Ana səhifə / Sosial / Azərbaycan Kommunistləri Mehdi Hüseynzadənin abidəsini  ziyarət etdilər

Azərbaycan Kommunistləri Mehdi Hüseynzadənin abidəsini  ziyarət etdilər

​İkinci dünya müharibəsində Alman faşizmi üzərində qələbənin 72-ci ildönümü münasibəti ilə Azərbaycan kommunistləri Sovet İttifaqı Qəhramanı Mehdi Hüseynzadənin Bakı şəhərində ucaldılmış abidəsi önünə gələrək, onu ziyarət etmiş, abidənin önünə əklil və tər qərənfil dəstələri qoymuşlar. Tədbirdə KPİ-Sov. İKP İK MŞ-nın üzvü, AKP MK-nın sədri Rauf Qurbanov qələbənin əldə olunmasında əvəzolunmaz rolu olan həm ön, həm arxa cəbhə müharibə veteranlarını bu böyük qələbə münasibətilə təbrik etmiş, Qələbə gününün onilliklər boyunca müqəddəs bir bayram olduğunu qeyd etmişdir. O, öz nitqində söyləmişdir ki, məhz bu günün sayəsində Sovet İttifaqının xalqları faşizm köləliyindən xilas olub, bir çox Avropa və Asiya ölkələri öz müstəqilliyini əldə etmişdilər.

Veteranların qəhrəmanlıqlarından söz açan partiya sədri, tədbir iştirakçılarının nəzərinə aşağıdakıları çatdırmışdır: “İllər keçir, amma qəhrəmanlarımızın cəsur əməlləri sönmür. Tarixə daha diqqətlə nəzər saldıqda biz milyonlarla insanın həyatını alt-üst edən yeni-yeni faktlar aşkarlayırıq. Biz, bu gün, sülh dövründə, böyük hörmət və ehtiramla Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edirik. Məhz onların əldə etdikləri böyük qələbə sayəsində indi bizlər dinc yaşayır, övladlarımızı tərbiyə edir, gələcək üçün planlar qurur, sabahımız haqqında rahat düşünürük. Biz heç vaxt qələbə üçün ödənilən o, yüksək qiyməti unutmamalı, onu nəsillərdən nəsillərə ötürməliyik”.
​ Tədbirdə qonaq qismində RFKP-nın üzvü, Rusiya Federasiyası Udmurtiya Respublikası İjevsk şəhəri Pervomaysk RPK-nin birinci katibi, Sarapul rayon Deputatlar Şurasında RFKP fraksiyasının sədri Elgiz Hacıyev də iştirak etmişdir. Qonaq tədbir iştirakçılarını Udmurtiya kommunistləri adından salamlamış və onları qələbə bayramı münasibəti ilə təbrik etmişdir.
​Daha sonra partiya işində aktiv fəaliyyətlərinə görə bir sıra yoldaşlar RFKP MK-nın təsis etdiyi xatirə medalları ilə təltif olunmuşlar. Mərasimin sonunda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər. Bununla da qələbənin 72-ci ildönümünə həsr olunmuş təntənəli tədbir öz işini başa çatdırmışdır.
​Silsilə tədbirlər Azərbaycan Kommunist Partiyasının fəaliyyətdə olan bütün rayon-şəhər təşkilatlarında da keçirilmişdir.

AKP MK mətbuat xidməti

Azinforum.az

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın