Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Azərbaycanda kirayələrin bahalaşmasına qadağa gəlir?

Azərbaycanda kirayələrin bahalaşmasına qadağa gəlir?

Türkiyədə ev sahibləri tərəfindən əmlaklara qoyulan hədsiz qiymət artımı milyonlarla kirayəçiyə ziyan vurub. 

Bu vəziyyətin həllini tapmaq üçün Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi hərəkətə keçərək və kirayə qiymətlərinə 25 faiz məhdudiyyət qoyub. Türkiyə Böyük Millət Məclisinin ümumi yığıncağında 2022-ci ilin iyun ayında mənzil kirayəsinin bir əvvəlki ilin qiymətinin 25 faizi keçməməsi ilə bağlı tənzimləmə qəbul edilib. Bugünlərdə isə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum kirayə evlərin qiymət artımları ilə bağlı açıqlamasında bu tənzimləmənin uzadılacağını bildirib. Mənzil kirayəsi artımını məhdudlaşdıran tənzimləmənin 2023-cü ilin 7-ci ayına qədər qüvvədə olduğunu xatırladan nazir 7-ci aydan sonra müddəti uzadacaqlarını deyib. Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlak sahibi evini kirayə verdikdə istədiyi qiyməti tətbiq edir. Yəni bununla bağlı hansısa tənzimləmə yoxdur. Hətta evi kirayə verdikdən bir müddət sonra mənzilin qiymətini istədiyi qədər artırır. Nəticədə isə kirayədə qalan vətəndaşlar problemlə üzləşir, daha ucuz qiymətə ev axtarmalı olurlar.

Əgər bu qədər problemlər yaranırsa, niyə kirayə evlərin qiymətləri ilə bağlı məhdudiyyət tətbir edilmir?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, vətəndaşın əmlakı toxunulmazdır və əmlak sahibi istəsə, ös əmlakını pulsuz, istəsə də pul müqavilində kirayə verə bilər:

“Yəni hazırda kirayə ilə bağlı əmlak sahibi qiyməti özü müəyyənləşdirir. Bizdə kirayə qiymətləri əmlakın dəyərinin 0,5 faizi ilə ölçülür. Məsələn, evin satış qiyməti 100 min manatdırsa, ortalama olaraq kirayə qiyməti 500 manat hesablanır. Ancaq əksər hallarda ev sahibləri kirayəçinin, kirayə qalan da ev sahiblərinin hüquqlarını pozur. Bu hüququn pozulması nədən irəli gəlir? Kirayə müqavilələri rəsmi formada bağlanmır. Rəsmi formada bağlanan kirayə müqavilələrinin böyük əksəriyyəti xarici vətəndaşlarladır ki, onların oturum alması və yaxud işlə bağlı kirayə müqaviləsi bağlaması vacibdir. Bir də bütün qeyri-yaşayış obyektləridir ki, burada kassa aparatı və vergidən icazələrin alınması üçün mütləq obyekt sahibi ilə kirayə götürən ünvanın göstərilməsi ilə bağlı müqavilə bağlayır. Başqa hallarda vətəndaşlarda rəsmi formada, notarial qaydada kirayə müqaviləsi bağlamaq maraqlı deyil.

Səbəb odur ki, bizdə kirayə üçün vergi 14 faizdir. Əslində bu, pis rəqəm deyil, məsələn, 1000 manatlıq bir əmlak üçün 140 manat təşkil edir. Kirayə götürən ev sahibini məcbur etdikdə ki, rəsmi müqavilə bağlansın, ya ev sahibi həmin 14 faizi kirayə qiymətinin üstünə gələrək artırır, ya da kirayə götürənin üzərinə atır ki, sən ödəməlisən.  Bu baxımdan dövlət bu sahədən gəlir əldə edə bilmir. Əldə etdikləri də çox az faiz təşkil edir. Ancaq 14 faiz deyil, həmin rəqəm 3-4 faizə endirilsə və kirayə müqaviləsi hər iki tərəf üçün daha maraqlı olması ilə bağlı insanlarda maarifləndirmə işləri aparılsa daha yaxşı olar. Çünki nə vaxtsa, hansısa bir səbəbdən hansısa bir tərəfin hüquqları pozulmasın. Müqavilədə bütün bəndlərdə hüquqlar öz əksini tapır ki, əgər qarşı tərəfdən biri digərinin hüququnu pozarsa, məsələn, mən 1 illik müqavilə bağlamışam və 6 aydan sonra ev sahibi məni evdən çıxarırsa, bu zaman o təzminat ödəməlidir. Həmçinin evin əşyaları, təmiri orada qeyd edilibsə və kirayə qalan təmirə ciddi ziyan vurubsa, mütləq şəkildə dəymiş zərəi ödəməlidir. Müqavilə olmadıqda isə bu sadəcə söz-söhbətlə həll olunur”. 

Ekspert deyir ki, müqavilələrdə də qiymət qeyd edilir: 

“Bu gün köhnə binalarda 1 otaqlı ev 300-400 manat, 2 otaqlılar 500-800 arasıdır. Bu, orta bir qiymətdir. Ancaq əksər hallarda vergiyə görə həmin qiyməti aşağı yazırlar. Bu, daha çox qeyri-yaşayış obyektlərində baş verir. Azərbaycanda Türkiyədə tətbiq edilən tənzimləmələr yoxdur. Vətəndaşın özəl mülküdür və əmlakı üzərində hüququ var. Ancaq hansısa bir qaydada qiymətlər tənzimlənməlidir. Çünki Bakıda köhnə binalar sökülür, ev sahibləri kirayə çıxır, yer tapa bilmirlər, qiymətlər baha olur. Həmçinin tələbələr daha çox kirayə problemi ilə üzləşirlər”. 

Həmçinin oxuyun

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?

Sumqayıtda 28 ailə üçün yalnız bir qaz sayğacı quraşdırılıb. Elə limit də ancaq bir ailə …