Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Sosial / Azərbaycanın dərman problemi – niyə baha və keyfiyyətsizdir?

Azərbaycanın dərman problemi – niyə baha və keyfiyyətsizdir?

Azərbaycanda dərmanların baha və keyfiyyətsiz olması haqda illərdir danışılır. Belə iddialar da var ki, bir çox işbazlar ucuz başa gəlsin deyə, bəzi xarici ölkələrdəki istehsalçılarla anlaşmaya gedərək, dərmanın tərkibini bahalı edən maddələrin faizini azaltdırır, onu ikiqat ucuz alır və gətirib ikiqat da baha satırlar. Həmçinin çoxlarımız şahidi olmuşuq ki, Türkiyədə Azərbaycan manatı ilə 10-15 manata olan dərmanlar Azərbaycanda 50-60 manata satılır. Bu məsələ, deyəsən, dövləti hərəkətə gətirib.

Milli Məclisin Səhiyyə komitəsinin 20 sentyabrda keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib ki, əhalidə dərman vasitələri ilə bağlı xeyli narazılıqlar gəlir: “Dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı xeyli problem var. Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəyəm və düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirək. Qardaş Türkiyə ilə müqayisədə dərman qiymətlərində xeyli fərqlər var. Hesablama Palatası Səhiyyə Nazirliyində bu işlə məşğul olan qurumda artıq yoxlamalar keçirib və təklif edib ki, bununla bağlı bizim komitə ilə müzakirələr keçirsinlər. Dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanları çağırmalıyıq. İnsanların bu narazılıqları araşdırılmalıdır”.

Əhliman Əmiraslanov: "Bütün xəstəliklər tibbi Xidmətlər Zərfinə daxil  edilməlidir"

Səhiyyə Nazirliyindən bildirilir ki, dərmanların ölkəyə gətirilməsi ilə ayrı-ayrı özəl şirkətlər məşğuldur, bu, nazirliyə aid deyil.

Bəs görəsən, ölkəyə gətirilən dərman preparatlarının tərkibi yoxlanılırmı? Əvvəldə qeyd etdiyimiz iddiaların əsası varmı?

 Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Neçə illərdir ki, bu problem var. İllərdir həkimlər, xəstələr deyirik, təəssüflər olsun ki, nəticə yoxdur. Bu insanlarda  vicdan da olmalıdır. Axı bu dərmanlardan sizin yaxınlarınız da istifadə edir. İnsan nə qədər vicdanını, şərəfini, mənliyini itirməlidir ki, belə bir addım atsın. Öz xalqına, millətinə qarşı belə bir hərəkət edəsən. Xəstə insan dərmanı qida vasitəsi kimi qəbul etmir ki. Dərman vasitəsi insan həyatını xilas etmək üçün son ümid yeridir. Onun da tərkibinə hər hansı bir müdaxilə etmək, mənfi tərəfə dəyişdirmək böyük bir əxlaqsızlıqdır. Bu insanlarda heç bir mənəviyyat yoxdur. Təəssüflər olsun ki, vicdanın diaqnostikası yoxdur. Dərman preparatları ölkəyə necə gətirilir? Bunu yoxlayan qurum hara baxır? Hər bir gətirilən dərman preparatından nümunə olaraq götürülməli, laboratoriyada tərkibi yoxlanmalıdır. Bəlkə biri bioloji silah gətirib. Bu niyə yoxlanmır? Yəqin ki, bunu yoxlayan rüşvət alıb icazə verir. Nəticədə xalq əziyyət çəkir. Həkimlərə qarşı inamsızlıq yaranır. “Filan həkim yaxşı müalicə etmədi” deyirlər. Həkim nə etsin, protokola uyğun müalicəni yazır, dərman preparatı keyfiyyətsiz çıxır. Biz dəfələrlə eşitmişik ki, Türkiyədən, hətta İrandan eyniadlı dərmanı alır, yaxşı təsir edir, buradan aldığı eyni adlı dərmanın təsiri olmur. Bu cür dərmanlar ölkəyə necə gəlir?! Bunlar çox ciddi şəkildə araşdırılmalıdır. Ölkənin səhiyyə siyasətini həyata keçirən qurum Səhiyyə Nazirliyidir. Üç səhiyyə qurumu var, hamısı da məsələni bir-birinin üstünə atır”.

Maskadan sonra COVID pasportu da LƏĞV EDİLİR?

“Satışa çıxarılmadan öncə dərmanlar mütləq yoxlanmalıdır”

Həkim qeyd edir ki, səhiyyə ilə bağlı KİV-də videoroliklər hazırlanmalıdır: “Misal üçün, “saxta dərman insan həyatına son qoyur” adlı roliklər nümayiş olunmalıdır. Eyni zamanda ölkəyə daxil olan dərman preparatlarının keyfiyyətinə nəzarət olmalıdır. Həmçinin daxili istehsala nəzarət olmalıdır. Ölkəmizdə dərman preparatının istehsalı varsa, satışa çıxarılmadan öncə mütləq həmin qurum tərəfindən yoxlanmalıdır. Bir-birinə nəzarət mütləq olmalıdır”.

Qeyd edək ki, dərman preparatlarının tərkibi ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə də sorğu göndərdik. 

Yeri gəlmişkən, Tarif (qiymət) Şurasının 31 avqust tarixində keçirilən növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq edilib. Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, bununla da ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13347 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. Qərarlar Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində qeyd edilib.

Bundan əvvəl, iyulun 26-da isə Tarif Şurası tərəfindən “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” qərar da verilib. Bu qərardan sonra ölkəmizdə bir sıra dərman preparatlarının qiymətində artım müşahidə edilib.

İqtisadçı Samir Əliyev:"Manatın qorunması üçün əsas zəmin var: neft 40  dollardan bahadır..." | | Xural qəzeti

Samir Əliyev 

İqtisadçı Samir Əliyev  bununla bağlı mediaya açıqlamasında deyib ki, dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb: “Elə dərmanlar var ki, daha çox bahalaşıb. Məsələn, “Medoklav” dərmanının qiyməti 46% artaraq 72 manata yüksəlib. Bundan başqa, siyahıya yeni dərman növləri daxil edilib. Məsələn, yeni daxil edilmiş “Oraltek Monovalent” dərman preparatının qiyməti 807.28 manat olacaq.

Tarif Şurasının saytında dərman preparatlarının qiymətinin olduqca yüksək olduğunu görmək olur. Misal üçün, Birləşmiş Krallığın istehsal etdiyi “Kiveksa” dərmanının qiyməti 969,81 manatdır. İtaliya istehsalı olan “Zitiqa” dərman preparatının qiyməti isə 3892,37 AZN-dir. Kanadanın eyniadlı-“Zitiqa” dərman preparatı da 3892,37 manatdır.

“Eylea” dərman preparatının qiyməti isə bundan sonra 1256,00 manata müəyyən edilib. “İnlita” dərman preparatının qiyməti isə 5705,04 manatdır. “Ribomustin” preparatı 3441,70 manata satılır. “Hemlibra” dərman preparatının qiyməti isə tənzimlənən cədvəldə nə az, nə çox 8369,441 manatdır.  Avstriyanın “Fleksbumin” dərmanı isə 1623,94 manatdır.

Həmçinin oxuyun

Pensiyaların indeksləşdirilməsi qaydasına dəyişiklik olunur

Əmək pensiyalarının indeksləşdirilməsi qaydasına dəyişiklik olunur. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək …