Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanın Suriyaya aid Qərb proyektində iştirakı və Rusiya ilə münasibətlərin gələcəyi…

Azərbaycanın Suriyaya aid Qərb proyektində iştirakı və Rusiya ilə münasibətlərin gələcəyi…

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya Federativ Respublikasının kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə “Suriyaya və regiona dəstək” mövzusunun müzakirə olunduğu konfransda iştirak edib.
Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilib.
Prezident İlham Əliyev fevralın 4-ü Londonda keçirilən konfransda çıxış edib. “Təhsil” mövzulu sessiyada danışan İlham Əliyev Azərbaycanın Suriya qaçqınlarının halına çox acıdığını deyib: “Müstəqillik illərində – 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Bu, həqiqətən də humanitar fəlakət idi. Səkkiz milyon əhalidən bir milyonu evsiz və işsiz qalaraq yaşayış imkanlarından məhrum olmuşdu. Biz beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında bizə dəstək olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarıq”.
Dövlət başçısı qeyd edib ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi müəyyən edilib, amma o vaxtdan bəri danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmayıb: “BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır Ermənistan bu qətnamələrə məhəl qoymur.
Lakin atəşkəs razılığının əldə olunması bizə inkişaf etmək imkanını verdi. O vaxtdan bəri Azərbaycanın inkişafı çox sürətli olub. Biz demək olar ki, 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə, qaçqınlar da daxil olmaqla, 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir. Ümumilikdə, işsizlik və yoxsulluq 5 faizdir”.
İlham Əliyev deyib ki, Azərbaycan Suriyada humanitar inkişafa töhfə verən və verəcək ölkələr arasındadır: “Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır. Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar. Biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilirik. Biz iş yerlərinin yaradılmasında təcrübəmizi paylaşa bilərik. Son onillikdə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb. Biz təhsil sahəsindəki təcrübəmizi də paylaşa bilərik. Ölkəmizdə 3 mindən çox məktəb inşa edilib və dediyim kimi, 100 faizlik savadlılıq səviyyəsinə nail olunub. Humanitar böhranın idarə olunması üzrə təcrübəmizi də paylaşa bilərik və biz bunu edəcəyik. Lakin ən önəmlisi sülhdür. Buna görə də Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir”.
Azərbaycanın Suriyaya və regiona dəstək məsələsində Qərb gücləri ilə əməkdaşlıq etməsi ölkəmizin Rusiya ilə münasibətlərinə pis təsir edə bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Suriya üzrə donor konfransında iştirak etmək məqsədilə Böyük Britaniyaya dəvəti çox mühüm hadisədir: “Bu həm Qərblə aramızda yaranmış bir sıra qaranlıq məqamlara aydınlıq gətirməyə xidmət etməklə, həm də dünya liderləri ilə mühüm bir məsələnin həllində iştirakçı olmaq Azərbaycanın və onun dövlət başçısının lider kimi qəbul edilməsinə bir jestdir. Daha dəqiq desək, Azərbaycan Prezidenti Londona Böyük Britaniyanın baş naziri Devid Kemeronun şəxsi dəvəti ilə gedib.
Belə bir nəticəyə gəlmək olar ki, Prezidentin Ərəb Əmirliklərinə səfəri və Rusiya xarici işlər nazirinin də həmin ərəfədə ora səfəri müəyyən mətləblərdən xəbər verir. Bu baxımdan London səfəri də məhz Azərbaycanın regional konfliktlərdə, o cümlədən Suriya məsələsində də mühüm rol oynaya biləcəyi və Rusiya-Türkiyə gərginliyinin də həlli istiqamətində müzakirələrin aparılacağı bir məkan ola bilər.
Məlumdur ki, Türkiyə prezidenti cənab Ərdoğanın da bu ərəfədə Azərbaycana səfəri planlaşdırılır. Yəni Prezidentin London səfəri gərginliklərə ancaq müsbət təsir edə bilər. Bundan başqa, Azərbaycanın da Londonda öz maraqları var və bu səfər iki dövlət arasında yeni bir mərhələnin başlanğıcı da ola bilər.
BP şirkətinin də Azərbaycanla mühüm layihələri var və hazırda həyata keçirilir. Bir sözlə, bunu mühüm bir səfər kimi dəyərləndirmək lazımdır və regional dövlətlərin buna görə hər hansı iradı qəbuledilməzdir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın