Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanda kişilər üçün sığınacaq niyə yoxdur?

Azərbaycanda kişilər üçün sığınacaq niyə yoxdur?

Bir neçə gün öncə, daha dəqiq desək, noyabrın 25-də bütün dünyada və eləcə də Azərbaycanda Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü qeyd olundu. Bu münasibət ilə ölkəmizdə kifayət qədər tədbirlər təşkil edildi, müzakirələr aparıldı. Həmin tədbirlər davam etdirilir.

Məlumdur ki, dünyanın həm inkişaf etmiş, həm də yoxsul ölkələrində qadınların döyülməsi, zorakılıqlar göstərilməsi, alınıb-satılması, zorlanması və öldürülməsi halları baş verir. Bu insan hüquqları pozuntuları yalnız fərdlərə ziyan vurmur, bütövlükdə cəmiyyətin inkişafını, sülhü və təhlükəsizliyi sarsıdır.

Ölkəmizdə qadın zorakılığına qarşı mütəmadi maarifləndirici tədbirlər, proqramlar həyata keçirilsə də, hər keçən gün qadınlara qarşı zorakılığın artdığının şahidi oluruq. Bunu həm statistikadan, həm də mediada yayılan informasiyalardan görmək olur.

Ekspertlərə görə, qadınlara qarşı zorakılıq faktları artdıqca, zamanla cəmiyyətdə kişilərə qarşı da aqressiyanın artdığının şahidi olacağıq. Çünki bu bir faktdır ki, bəzi hallarda fiziki zorakılığa məruz qalan qadınlar özünü müdafiə etmək üçün qarşısındakı kişiyə xəsarət yetirir, bəzən də onun qatilinə çevrilir. Məhz bu faktlara görə qadın həbsxanasında kifayət qədər qadınlar məhkumluq həyatı yaşayır.

Bəs ölkəmizdə kişilər əsasən nə zaman zorakılığa məruz qalır?

Ekspertlər güclü cinsin nümayəndələrinə qarşı baş verən məişət zorakılığında daha çox kişinin ailə vəzifələrini yerinə yetirməməsi, evə qazanc gətirməməsi, qayınana və qayınatanın ailə şəraitinə tez-tez müdaxilə etməsi, eləcə də sözügedən tərəflərin yola getməməsini və s. səbəb göstərir. Bütün bunlar fonunda zorakılıq yaranır və boşanma ilə nəticələnir. Bəzən isə özünü idarə edə bilməyən yaşlı kişi həyat yoldaşı, hətta nəvəsi tərəfindən də fiziki zorakılığa məruz qalır.

Təbii ki, zorakılıq təkcə fiziki deyil, həm də psixolojidir. Araşdırmalar göstərir ki, xanımı tərəfindən zorakılığa məruz qalmış kişilər uşaqlıqda psixoloji problem yaşayan insanlardır. Xüsusən də Azərbaycan mentalitetində kişilər hər zaman öz hisslərini, duyğu və ağrılarını gizlətməyə çalışırlar.

Bəs Azərbaycanda kişi sığınacağı niyə yoxdur? Ümumiyyətlə, bu cür sığınacağın açılmasına ehtiyac varmı?

Dünya ölkələrinin əksəriyyətində artıq uzun illərdir ki, kişi sığınacaqları fəaliyyət göstərir. İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi orientasiyasına görə təzyiqə məruz qalan kişilər bu sığınacaqlara sığına bilir. Türkiyədə də zorakılıqla üzləşmiş kişilər üçün xüsusi sığınacaqların fəaliyyət göstərdiyinin şahidi ola bilərik. Qardaş ölkədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan  ev “zərərçəkənin cinsi olmaz” şüarını deviz seçib. Evdə eyni vaxtda 40-50 kişi sığınacaq tapa bilir. İldə isə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri oranın uzunmüddətli qonağına çevrilir.

Azərbaycanda isə kişi sığınacağı yoxdur. Məlum məsələdir ki, mentalitetimizdə kişi dedikdə gözümüzün qarşısında güclü cinsin nümayəndəsi canlanır. Ona görə Azərbaycanda bu mental dəyərlərə görə qəbul edilə bilmir. O səbəbə çox güman ki, Azərbaycanda da bu cür sığınacaq yaradılsa belə, Azərbaycan kişisinin ora müraciət edəcəyi mümkünsüz görünür.

Novella Cəfəroğlu: "Vəsiyyətim var, oğlum çap edəcək..." -

Novella Cəfəroğlu 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, ölkəmizdə kişi sığınacağının açılmasına ehtiyac yoxdur: “Hesab edirəm ki, kişi sığınacağı yaratmaq lazım deyil, çünki aqressiyanı elə kişilər törədir. Sadəcə, ailələrdə artıq müəyyən ənənələri dəyişmək lazımdır, hansı ki, artıq dəyişilir. Məsələn, şahidi oluruq ki, artıq kişilər sosial şəbəkələrdə öz qız övladlarının fotolarının sevə-sevə paylaşır, çox şükür edirlər ki, onların da qız övladları var. Halbuki əvvəllər gənc atalar həmişə oğlan övladlarının olmasını arzulayırdı və övladları oğlan olanda daha çox sevinirdilər. İndi elə etmək lazımdır ki, ailələrdə qız övladlarına olan sevgi qorunub saxlanılsın, qızlara qarşı ayrı-seçkilik olmasın.

Nənəm həmişə anama deyərdi ki, “çalış daha çox qızlara təhsil, sənət ver, çünki  oğlan daş da daşıya bilər, amma qızlar kiminsə qarşısında küçə süpürə bilməz”. Ona görə də aşılamaq lazımdır ki, ailələrdə ən birinci qızlara təhsil verilsin. Qızlar təhsilli olanda özünə güvəni, inamı artır, özünü müdafiə edir, hüquqlarını yaxşı bilir, gələcəkdə övladlarının da savadlı yetişməsinə çalışır.

Bir məsələni də qeyd etmək istəyirəm, artıq qadınlarımız öz hüquqlarını daha yaxşı bilməyə başlayıb. Məsələn, əvvəllər qadınlar ərləri tərəfindən döyüləndə polisə müraciət etmirdi, amma indi müraciət edirlər. Bununla belə qadınlara qarşı zorakılıq daha da artmağa başlayıb. Bu o deməkdir ki, qərar qəbul etməkdə qadınların rolunun artırmaq lazımdır. Beləliklə, kişi sığınacağı haqda düşünmək lazım deyil, əksinə, qadın sığınacaqlarının sayını artırmaq lazımdır”.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …