Ana səhifə / Sosial / Azərbaycanda ödənişli yol çəkilir: Şərtlər necə olacaq? – ŞƏRH

Azərbaycanda ödənişli yol çəkilir: Şərtlər necə olacaq? – ŞƏRH

Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisidir: “Bu yol Bakı – Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir. Bu yol 4 cərgəli, 1-ci dərəcəli geniş yol olacaq. Gələcəkdə bu yoldan istifadə Azərbaycanda ilk dəfə ödənişli yol kimi nəzərdə tutulur. Artıq yolun tikintisinə başlanıldığını bildirib və əlavə edib ki, 2020-ci ilin əvvəlinə tikintisinin başa çatdırılması gözlənilir”.

Qeyd edək ki, bu yol “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

Bəs, ödənişli yollarla bağlı qanunvericilikdə nə nəzərdə tutulub? Bunun üçün hansı şərtlər var?

Musavat.com-un suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, ödənişli yolların müəyyən edilməsi üçün əvvəlcə bir çox şərtlər təmin olunmalıdır: “Bizdə “Avtomobil yolları haqqında” qanun var. Həmin qanunda konkret olaraq nəzərdə tutulub ki, Azərbaycanda ödənişli yollar da ola bilər. Həm dövlətin, həm bələdiyyələrin, həm də özəl qurumların ödənişli yolları ola bilər. Ancaq orada müəyyən şərtlər var ki, onlara mütləq əməl olunmalıdır. Şərtlərdən biri odur ki, ödənişli yolların və ya hər hansı ödənişli yol qurğularının, körpü və tunellərin həmin istiqamət üçün mütləq ödənişsiz alternativi olmalıdır. Əgər hansısa istiqamətdə yalnız bir dənə yol varsa, o heç vaxt ödənişli ola bilməz. Alternativ yol da bütün normativlərə, təhlükəsizlik tələblərinə uyğun, rahat yol olmalıdır. Sadəcə əsas fərq odur ki, pullu yol adətən daha qısa olur”.

Ekspertin fikrincə, ödənişin məbləğini və yolun məhz hansı hissəsinin ödənişli olacağını hökumət müəyyən edəcək:“Ödənişin məbləği isə çox olmamalıdır, sadə insanlar üçün də əlçatan olmalıdır. Məbləği hökumət müəyyən etməlidir. Bu zaman iki əsas meyarı diqqətdə saxlamalıdır ki, ödəniş yüksək məbləğdə müəyyən olunsa, sürücülər ondan qaçacaqlar, maraq azalacaq. Sürücülər alternativ yoldan istifadəyə üstünlük verəcəklər. İkinci meyar isə odur ki, pullu yol əlçatan olmalıdır ki, ondan istifadə edənlərin də sayı çox olsun. Bəzi dövlətlərdə avtomobillərin tipinə görə də, ödəniş fərqlənir, ağırtonajlı avtomobillərdən nisbətən çox pul tələb olunur. Ancaq M-1 indeksinə baxanda da aydın olur ki, bu beynəlxalq əhəmiyyətli yoldur. Sadəcə Azərbaycanın daxili yolu deyil. Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir. Hazırda da Bakı-Quba-Rusiya dövlət sərhədi yolu var. Həmin yolu öz vətəndaşlarımız daha çox istifadə edir. Lakin beynəlxalq yükdaşımalarda hərəkət edən nəqliyyat vasitələri var, İrandan-Rusiyaya, Rusiyadan İrana, O cümlədən Türkiyə istiqamətindən gəlib hazırki yoldan istifadə edənlər var idi. Yəqin ki, həmin nəqliyyat vasitələri yeni yoldan istifadə edəcəklər. Bunu isə gələcək göstərəcək”.

Musavat.com-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də vurğuladı ki, söhbət hazırda mövcud olan yola paralel olan yeni yolun çəkilişindən gedir: “Bu alternativ yol Bakı – Rusiya sərhədinin 45-cü kilometrliyində yerləşən Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir. Bu yolun ümumi uzunluğu 157 kilometr olacaq. Yeni hissəsinin çəkilişi Qəndob qəsəbəsinə kimi 97 kilometr təşkil edəcək və 60 kilometrlik sərhəddə qədər olan hissədə isə tikinti işləri bir neçə il əvvəl başlamışdı və hazırda gedir. Bu iki yol birləşdirilərək, ümumilikdə 157 kilometrlik yeni alternativ yol olacaq. Bu yol hazırki alternativ yoldan daha sürətli olacaq. Həmçinin hazırki yolda, Qəndoba qədər beton yoldur, ondan sonra ya Quba , ya da Xaçmaz istiqamətindən gedib sərhəddə çıxmaq mümkündür. Bu da müəyyən qədər vaxt tələb edir. Ödənişli yol vaxta qənaət baxımından da üstün olacaq. Ödənişli yol o deməkdir ki, həm sürət , həm də vaxt baxımından digər yoldan daha sərfəlidir”.

A.Nəcəflinin sözlərinə görə, tariflərin necə olacağı, 2020-ci ildə bu yolun tikintisi başa çatdıqdan sonra müəyyən ediləcək: “Bizdə hələ ki, ödənişli yol təcrübəsi yoxdur. Digər xarici ölkələrin təcrübəsini öyrənərək, bizdəki yerli duruma uyğun qaydalar tətbiq olunacaq. Tarifləri isə tarif Şurası tərəfindən müəyyən olunacaq”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …