Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Azərbaycanda hər 10 narkomandan 8-i…”

“Azərbaycanda hər 10 narkomandan 8-i…”

2022-ci ildə narkotik vasitə istifadəçilərinin sayı ölkə üzrə 35 min 97 nəfər olub. Bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. 

Onun sözlərinə görə, onlardan 572 nəfəri qadın, 11 nəfəri 15-17 yaşarası yeniyetmə, 271 şəxs isə 65 yaşdan yuxarı insanlardır. O deyib ki, narkotik vasitəni qəbul edən şəxslər ilkin mərhələdə bunu gizlətsələr də, bir müddət keçdikdən sonra yuxusuzluq, əsəbilik, sürətli arıqlama, davranışda lənglik kimi əlamətlərlə bu, özünü göstərməyə başlayır. Narkotik vasitələrdən psixoloji asılılığın ilkin, fiziki asılılığın isə 2-3 həftə istifadədən sonra özünü göstərdiyini qeyd edən O. Cəfərov deyib ki, valideynlər övladlarını müşahidə etməlidir: 

“Narkotik vasitələrin qəbulu zamanı ünsiyyət problemləri dərhal hiss edilir. Stress, əsəbilik, ünsiyyət qurmamaq, yuxusuzluq ilkin simptomlardır. Bəzi hallarda, əsasən narkotik vasitənin növü ilə əlaqədar şəxslərdə normadan artıq danışmaq, yersiz hərəkətlər, sayıqlamaq, hallüsinasiya, tez-tez qıcıqlanmaq halları müşahidə edilir. Yeniyetmələrdə davranış problemləri daha tez aşkarlanır. Onların məktəbə davamiyyəti pozulur və gözlərində qızarmalar yaranır. Valideynlər onların müəllimləri ilə davamlı ünsiyyətdə olmalı, uşaqlara nəzarəti gücləndirməlidir. Hər hansı bir narkotik vasitənin istifadə olunduğu test üsulu ilə aşkarlanır”. 

Qeyd edək ki, narkotik vasitə istifadəçilərinin sayı ilə bağlı açıqlanan statistika rəsmi rəqəmlərdir. Qeyri-rəsmi rəqəmlərə görə isə həmin aludəçilərin sayı daha çoxdur. Son vaxtlar məktəbyaşlı uşaqlar arasında da narkotik vasitələrdən istifadə ilə bağlı sosial şəbəkələrdə məlumatlar öz əksini tapır.

Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməsinə baxmayaraq, niyə hələ də “ağ ölüm”ün qarşısını almaq mümkün olmur? 

Tanınmış narkoloq Asif Kəngərli bununla bağlı Cebhe.info-ya bildirib ki, narkomaniya artmaqda davam edəcək və əgər təsirli tədbirlər görülməsə bunun qarşısını almaq mümkün olmayacaq:

“Bir neçə il öncə ölkə başçısı sərəncam vermişdi ki, orta məktəblərdə əədəbiyyat proqramına narkomaniya mövzusunda əsərlər salınsın, tədris olunsun, inşalar yazılsın, filmlər göstərilsin. Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmışdı ki, kitablar çap olunsun, tamaşalar səhnələşdirilsin. Eləcə də bu barədə videoformatda məktəblərdə təqdimatlar reallaşdırılmalıdır. Hazırda məktəblərdə bunlar göstərilmir, şagirdlər maarifləndirilmir, xəbərsiz qalırlar, narkomaniyaya meyil edirlər. Onlar elə düşünürlər ki, narkotikdən bir-iki dəfə istifadədən sonra xoşlarına gəlməsə, imtina edə bilərlər. Ancaq böyük səhvə yol verirlər. Çünki narkotik elədir ki, ondan 1-2 dəfə istifadə edənlərdə asılılıq yaranır. Bununla bağlı məlumatları məktəblilərə, gənclərə aşılamaq lazımdır. Yaxşı olardı ki, bu istiqamətdə psixoloqlarla iş aparılsın. 

Ümumiyyətlə, nəinki məktəbdə psixoloqlar, müəllimlər, bütün ictimaiyyət, ziyalılar, din xadimlərinin burada rolu olmalıdır. Hər 10 narkomanın 8-i ailədə ərköyük böyümüş uşaqların içərisindən çıxır. Cəmiyyətə bunu çatdırmaq lazımdır. Ailələr bilsinlər, anlasınlar. Onlar elə düşünürlər ki, uşağa hər istədiyini verməklə ona yaxşılıq edirlər. Əksinə, onları psixopat kimi böyüdürlər. Onlar da asanlıqla narkotikin təsirinə düşürlər, onlarda eqoistlik formalaşır.

Bu məsələ artıq narkologiya sahəsində həm elmi, həm də praktik cəhətdən sübut olunub və mütəxəssislər də bilirlər ki, ərköyün böyüdülmüş və maarifləndirilməmiş uşaqlar asanlıqla narkotik istifadəçisinə çevrilə bilirlər. Ümumiyyətlə, qeyd etdiyim tədbirlər olmadığı təqdirdə narkomaniyanın qarşısı alınmayacaq, mümkün deyil. Yəni həbs etmək, sərhədləri bağlamaqla narkomaniyanın qarşısını almaq olmur. Güc nazirlikləri əllərindən gələni edir, maksimum çalışır. Ancaq vaxtilə verilmiş sərəncamı artıq icra etmirlər, tamamilə yaddan çıxarıblar, ona görə də nəticə belə olacaq”. 

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …