızıstan, Gürcüstan və Çinə ixrac olunub. Qırğızıstan ölkənin ümumi ixracının 53 faizini, yaxud 333 milyon ədəd siqaret alaraq, 2 milyon 535.8 min dollar ödəyib. Bundan əlavə, 112.78 milyon ədəd siqaret  (623.7 min dollar) Omana, 52.8 milyon ədəd Gürcüstana (492.4 min dollar), 31.77 milyon ədəd (188.2 min dollar) Çinə ixrac edilib.

Azərbaycan ixrac etdiyi 1 milyon ədəd siqareti 2021-ci ildə 5617.8 dollara şatırdırsa, 2022-ci ildə bu göstərici 7 521.8 dollara çatıb.

Siqaretin qiymətindəki son bahalaşmanın iqtisadi əsası varmı? Bu suala rahatlıqla cavab vermək olar ki, xeyr. Bu ildən Rusiya, Avropa İttifaqı və digər ölkələrdə siqaretin aksiz dərəcələri artırılır. Bu artım onun istehsal olunduğu xammalın qiymətinin azalması üçün əsas yaradır. Yəni aksizlərin artımı satışların azalması deməkdir və bu da xammala tələbatın azalmasına, con nəticədə qiymətlərin düşməsinə gətirib çıxaracaq amildir. Bu baxımdan, hansısa istehsalçının xammal bahalaşıb deməsi üçün hər hansı əsas yoxdur.

Bu ilin fevralında Prezident İlham Əliyev “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə 6 ay müddətində tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi; tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi; qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi; İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi sahəsində təkliflərini hazırlayıb Prezidentə təqdim etmək tapşırılıq. Eyni zamanda İqtisadiyyat Nazirliyinə altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etmək həvalə olunur.

Belə görünür ki, hökumət Prezidentin aksizlərin artırılmasına dair tapşırığının icrası istiqamətində addımlar atmağa başlayır. İstehsalçılar  isə bu addımlardan əvvəlcədən xəbər tutmaqla, ona “hazırlaşırlar”.

Siqaret istehsalında yerli xammaldan istifadənin artırılması üçün 2017-ci ildə dövlət proqramı da qəbul olunub. Proqramda 2021-ci ilədək tütün istehsalının 11 min tona çatdırılması nəzərdə tutulurdu. Lakin 2021-ci ildə ölkədə 6417 ton tütün istehsal olunub. 2022-ci ildə istehsal 21 faiz azalmaqla 5,1 min ton təşkil edib. Yəni hökumətin qəbul etdiyi proqramda nəzərdə tutulan hədəfin yarısına belə nail olunmayıb.

Yeri gəlmişkən, aksizlərin artırılması qaçaqmal siqaret idxalına rəvac verib. Son illərdə açıqlanan çoxsaylı yaxalanma faktlarına rəğmən, ölkəyə gömrükdən yayınmaqla siqaret idxalının azaldığını söyləmək mümkün deyil. Çünki yenə də çoxsaylı nöqtələrdə aksizsiz siqaret satışı davam edir. Bu satış əksər hallarda açıq şəkildə həyata keçirilir.

“Yeni Sabah”

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …