Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycan prezidentindən işğalçıya “ağıllı ol” xəbərdarlığı

Azərbaycan prezidentindən işğalçıya “ağıllı ol” xəbərdarlığı

Dövlət başçısı Ermənistan rəhbərliyinə “ağa”sının kölgəsində gizlənməklə xilas ola bilməyəcəyi mesajını verdi

 
İşğalçı Ermənistan müxtəlif bəhanələrlə Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi prosesindən boyun qaçırmaqda davam edir. Düşmən ölkənin indi də Tavuş rayonu istiqamətdə ötən ilin son həftəsində baş verənlərə görə Azərbaycanı günahlandırmağa cəhd göstərməsi qeyri-konstruktiv siyasətin məntiqi davamıdır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistandan qeyd-şərtsiz 29 dekabrda həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılmasını istəyib. Lakin işğalçı tərəf bunun qarşılığında iddia edib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir, ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz. 
Virtualaz.org-un məlumatına görə, üstəlik, erməni tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib “günahını boynuna alsa”, əsgərin cəsədinin qaytarılması sürətlənəcək. Yeri gəlmişkən, Ermənistanın baş prokuroru Artur Davtyanın son toqquşmanın baş verdiyi Tavuş rayonunun Azərbaycanla həmsərhəd Çinari kəndinə gələrək sakinlər və hərbçilərlə görüşməsi də İrəvanın məkrli siyasətinə xidmət edir. Düşmən iki ölkənin sərhədində törətdiyi təxribat-diversiya olayını gündəmdə saxlamaqla Rusiyanın və KTMT-nin proseslərə açıq müdaxiləsinə nail olmağa cəhd göstərir.
Ancaq Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatları və xəbərdarlıqları bir daha bunun təsdiqidir ki, işğalçının bu üsulla Bakıya təsir göstərmək cəhdləri, sadəcə, iflasa məhkumdur. Prezident Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Qarabağ məsələsinə və Ermənistanın sərgilədiyi davranışlara ənənəvi şəkildə xüsusi yer ayırdı və rəsmi Bakının prinsipial mövqeyini bir daha bəyan etdi.
Azərbaycan prezidenti özünü küçə uşağı kimi aparan Ermənistan rəhbərliyinə “ağa”sının kölgəsində gizlənməklə xilas ola bilməyəcəyi mesajını verdi. “Özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər” – prezident xəbərdarlıq etdi. Dövlət başçısı 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunub və düşmən ölkəni baş verənlərdən dərs götürməyə çağırıb: “Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi”.
Vaxtaşırı düşmənin maraqlarına xidmət edən informasiyaların dövriyyəyə buraxılmasının cavabında prezident bir daha vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Image result for İsgəndər Ermənistan
Ölkə başçısı hərbi qüdrətimizdən də bəhs edib və “İsgəndər” raket kompleksini əldə edəndən sonra danışıqlar prosesindən birmənalı imtina edən işğalçı ölkəni ağıllı olmağa dəvət edib. O, silahlı qüvvələrin yeni silah və hərbi texnika ilə təchizatının davam edəcəyini də deyib. İlham Əliyev ölkənin hərbi potensialının gücləndirilməsi üçün böhranlara, neftin ucuzlaşmasına baxmayaraq “əlavə tədbirlərin görüləcəyini” bildirib.
“Bu məqsədlə büdcədə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək” – prezident deyib (virtualaz.org). Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan ordusu İsraildən alınan “Barak-8″ raket komplekslərini ilk dəfə nümayiş etdirib, bu raketlərdən təlim atışları həyata keçirilib.
Erməni təbliğatı bu kimi çıxışları bir qayda olaraq Azərbaycanın müharibə istəyi kimi yozmağa və özlərini “sülhpərvər” statusunda təqdim edib əlavə dəstək qazanmağa çalışırlar. Necə ki, aprel döyüşlərindən sonra Serj Sərkisyan ordusunun 80-ci illər istehsalı olan köhnə silahlarla təchiz olunduğu barədə şivən qoparandan sonra ATƏT-in Minsk Qrupunun həmsədri olan iki ölkədən hərbi dəstək aldı. ABŞ İrəvana müasir kəşfiyyat qurğuları, Rusiya isə “İsgəndər” raketlərini hədiyyə etdi. Hətta ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi adlandırılan “Stratfor” analitik agentliyi ermənilərin halına acıyıb raketlərin bölgədə “balansa xidmət etdiyi” haqda absurd rəy verdi.
Image result for İlham Əliyev
***
Yeri gəlmişkən, sözügedən qurum növbəti açıqlamasında maraqlı məqamlara toxunub. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ciddi ziddiyyətlər var və məhz buna görə təşkilatın yeni baş katibi dekabrın 26-da Sankt-Peterburqda keçirilən iclasda da seçilmədi”-deyə, qurumun son açıqlamasında deyilir (modern.az). Agentliyin fikrincə, Moskva bu postda Ermənistan nümayəndəsinin olacağına söz versə də, Belarus və Qazaxıstan Azərbaycanla iqtisadi münasibətlərini şübhə altına almamaq üçün bu addıma getmir. “Məlumata görə, Rusiya Bordyujanın postunu Ermənistana söz verib. Bu addım aprel döyüşləri zamanı neytral mövqe tutmasına baxmayaraq Moskvanın Ermənistanı dəstəklədiyini göstərir. Lakin Belarus və Qazaxıstan erməni namizədə qarşı çıxır”.
“Stratfor”un fikrincə, yeni baş katibin seçilməsi ciddi müzakirələr və mübahisələr şəraitində aparılacaq və Dağlıq Qarabağ münaqişəsi məsələyə ciddi təsir göstərəcək. Hazırda KTMT-nin baş katibi postunu müvəqqəti olaraq Valeri Semerikov tutur.
Bu yerdə qeyd edək ki, Azərbaycan prezidenti də ötən ilin sonunda törədilən erməni təxribatına KTMT-nin sabiq baş katibi Nikolay Bordyujanın bu postda sonuncu dəfə sərgilədiyi ermənipərəst mövqeyinə diqqət çəkərək “belələrinin taleyini gördük” deyib. Göründüyü kimi, dövlət başçısı işğalçı Ermənistanı himayə etməyin acı nəticələrini də yada salır və bu mövqedə olanlara xəbərdarlıq edir.
Image result for Elxan Şahinoğlu
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a ölkə başçısının mesajlarını şərh edərkən bildirdi ki, prezidentin Nazirlər Kabinetinin bütün iclaslarında Dağlıq Qarabağa ayrıca vaxt ayırması ənənə halını alıb: “Dövlət başçısı 2016-cı ilin aprel ayında cəbhə bölgəsindəki döyüşlərdən danışarkən onun çıxışndakı iki məqam diqqət çəkdi. Birinci məqam ondan ibarətdir ki, Azərbaycan ordusu uzun illərdən sonra Ermənistan tərəfindən yaradılmış mifi tamamilə darmadağın edib. İkinci məqam isə odur ki, Azərbaycan prezidenti Ermənistanın arxasında Rusiyanın dayandığına işarə vurdu. Dövlət başçısının ”xarici yardım olmasa, Ermənistan bir həftə ərzində qabağımızda dura bilməyəcək” ifadəsi bundan xəbər verir. Ermənistana xarici yardım edən əsas ölkə Rusiyadır. İlham Əliyev illər öncə Rusiya Dövlət Dumasının keçmiş sədrinin “Ermənistan bizim Cənubi Qafqazdakı forpostumuzdur” sözlərinə belə reaksiya vermişdi: “Bəlkə danışıqları forpostun sahibi ilə aparaq”. Yəni Azərbaycan prezidenti bu sözlərlə faktiki Rusiyanın regional siyasətinin Azərbaycanın maraqlarına zidd olduğuna işarə edir”.
Politoloqun fikrincə, prezidentin çıxışının Qarabağla bağlı hissəsi 2017-ci ilin də cəbhə bölgəsində gərgin keçəcəyinin işarəsidir: “Prezidentin Ermənistan hakimiyyətinə göndərdiyi digər mesaj isə bundan ibarət idi ki, Azərbaycan modern silahlar almaqda davam edəcək və lazım gəldikdə bu silahlardan istifadə edəcək. Yəni prezident ona işarə edirdi ki, əgər Ermənistanın Rusiyadan peşkəş aldığı ”İsgəndər” raketləri varsa, Azərbaycanın bundan da dağıdıcı silahları var və istənilən an onlardan istifadə edə bilər”.
E.Şahinoğlu qeyd etdi ki, əslində rəsmi İrəvanın siyasəti növbəti hərbi toqquşma ehtimalını sürətləndirir: “Məsələn, Ermənistan hakimiyyətinin döyüş bölgəsində həlak olan hərbçimizin meyitini geri qaytarmaması vəziyyəti daha da gərginləşdirir. Rəsmi İrəvanın əsgərimizin meyitini qaytarmamasının səbəbi odur ki, guya bu yolla Azərbaycanın Ermənistanla güc dilində danışmasını əngəlləmək istəyirlər. Yəni demək istəyirlər ki, növbəti dəfə də hücum etsək, şəhid olan başqa hərbçimizin də meyitini qaytarmayacaqlar. Bu yolla bizi hücumlardan çəkindirmək istəyirlər. Faydasız siyasətdir. Milli qəhrəmanımız Mübariz İbrahomovun da cəsədini tanınmaz hala gətirdilər və uzun müddət qaytarmadılar. Nəticəsi nə oldu? Qaytardılar və biz onu böyük təntənə ilə dəfn etdik. İndi də qaytaracaqlar. Hərbçimizin meyitinin qaytarılmasının gecikdirilməsi Azərbaycanı işğalçı dövləti daima təzyiq altında saxlamaq siyasətindən çəkindirməyəcək. Dağlıq Qarabağın həbsxanasında saxladıqları iki Azərbaycan vətəndaşını da geri qaytaracaqlar, sadəcə, siyasi alver etmək istəyirlər. Nə etsələr də alınmayacaq, çünki artıq Ermənistan cəmiyyəti də anlayır ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq və İrəvanın siyasəti hərbi toqquşmaların, itkilərin sayını artırır”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın