Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Azərbaycanda Gülen məktəblərinin məzunları ilə – SÖHBƏT

Azərbaycanda Gülen məktəblərinin məzunları ilə – SÖHBƏT

Ələskər Nəhmədov 1998-ci ildə dörd il təhsil aldığı, hazırda Fethullah Gülen məktəbləri kimi tanınan təhsil ocaqlarından birini, Bakı Özəl Türk Litseyini bitirib.

Bundan sonra o, Azərbaycan Dillər Universitetində təhsilini başa vurduqdan sonra oxuduğu litseydə həm də ingilis dili müəllimi kimi işləyib.

Hazırda isə o, ABŞ-da yaşayır.

“Hər bazar ertəsi və cümə günləri Azərbaycan və Türkiyə himnlərini oxuyurduq. Bu zaman başımızın üstündə dalğalanan 3 rəngli bayrağımıza fərəhlə baxır və fəxr edirdik”, Ələskər deyir.

Türkiyədə 15 iyul çevrilişinə cəhddən sonra Azərbaycanda Gülen hərəkatına qarşı cinayət işi açılıb.

Baş prokurorluğun bəyanatında deyilir ki, Fethullah Gülenin rəhbərlik etdiyi “Hizmət hərəkatı” Azərbaycanda “fəthullahçılığın” təbliğ ilə məşğuldur və sosial-dini nifrət və düşmənçilik yayır.

Ələskər NəhmədovƏləskər Nəhmədov Bakı Özəl Türk Litseyinin məzunudur və daha sonralar litseydə ingilis dili müəllimi olub

Ələsgər Nəhmədov isə bunun “qarayaxma” olduğunu düşünür.

“Təəssüf ki, bizim ölkəmizdə insanların bir çoxu məlumatları sadəcə tərəfli mənbələrdən götürür, alternativ və müstəqil qaynaqlara müraciət etmək lüzumu görmürlər”, o deyir.

Gəncə Özəl Türk litseyini bitirmiş, hazırda isə Almaniyada yaşayan Orxan Məmməd isə hesab edir ki, Azərbaycan özünü Türkiyənin dostu göstərmək üçün əslində hökumətə müxalif insanların həbsi ilə məşğuldur.

“Beynəlxalq təşkilatların hesabatlarında da həbs olunanların fethullahçılarla əlaqəsi olmadığı yazılır. Sadəcə bu dəfə narkotik ittihamı ilə deyil, bu yolla şərləməyə keçdilər”, Orxan hesab edir.

Gülen məktəbləri və din

Azərbaycanda “Çağ Öyrətim İşlətmələri” şirkətinə məxsus türk litseyləri 1992-ci ildə Bakı və Sumqayıtda açılmış məktəblərlə fəaliyyətinə başlayıb.

Daha sonra litseyin Azərbaycanın müxtəlif bölgələrində də filialları açılıb.

Bu məktəblərdə Fizika, Kimya, Biologiya, Riyaziyyat, İngilis dili dərsləri ilə yanaşı, Mənəviyyat adlı dərs də tədris olunub.

Orxanın bildirdiyinə görə, ilk illərdə həmin fənnin daxilində tərbiyə və əxlaq mövzuları keçilib. Daha sonra isə İslam tarixi fənni tədris edilib.

Azərbaycandakı türk məktəblərinin məzunu olmuş, indi Türkiyədə yaşayan Hüseyin Qurbanov deyir ki, təhsil aldığı müddətdə ona qarşı dini və ideoloji təsirlərin olduğunu hiss etməyib.

“Heç kimə öz istəyi olmadan hansısa bir dini kitab oxudulmur, verilmirdi”, Hüseyin deyir.

O bildirir ki, məktəblərdə Fethullah Gülenin kitablarını zorla oxudulması barədə deyilənlər doğru deyil.

“Çox vaxt istər sosial şəbəkələrdə, istərsə də litseydə təhsil almamış dost-tanışlarla söhbət əsnasında ən çox bizə zorla Fethullah Gülenin kitablarının oxudulduğu haqda cəfəngiyyatları görmək və eşitmək məcburiyyətində qalıram,” məzun deyir.

“Pərdələnmiş çağırış”

Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı bildirir ki, ekspertlərin rəyinə görə Fethullah Gülenin kitablarında din adı altında çağırışlar əslində pərdələnmiş çağırışlardır və digər dinlər əleyhinə fikirlər var.

Ələskər isə komitə rəhbərinin bu fikri ilə razı deyil. “O ekspertlərin bu rəyləri konkret hansı faktlara əsaslanaraq verdiklərini düzü bilmirəm. Şəxsən mən heç bir yerdə dövlət, millət və hökümət əleyhinə olan çağırışlara rast gəlməmişəm,” o deyir.

Hüseyin Qurbanov da Fethullah Gülenin bir neçə kitabını oxuduğunu və bu kitablarda digər dinlərə qarşı pərdələnmiş çağırışların olduğunu ilk dəfə eşitdiyini deyir.

“Oxuduğum bir neçə kitabda əslində dinlərarası dialoqdan danışılırdı,” Hüseyin bildirir.

Orxan Məmməd2007-ci ildə Gəncə Özəl Türk Litseyindən məzun olmuş Orxan Məmməd hazırda Berlində yaşayır

Orxan da, “Hizmət” kimi tanınan Fethullah Gülen hərəkatının əsas hədəflərindən birinin digər dinlərlə əlaqə olduğunu deyir.

“Onların “Dialoq” qolu var idi. O qurumun Azərbaycanda da ofisləri olub. Onlar digər dini qruplarla münasibət yaradıb, onları İslama çağırmaq funksiyasını yerinə yetirirlər”, Orxan deyir.

Orxan həmçinin Azərbaycanda Gülen tərəfdarlarının hökumətlə ən yaxın münasibətləri olduğunu və hökumətə ən yüksək səviyyədə dəstək verdiklərini düşünür.

“Hətta müəllimlərimiz müxalif olduğumuza görə bizimlə əlaqələri də kəsib. Fethullahçılara Azərbaycanda zülmün olmağı deyil, məktəb və işlərinin getməsi maraqlı idi”, Orxan Məmməd deyir.

Türkiyənin istəyi

Azərbaycanda Gülen hərəkatına məxsus bütün litseylər və Araz universitetə hazırlıq kursları 2014-cü ildə “Çağ Öyrətim İşlətmələri” şirkətinin fəaliyyətini dayandırmasıyla Azərbaycan Dövlət Neft Şirkətinin nəzarətinə keçib.

Fethullah GülenABŞ-da yaşayan din xadimi Fethullah Gülen ona qarşı olan ittihamları rədd edirBu ilin iyul ayında Türkiyədə çevrilişə cəhddən sonra isə Qafqaz Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırılıb və universitetin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə xəbər yayılıb.

Türkiyə hökuməti 15 iyul çevrilişinə cəhdin arxasında hazırda ABŞ-da yaşayan Fethullah Gülenin dayandığını bildirir və onun ekstradisiya olunmasını ABŞ-dan tələb edir.

Cənab Gülen isə ittihamları rədd edir.

Azərbaycanda Gülen hərəkatına məxsus məktəblərin və universitetin bağlanmasını da Türkiyənin istədiyi deyilir.

Hüseyin Qurbanov isə Türkiyənin istəyi ilə “Hizmətə” məxsus təhsil ocaqlarının qapadılmasına görə narahat olduğunu deyir.

“Azərbaycanın sırf Türkiyə istədiyi üçün bunu etməsi mənə pis təsir edir. Məncə bizim mövqeyimiz də Qırğızıstan kimi olmalı idi”, Hüseyin düşünür.

Türkiyə hökuməti Gülen məktəblərinin fəaliyyət göstərdiyi ölkələrə, bu məktəblərin bağlanması ilə bağlı sorğu göndərsə də, heç də bütün ölkələr bu tələbə müsbət yanaşmayıb.

Qırğızıstan hökuməti Türkiyənin məktəblərin qapadılması barədə tələblərini rədd edib.

15 iyuldan sonra

Hüseyin deyir ki, litseydə ona dərs demiş müəllimləri sosial şəbəkələrdə axtarıb tapır və onların yenə də eyni qurumda, əvvəlki tək dərs dediklərini bilir.

“Bütün bu hadisələrdən öncə məzun günlərimiz olurdu və bu cür tədbirlərdə hər kəs bir-biri ilə tanış olurdu. Fəqət idarə heyəti dəyişəndən sonra bütün bunlar ləğv edilib,” məzun əlavə edir.

Ələskər Nəhmədov 18 il bundan əvvəl məzun olduğu daha sonra isə müəllim kimi işlədiyi təhsil müəssisəsi barədə xoş xatirələrini yada salır.

Deyir ki, litseydə təhsil onun həyatında yeni bir cığır açlb və orda təhsil alıb dərs dediyinə görə peşmaçılıq hissi keçirmir.

“Bir yerdə ki ömrünün ən gözəl 10 ili keçib, oranı unutmaq və ya orda keçən illərə heyfsilənmək olarmı? Qətiyyən peşiman deyiləm. Fürsətim olsa yenə də sevə-sevə dərs deyərəm. Övladlarımın da orda oxumasını sevə-sevə istəyərəm”. (BBC)

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın