Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycana yaxşı heç nə vəd etməyən su problemi: Çıxış yolu nədir? (ŞƏRH)

Azərbaycana yaxşı heç nə vəd etməyən su problemi: Çıxış yolu nədir? (ŞƏRH)

“Yeni texnologiyaların olmaması, israfçılıq, vəsaitin doğru xərclənməməsi, məmur özbaşınalığı və bütün bunların nəticəsi olaraq Azərbaycan su problemi ilə üzbəüz qalıb”. 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Prezident yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş video-müşavirədən danışarkən deyib. İqtisadçının fikrincə,  məsələyə iki pəncərədən baxmada yarar var:
“Bir qlobal pəncərə var, hansında ki dünyada şirin su hövzələrinin çıxış imkanları böyük bir problemə çevrlir. Həm içməli, həm də kənd təsərrüfatında, aqrar sahədə işlədilən su olsun… Dünyada ciddi bir su qıtlığı yaşanmaq üzrədir. Yaxın 30 ildə, bəlkə də dünyanın ən böyük problemi su uğrunda mübarizə və su resurslarından normal, effektli istifadəetmə problemi olacaq. Bu, çox ciddi məsələdir. Qlobal pəncərədən baxanda Azırbaycanda ən böyük problem odur ki, bizim əsas su hövzələrimiz özümüzdən qidalanmır. Yəni, başqa ölkələrin ərazisindən keçir və yaxud da ordan başlayır. Nəticədə həmin ölkələr üstünlük qazanır, həmin su resurslarından daha çox istifadə edərək Azərbaycana çatana kimi kifayət qədər suyun azalmasının şahidi oluruq. Özümüzün də daxili su resurslarımız kifayət qədər çox az olduğu üçün gələcəkdə bununla bağlı problemlər yaşaya bilərik. Bu, umumi mənzərədir”. 

Natiq Cəfərli qeyd edib ki, daxildən qaynaqlanan problemlər tam başqadır:
“Müstəqillikdən üzü bəri dövlət tərəfindən milyardlarla manat bu sahəyə vəsait ayrılıb. Suvarma kanallarına, əhalinin su ilə təminatına, amma ciddi bir effektiv idarəetmə problemi yaşandığına görə bu vəsaitlərdən doğru-düzgün istifadə edilməyib. Bu vəsaitlərin çox zaman problemlərin effektiv həllində rolu çox aşağı olub. Nəzarət mexanizmi də zəif olub. İstər Hesablama Palatası, isər hüquq-mühafizə orqanları ayrılan vəsaitlərin istiqaməti üzrə xərclənməsinə bu illər ərzində nəzarət etməli idilər. 
İkinci bir böyük məsələ ondan ibarətdir ki, biz aqrar sektora böyük üstünlük veririk. Təqribən 2015-ci ildə böyük bir kampaniya başlanıldı. Amma kənd təsərrüfatında suyun çatışmazlığı ilə bağlı heç bir elmi araşdırma aparılmadı. Kortəbii olaraq bu sahədə proqramlar qəbul olundu və inkişafı ilə bağlı start verildi. Məsələn, texniki bitkilərə, əsasən də pambıqçılığa üstünlük verildi. Hamımıza da məlumdur ki, pambıq kifayət qədər su aparan texniki bitkidir. Ona su  ayrılarkən digər sahələrdə su çatışmazlığı müşhaidə olundu”.
Natiq Cəfərli Prezidentin çıxışındakı bəzi məqamlara da aydınlıq gətirdi:
“Prezidentin də qeyd etdiyi kimi, rayonlarda icra başçılarının, böyük məmurların özlərinin, yaxud da onların qohumlarının əkin sahələri var. Onlar vəzifələrindən istifadə etməklə üstünlük qazanırlar. Və adi insanlar, fermerlər su üzünə həsrət qalıb. Bu da çox ciddi problemdir. Bundan başqa, Azərbaycanda su itkisi yüksəkdir. Ayrılan vəsaitlərə baxmayaraq, su kanallarının vəziyyəti bərbaddır. Yəni, dibi möhkəmləndirilməyib, betonlanmayıb və su kanalları vasitəsiylə axıdılarkən az qala 50 % itkilərə məruz qalır. Bu da böyük problemdir”.
Ekspert bu problemi yeni texnologiyaların olmaması ilə əlaqələndirib:
“Digər məsələ ondan ibarətdir ki, bizdə aqrar sahədə müasir texnologiyalar yoxdur. Dünyanın ən quraqlıq ölkələrindən biri İsraildir, su qaynaqları ən az olan ölkədir. Amma aqrar sahədə elə yeni texnologiyaları, məsələn damcı suvarma üsulu tətbiq ediblər ki, heç bir su itkisinə yol verilmir. İstər taxılçılıq, istərsə də digər sahələdə dünyada ən yüksək məhsuldarlıq sahələri məhz İsraildədir”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …