Ana səhifə / Sosial / “Azəriqaz”a 100 min manat borcları olan Xətai sakinləri çıxılmaz vəziyyətdə – VİDEO

“Azəriqaz”a 100 min manat borcları olan Xətai sakinləri çıxılmaz vəziyyətdə – VİDEO

Xətai rayonu ərazisində yerləşən  Sadıqcan küçəsi 4A ünvanda yerləşən binanın sakinləri çıxılmaz vəziyyətdə qalıb. “Yeni Müsavat”a müraciət edən sakinlər bildiriblər ki, ərazidə yerləşən qazanxanaya verilən təbii qazın istifadəsində güzəştli məbləğlə illik limit tətbiq edilmədiyi üçün ciddi problem yaranıb və ümumilikdə sakinlərin hazırda “Azəriqaz”a 100 min manata qədər borcları var.

“Xətai 7″ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Mahir Quliyev bu barədə qeyd edib: ”Binamız 8 ildir ki, istifadəyə verilib. Təxminən 3 ildən çoxdur ki, ərazidə yerləşən qazanxanaya verilən təbii qazın istifadəsində güzəştli məbləğlə illik limit tətbiq edilmədiyi üçün ciddi problem yaşayırıq.

Məlum olduğu kimi 2016-cı ildə ölkə prezidentinin qərarı ilə təbii qazın güzəştli məbləğlə istifadəsində illik limit artırıldı. Hazırda güzəştli istifadədə illik limit artıq 2200 kubmetrdir. Bu o deməkdir ki, 2200 kubmetrə qədər istifadə edilən qazın hər kubmetrinə 10 qəpik, limiti keçəndən sonra 20 qəpik ödəməliyik.

Bunun özü kifayət qədər köməkdir. Çox təəssüf ki, 2016-cı ildən etibarən bu imkandan istifadə edə bilmirik. Yəni, təbii qazın hər kubmetrinə 20 qəpik ödəyirik. Bu baxımdan illərdir ki, çətinlik çəkirik, “Azəriqaz”la aramızda böyük məbləğdə borclar yaranıb”.

Mahir Quliyev qeyd edib ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub:

“Bizə verilən cavab o olub ki, hansı yeni tikili komplekslərdə qazanxanalar varsa, orada kommersiya sistemi tətbiq edilir. Yəni mütləq şəkildə təbii qazın  hər kubmetrinə 20 qəpik ödənilməlidir.

Bizə bildirildi ki, bu problemin həllində bizə yalnız Tarif Şurası köməklik edə bilər.

Əhali borcları ödəyə bilmədiyi üçün məcburiyyət qarşısında fərdi kombi sistemi alır, bu da maddi baxımdan çətinlik, pərakəndəlik yaradır”.

Mahir Quliyevin sözlərinə görə hazırda sakinlərin “Azəriqaz”a 100 min manata yaxın borcu var:

“Digər məsələ isə ondan ibarətdir ki, sakinlər hər kub metrə 20 qəpik ödəyəndə belə sayğaclarda qeyri-müəyyənlik yaranır. Bəzən sayğacların göstərdikləri rəqəm istifadə olunandan 2-3 dəfə artıq göstərir.

Yaranmış borcla əlaqədar “Azəriqaz” sakinləri məhkəməyə verib. Ayın 21-də növbəti məhkəmə prosesi keçiriləcək.

Pandemiya dövründə bildirdilər ki, qazın nəqlində dayandırma olmayacaq. Lakin son günlər dəfələrlə qurumdan əməkdaşları gələrək, qazın nəqlini kəsəcəklərini bildirirlər. Deyirlər ki, “ya gətirib 100 min manatı ödəməlisiz, ya da qazın nəqlini dayandırırıq”.

Dəfələrlə qazın nəqli dayandırılıb. Lakin hansısa məmurun və yaxud xeyirxah şəxslərin vasitəçiliyi ilə yenidən qazın nəqlinə nail olmuşuq”.

Sakin Səfayeva Mədinə də qazın istifadəsində güzəştli illik limitin tətbiq edilməsini istəyib:

“Evdə oğlum onkoloji xəstədir, iki nəvəm var. Hər yerdə 2200 kubmetrə qədər istifadə edilən qazın hər kubmetrinə 10 qəpik ödənilir, biz isə 20 qəpik. Sözümüzü deməyə deputatımız da yoxdur. 4 ildir ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Mahir Quliyev bizə köməklik etməyə çalışır. Başqa səsimizi eşidən yoxdur.

Qarşıda polad kimi qış mövsümü gəlir. Bəs bizim vəziyyətimiz necə olacaq? Bəzən gəlib qazın nəqlini dayandırırlar. Qışda da bu problem yaşansa nə edəcəyik?

Sakinlərin ümumilikdə 100 min manata qədər borcu yığılıb. Fikirləşmirlər ki, bu qədər borcu necə verəcəyik? Aidiyyəti qurumlardan köməklik istəyirik, necə ki, hamı qazın hər kubmetrinə 10 qəpik ödəyir, bizə də bu limit tətbiq edilsin”.

Sakin Ağayev Mahiyyəddin: “Bizim xahişimiz , tələbimiz ondan ibarətdir ki, bu ünvanda yaşayan əhaliyə verilən qazın istifadəsinə tətbiq edilən limit qazanxanaya tətbiq edilsin.

Bu problem həll olunmasa, qazanxana fəaliyyətini dayandırsa, məcburiyyət qarşısında qalıb kombi çəkdirməli və yaxud qızdırıcı qurğu quraşdırmalıyıq. Bu isə bir çox hallarda təhlükə deməkdir”.

Reportaj hazırladığımız zaman Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da əraziyə gələrək, vətəndaşların şikayətlərini dinlədi. Əməkdaşlarımıza açıqlama verən Pənah İmanov qeyd etdi ki, problemin qanun çərçivəsində həll olunmasında sakinlərə köməklik göstəriləcək:

“Sakinlərin narazılıqları ilə tanış oldum. Məlum olduğu kimi hələlik bu məsələ məhkəmə tərəfindən araşdırmadadır. Ona görə də biz də gözləyəcəyik məhkəmə bitsin və sakinlər bundan sonra Xətai Rayon İcra Hakimiyyətinə rəsmi surətdə müraciət etməlidirlər. Məhz bundan sonra biz də qurum olaraq aidiyyəti orqanlara müraciət edəcəyik.

Xətai Rayon İcra Hakimiyyəti olaraq biz də arzulayırıq ki, vətəndaş məmnunluğunu təmin edək, həmişə vətəndaşın və qanunun yanında olaq.

Beləliklə, bu problemlə bağlı qanun çərçivəsində nə mümkündürsə bizim tərəfimizdən sakinlərə köməklik göstəriləcək”.

Məsələ ilə bağlı aidiyyəti orqan olan «Azəriqaz»ın da mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat katibi Ceyhun Səfərov bildirdi ki, mənzil-tikinti kooperativlərində yaşayan əhali qazanxanadan istifadəyə görə tarifə uyğun 20 qəpikdən ödəyir:

“Bu, qəbul edilmiş qərardır. Çünki əhali abonent qrupunun qazdan fərdi şəkildə istifadəsi zamanı onlar illik 2200 kubmetrlik güzəştli limitdən istifadə edirlər. Belə ki, bu zaman istifadə edilən qazın hər kubmetrinə 10 qəpikdən hesablanır. Artıq qazın istifadəsi 2200 kubmetri keçdikdə 20 qəpikdən hesablanır.

Qazanxanalar isə qeyri-abonent qrupuna aid olduğu üçün burada istifadə olunan qazın hər kubmetri 20 qəpikdən hesablanır.

Ümumiyyətlə, tariflərlə bağlı məsələyə “Azəriqaz” müdaxilə etmir. Tariflərin müəyyənləşdirilməsi sırf Tarif Şurasının qərarları əsasında icra olunur”.

Xatırladaq ki, Xətai rayonu Sadıqcan küçəsi 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin ərazisinə daxildir. Lakin fevral ayından etibarən bu dairənin seçki nəticələri ləğv olunduğu üçün dairə deputatsız qalıb. Sakinlərin də qeyd etdiyi kimi, nəticədə bu kimi və digər problemlər açıq qalır və əziyyət çəkən də vətəndaş olur.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …