Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Azərbaycan xalqının yeganə müttəfiqi… öz ordusudur” – jurnalist Anar Həsənovun Qarabağdan səfər qeydləri

“Azərbaycan xalqının yeganə müttəfiqi… öz ordusudur” – jurnalist Anar Həsənovun Qarabağdan səfər qeydləri

“Mən Qarabağda olmuşam”. Bu xəbər adamın qulağını deşir, deyilmi? Biz azərbaycanlılar belə informasiyanı öz həmvətənlərimizdən eşitməyi az qala, tərgitmişik. Çünki 20-ci əsrin əvvəllərində bolşeviklərin süni surətdə yaratdıqları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV), indi demək olar, ancaq İrəvandan gəlirlər və bu pozuculuğa görə də Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına düşürlər.
Məlumat üçün bildirim ki, kommunistlər tərəfindən DQMV yaradılanadək tarixdə bu inzibati ərazi heç vaxt “dağlıq” və “düzənlik” deyə, bölgüyə məruz qalmayıb. Bolşeviklər Qarabağı bölməklə və onun dağlıq hissəsinə muxtar vilayət statusu verməklə bunu hansısa ayrıca xüsusi obyekt kimi dövriyyəyə buraxmaq, “Dağlıq Qarabağ” anlayışını möhkəmlətməklə yanaşı, həm də gec partlayan bomba yaratdılar – hansı ki, SSRİ-nin çöküşü ərəfəsi həqiqətən də partladı.
*****
Şəxsən mən Lapşin və Nosikdən fəqrli olaraq, beynəlxalq hüququ pozmadan planetin qaynar nöqtəsində olmuşam. Bakıdan yol alıb Xocavənd rayonuna (keçmiş Martuni) baş çəkmişəm. Dərhal qeyd edim ki, Xocavənd rayonu – Ağdam, Cəbrayıl, Füzuli və daha 4 işğal edilmiş rayonlar kimi Dağlıq Qarabağa bitişik deyil. Xocavənd – 1991-ci ildə ləğv edilmiş DQMV-nin rayonlarından biridir və ərazisinin 85%-i hələ də işğal altındadır. Ən gülməlisi isə odur ki, Ermənistanda onu “Azərbaycan ordusunun qismən işğal elədiyi ərazi” sayırlar. Ancaq gəlin, qarşı tərəfin həyasızlığından danışmayaq – bu, onların sağalmaz mərəzdir.
Qayıdaq mətləbə. Onu da xatırlatmalıyam ki, erməni bandit dəstələri cəbhənin bu hissəsində, 1994-cü ildə Azərbaycan ordusunun əks-hücumunu dayandıra bilmədilər və nəticədə keçmiş Martuni rayonunun bir neçə min hektar ərazisi öz doğma qoynuna qayıtdı. 849-cu Beyləqan Batalyonunun keçmiş komandiri Akif Həsənov həmin geniş sahəni göstərərək, cəmi bir tank və natamam batalyonla 1-ci Qarabağ savaşında işğalçıları necə qovduqlarından və necə on kilometrlərlə geri atmalarından söz açır.
“Burada çoxlu qanlar tökülüb. Ermənilər bu əraziləri ələ keçirib Beyləqana kimi gəlməyi hədəfləmişdilər. O halda daha bir neçə rayonumuz blokadaya düşə bilərdi”, – deyə özünümüdafiə döyüşçüsü danışır. Müharibə iştirakçısı düşmənin planları barədə elə həmin Xocavəndin azad edilmiş Şişqaya kəndində tapılan xəritələrdən məlumatlı idi. O vaxt işğalçılar öz planlarını həyata keçirə bilmədilər. İndi isə bu onların ümumiyyətlə, gücləri xaricindədir, çünki bu torpaqları hazırda 90-cı illərdəki kimi bir neçə batalyon yox, müasir və yüksək dəqiqlikli silahlarla təchiz edilmiş nizami, döyüş qabiliyyətli ordu qoruyur.
GÜCLÜ HAKİMİYYƏT
Rayonun İcra Hakimiyyətinin başçısı, əfsanəvi kəşfiyyatçı İbad Hüseynovun qardaşı Eyvaz Hüseynovdur. O, 1988-ci ildən bütün qardaşları ilə birgə – onlardan biri şəhid olub – erməni işğalına qarşı müqavimət cəbhəsindədir. Ölkənin başqa icra hakimiyyəti başçılarından fərqli olaraq, o, dəbdəbə hərisi deyil: sadə kabineti var, bahalı xidməti avtomobildə gəzmir, kostyumu da brend deyil, hərbidir.
Azərbaycanda yüksək vəzifədə təsadüfi olmayan birini görmək adamı həqiqətən təsirləndirir və ilhamlandırır. Eyvaz Hüseynov müharibədən keçib, ancaq o hesab edir ki, müharibə hələ bitməyib. “Sülh danışıqları” sözündən qıcıqlanır. O və onun ətrafındakıların hamısı ATƏT-in vasitəçilik missiyasına inanmırlar – prinsipcə, elə bütün Azərbaycan xalqı kimi. Onlar hesab edirlər ki, Azərbaycan xalqının yeganə müttəfiqi – onun ordusudur. İcra aparatı işçilərinin əksəriyyəti isə 1-ci Qarabağ müharibəsinin iştirakçılarıdır. Səmimi desək, onlara “veteran” sözü heç yaraşmır. Orta yaşlı, sağlam və idman bədən quruluşuna malik bu kişilər indinin özündə də döyüşkən əhvaldadırlar.
“Məlum aprel hadisələri olanda, mən artıq ön mövqedə idim” – keçmiş komandir Akif Həsənov deyir və əlavə edir: “Xocavənddə hər kəs anlayır ki, sadəcə, bir qarış torpağı yox, öz ana-bacısını qoruyur. Bu rayonda qoy mülki vətəndaşlar döyüş mövqeyində durmasın, çünki döyüşkən ordumuz var, ancaq burada əhali ordu ilə fərqli dünyalarda yaşamır. Bir yerdədir”.

“İndi mən səndən, əziz diaspor üzvündən soruşuram: sən ordu üçün nə etmisən? Sən heç olmasa, ömründə bir dəfə öz doğma rayonuna gedib, sənin şərəf və ləyaqətini qoruyan, gecə-gündüz ön mövqedə dayanan uşaqları yada salmısanmı?”

Keçmiş komandir mənimlə söhbətdə hər gün döyüş mövqelərinə baş çəkdiyini, müharibə başlayacağı təqdirdə minlərlə xocavəndli kimi, o da ordu sıralarına qoşulacağını əminliklə deyir. “Qarşıda Sos, Qırmızı Bazar, Tuğ və Xocavəndin onlarla kənd və qəsəbəsi var. Nə qədər ki, bu kəndləri azad eləməmişik, mənim müharibəm qurtarmayıb” – komandir vurğulayır.

IMG_4112
*****
“Hər bir vətəndaş, hər bir insan, xüsusən də vəzifəli şəxs orduya diqqət ayırmalı və ona kömək eləməlidir” – Prezident İlham Əliyev.
Mən Azərbaycan ordusunun döyüş ruhu və hərbi qüdrətindən danışmayacağam. Gəlib görmək lazımdır sadəcə! Əsgərin həm ovqatı, həm davranışı, həm də xarakteri adamı heyran edir. Çağırışçıların şəraitini bilmək üçün isə yalnızca onlardan biri ilə etdiyim dialoqla kifayətlənirəm. “Belə şəraiti mən heç öz evimizdə görməmişəm”, – deyə əsgər heyranlıqla bildirir və hamam otağını, yeməkxananı, istirahət zonasını, kazarmanı göstərir. “Elə mənim evimdə də belə şərait yoxdur” – ona gördüklərimdən sonra cavab verirəm.
Cəbhəyanı hərbi hissədə bir neçə təşviqat plakatı var. Ancaq onlardan biri nəzərimi xüsusilə çəkdi. Bu, prezident İlham Əliyevin ordunun sırf ölkənin siyasi rəhbərliyinin qayğısı sayanlara cavabıdır. Ali Baş Komandan hər bir Azərbaycan sakinini öz əməli, real hərəkəti ilə orduya dəstək verməyə çağırır.
Ermənilər bu mühüm məsələdə əfsus ki, həmişə bizdən bir baş yuxarı olublar. Məsələn, 2016-ci ilin aprel uğursuzluğundan, Azərbaycan əsgəri Ohanyanın mifik cəbhə xəttini darmadağın edəndən sonra ermənilər bütün cəbhəboyu zonanı müşahidə kameraları ilə təchiz ediblər. Həmişə olduğu kimi, maliyyəni də erməni diasporu ayırıb. Diasporun həmin dəstəyi nəticəsində Azərbaycanın 5 igid döyüşçüsü – hansılar ki, hərbi xidmət dövründə bir neçə işğalçı öldürüblər – elə həmin kameralar vasitəsilə müəyyən ediliblər və snayperlə vurulublar (Fevral insidenti nəzərdə tutulur-red.).

Bu da sizə – diasporun ordu həyatında iştirakının nəticəsi. İndi mən səndən, əziz diaspor üzvündən soruşuram: sən ordu üçün nə etmisən? Sən heç olmasa, ömründə bir dəfə öz doğma rayonuna gedib, sənin şərəf və ləyaqətini qoruyan, gecə-gündüz ön mövqedə dayanan uşaqları yada salmısanmı? Heç fikirləşmisənmi ki, ordu üçün binokllar və televizorlar da heç vaxt lazımsız şeylər deyil? Aprel döyüşləri zamanı sənin onlarla həmvətənin şəhid olub. Onların arasında ailənin yeganə çörək gətirənləri də var idi. Sən heç olmasa, bu şəhid ailələrindən birini tapıb, əldə zənbil ona baş çəkmisənmi?

Rusiyada ÜAK timsalında güclü azərbaycanlı diasporun olduğunu güman edənlərdən soruşuram: aprel döyüşləri zamanı ÜAK Rəyasət Heyətinin hər hansı üzvü erməni diasporunun başçısı, həmin vaxt nümayişkaranə şəkildə işğalçı Ermənistan ordusuna 100 min dollar ayıran Ara Abramyandan nümunə götürdümü?? Axı, o YUNESKO-nun xoş məramlı səfiridir. Hələ onu demirik ki, Abramyan Rusiya prezidenti yanında Millətlərarası Şuranın üzvüdür və Azərbaycanla Ermənistan arasında sülh naminə xalq diplomatiyasının fəal iştirakçısıdır.
Bu suallara cavablar yoxdur. Ola da bilməz. Ona görə ki, dövlətimizə və onun əsas qarantı olan ordumuza sevgi ÜAK və digər diaspor təşkilatlarımızda hələ ki yalnız poeziya və tost-badə səviyyəsindədir. Bu və ancaq bu. Bizim rəqiblərimiz isə öz sınıq-salxaq ordularına məhəbbətlərini onda real iştirakla ifadə edirlər.

IMG_4308

“Aprel döyüşləri zamanı sənin onlarla həmvətənin şəhid olub. Onların arasında ailənin yeganə çörək gətirənləri də var idi. Sən heç olmasa, bu şəhid ailələrindən birini tapıb, əldə zənbil ona baş çəkmisənmi?”

Ən əcaibi odur ki, azərbaycanlıların Rusiyadakı diaspor strukturunda, məsələn, elə həmin o ÜAK-ın Rəyasət Heyətində 2016-cı ilin dekabrın 28-dək bir nəfər də olsun, Qarabağ müharibəsi iştirakçısı təmsil olmayıb. Halbuki, Rusiyada 1-ci Qarabağ müharibəsinin vəsiqəsini daşıyan 100-dən çox ləyaqətli azərbaycanlı yaşayır. Yeganə Qarabağ veteranını da Rəyasət Heyətinə ona görə qəbul elədilər ki, o, varlı həmvətənlərdən biridir.
*****

IMG_4120
Bu vəziyyəti düzəltməyin zamanı çatıb. Dəbdəbəli otellər və zallarla, müvəqqəti məmurlarla çəkilən selfilərlə diaspor qurultaylarını azaltmağın vaxtı çoxdan çatıb. Diaspor təşkilatı və ya onun ayrıca nümayəndəsi əgər bir gününü Bakıda keçirirsə, ikinci gün ordu ilə olmalıdır. Bəlkə onda ola bilsin, o, hər dəfə cəbhəyanı zonada çəkilmiş selfiləri görəndə öz həyatını Vətənin müdafiəsi naminə təhlükəyə atan yaşıl paltarlı nəcib adamları yada salsın.

“Hakimiyyət ordunun ölkənin həyatında populyarlaşması üçün hər şeyi edir” – vidalaşarkən Xocavəndin başçısı Eyvaz Hüseynov mənə söyləyir və əlavə edir: “Diasporun vahid rəhbərlik altında birləşməsinin zamanıdır. Bax, onda biz də bütün azərbaycanlıların Vətənin müdafiəsində real iştirakı və dəstəyini hiss edərdik”.

Bu sözlər mənə necə də dostum və həmkarım Roman Ağayevin sözlərini xatırladır: “Azərbaycan ordusu – inamımızı itirməyə haqqımız olmayan yeganə instansiyadır, çünki ordunu onda iştirakla sevmək lazımdır”.
Anar Həsənov, jurnalist

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın