Ana səhifə / Sosial / Azərbaycanda dərman qıtlığı təhlükəsi – ŞƏRH

Azərbaycanda dərman qıtlığı təhlükəsi – ŞƏRH

Rusiya-Ukrayna müharibəsindən əvvəl Azərbaycana hər iki ölkədən dərman idxal edilirdi. Lakin müharibə başlayandan sonra Ukraynanın dərmana olan ehtiyacı artdı, eyni zamanda Rusiyaya da ciddi iqtisadi sanksiyalar tətbiq olundu. Görünən odur ki, artıq bu ölkələrdən dərman idxalı getdikcə azalacaq.Belə olduğu halda Azərbaycanda yaxın vaxtlarda dərman qıtlığı yarana bilərmi?

Məsələ ilə bağlı “Ankara” klinikasının baş həkimi, alqoloq Zülfüqar Yusifov Bakupost.az -a açıqlama verib.
Onun sözlərinə görə, müharibə müəyyən dərəcədə dərman idxal-ixracına da mənfi təsir göstərəcək:



“Bu müharibə həyatın bütün sferalarına, iqtisadi münasibətlərə təsir etdiyi kimi, dərman idxalında da müəyyən problemlər yaratmamış deyil. Lakin qeyd etmək istərdim ki, Azərbaycanda səhiyyə sistemi son zamanlar daha çox Türkiyə və Qərb yönümlü olmağa meyillidir. Bu baxımdan bizim o ölkələrdən gətirdiyimiz dərman preparatları da yetərincədir. Həmçinin ölkəmizdə də müəyyən dərmanların ilkin olaraq istehsal prosesi artıb. Təbii ki, müəyyən çatışmazlıqlar ola bilər. Amma bunlar həll olması çətin proseslər deyil. Çünki bizim qardaş Türkiyə ilə aramızada olan əlaqələr qısa müddətdə respublikanın tələbatına uyğun şəkildə o boşluğu doldurmağa imkan verir. Hətta Azərbaycan Ukraynaya müəyyən tibbi ləvazimatlar və dərman yardımı edib. Bu da onu deməyə imkan verir ki, ölkəmizin ehtiyat resursları hələ yetərincədir”.

Baş həkim bildirib ki, Ukrayna və Rusiya dərman baxımından bizim üçün prioritet olmayıb:

“Biz xəstənin gözü ilə baxsaq, görərik ki, son illərdə Ukrayna və Rusiya dərmanlarına çox önəm verilmir. Qərb ölkələrindən gələn dərmanlar bizim üçün daha keyfiyyətli sayılır.
Səhiyyənin inkişafı nöqteyi-nəzərdən baxsaq, Azərbaycan bu sahədə Rusiyadan geridə deyil. Çünki son 10-20 il ərzində bizim təcrübə daha çox Qərb yönümlü istiqamətdə olub”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …