Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Azərbaycanda kəskin istilər gözlənilir

Azərbaycanda kəskin istilər gözlənilir

“İyunun ilk ongünlüyündə çox kəskin istilər müşahidə olunmayıb. Bəzi günlərdə havanın temperaturu normadan 4-5 dərəcə aşağı olub. Növbəti dövrdə isə havanın hərarəti nisbətən norma daxilində dəyişəcək. İyunun ikinci yarısından etibarən, o cümlədən iyul-avqust aylarında kəskin istilərin olacağı ehtimalı var”.

Bunu AzərTAc-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat şöbəsinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.

Nazirlik rəsmisi bildirib ki, son 10 il ərzində hərarətin 35 dərəcədən çox olduğu günlərin sayı artıb. Anomal isti günlərin sayında və davamiyyətində artım müşahidə olunur. Proqnozlara görə təkcə, Azərbaycanda deyil, dünyada da qeydə alınan və iqlim dəyişkənliyinin təzahürü olan bu tendensiya davam edəcək.

“Əgər illik temperatur rejiminə baxsaq, 1961-1990-cı illərə nisbətən havanın orta illik temperaturu 1,4 dərəcə artıb. Bu isə qlobal istiləşmənin göstəricisidir. İqlim dəyişmələri anomal hidrometeoroloji hadisələrin sayının artmasında da özünü göstərir. İsti dövrlər də anomal hidrometeoroloji hadisə kimi səciyyələndirilə bilər. Son on il ərzində xüsusilə yay aylarında normadan yuxarı temperatur rejimi üstünlük təşkil edir. Azərbaycanda 2010-cu il ən isti il olub. Belə ki, həmin il isti günlərin sayı maksimum göstəriciyə çatıb”,-deyə U.Tağıyeva qeyd edib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …