Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanda mənzil problemini Avropadakı ipoteka şərtləri ilə həll etmək mümkündür

Azərbaycanda mənzil problemini Avropadakı ipoteka şərtləri ilə həll etmək mümkündür

Azərbaycanda yaşayış yeri probleminin həlli üçün İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) xəttilə ipoteka kreditləşməsi əhali arasında getdikcə böyük populyarlıq qazanır.

ARİKZF-in xətti ilə 01.01.2018-ci ildən 30.11.2018-ci il tarixinədək müvəkkil banklar tərəfindən 241,7 mln manat həcmində 3.528 (adi kreditlər – 2.428 kredit üzrə 172,46 mln. manat, güzəştli kreditlər – 1.100 kredit üzrə 69,24 mln.manat) ipoteka krediti verilib. Ondan əvvəlki ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 69 mln.manat və ya 40% artıb. Belə ki, ötən ilin anoloji dövründə 172,7 mln. manat həcmində 2.687 kredit rəsmiləşdirilib.

ARİKZF-in xətti ilə verilmiş kreditlərin analizi ipoteka kreditlərini alanların əsasən gənc ailələr olduğu barədə formalaşmış təsəvvürləri təkzib edir. Evli borcalanlar arasında paylanan vəsait demək olar ki, ümumi məbləğin yarısını (51,6%) təşkil edir. Borcalanların digər yarısı isə təkcə valideynlərindən ayrı yaşayanlar deyil, həm də müstəqil yaşamağa üstünlük verən şəxslərdir (48,4%).

Lakin yeni əldə edilən mənzillərin sahiblərinin əksəriyyəti kişilərdir. İpoteka yolu ilə əldə edilən ümumi mənzillərin 82,9%-i kişilərin payına düşür. Burada qadınların payı cəmi 7,1% təşkil edir. Yeri gəlmişkən, gənclər maliyyə əsarətinə düşməkdən qorxmurlar və özlərinə əmindirlər. Məhz onlar – 18 yaşdan 29 yaşadək olanlar kreditə təlabatı olan əsas kütləyə daxildir və 35,5%-i təşkil edirlər.

Gənclərin istehlak kreditlərinin əsas alıcıları olduğunu nəzərə alsaq, bir-iki otaqlı mənzillərə təlabatın böyük olması təəccüblü deyil.

İpoteka kreditləri hesabına əsasən ümumi sahəsi 41-60 (32%) və 61-80 (30%) kvadratmetr olan mənzillər alınıb.

Yeri gəlmişkən, gənclər mənzilləri Bakının ətrafında deyil, mərkəzi rayonlarında, o cümlədən Xətai (əldə edilən mənzillərin 24,3%-i ) və Yasamal rayonlarında (16,8%) almağa üstünlük verirlər.

Amma heç də bütün Azərbaycan vətəndaşları ipoteka krediti hesabına mənzil almağa can atmır. Çünki çoxu bu yükün altına girməkdən ehtiyat edir. Statistikaya görə, ipoteka kreditləri alanların 50%-i aylıq gəlirləri 1101 manatdan yuxarı olanlardır.

Təsadüfi deyil ki, misal üçün ARİKZF xətti ilə 92 min manat həcmində illik 7% ödəməklə 24 illiyə ipoteka krediti alanlar hər ay 660 manat, həyat sığortası üçün də 90 manat ödəməlidirlər. Bu isə ümumilikdə aylıq 750 manat deməkdir. Nəzərə alsaq ki, Azərbaycanda orta aylıq əməkhaqqı 540 manatdır və maliyyə əsarəti də əsrin dörddə biri ərzində davam edəcək, bu, kifayət qədər böyük məbləğdir.

İpoteka krediti müddətinin sonunda ödənişlərin məbləği 216 min manat təşkil edəcək ki, bu da alınan məbləğdən 2,3 dəfə çoxdur. Bir çox vətəndaşların bu şərtlərlə ipoteka kreditlərinə girişməsinin başlıca səbəbi budur ki, sözügedən rayonlarda üçotaqlı mənzillərin kirayəsi demək olar ipoteka kreditinin ödəniş məbləği ilə eynidir. İnsanlar isə təbii olaraq öz komfortlu mənzillərində indi yaşamaq istəyirlər, qocalandan sonra deyil.

Lakin demək lazımdır ki, Finlandiya, İsveçrə, Almaniya, Çexiya, Slovakiya kimi bir çox ölkələrdə vətəndaşların ipoteka kreditləri ilə bağlı maliyyə asılılığı nisbətən azdır, yəni illik 2% həcmində. Bununla əlaqədar olaraq, niyə bizim ölkəmizdə ARİKZF xətti ilə verilən adi kreditlərin illik faizi 4%, güzəştli kreditlər isə inkişaf etmiş digər ölkələrdə olduğu kimi 2% səviyyəsində olmasın?!

ARİKZF xətti ilə verilən ipoteka kreditlərinin maksimal məbləği 150 min manat, ödəniş müddəti isə 25 ildir. Burada ilkin ödəniş 15%-dir, ödəniləcək əlavə illik faiz isə 8%-ə qədərdir.

Güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ 100 000 manatadəkdir. O, 30 il müddətinə verilir, ilkin ödəniş 10%, illik faiz isə 4% -ə qədərdir.

Qeyd edək ki, əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə 2006-cı ildən etibarən ölkədə ipoteka kreditləri sistemi formalaşdırılıb. Bu sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan İpoteka Fondu (2006-cı ilin martından 2017-ci ilin 25 oktyabrınadək, daha sonra Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu adlandırılıb-red.) yaradılıb. Fəaliyyətə başladığı 2006-cı ildən etibarən əhalinin mənzil təminatı sahəsində dövlətin yürütdüyü sosial siyasətin həyata keçirilməsində Fondun mühüm rolu olub. Qeyd olunan müddət ərzində Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,215 mlrd. manata, ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25, 201 nəfərə çatıb.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …