Şənbə , Avqust 13 2022
Ana səhifə / Sosial / Azərbaycanın bəzi bölgələrinə qatarlar niyə ləğv olunub?

Azərbaycanın bəzi bölgələrinə qatarlar niyə ləğv olunub?

Bakı-Gəncə-Bakı qatarında ekonom sinifində qiymətlər 25 faiz, yəni, 5 manat ucuzlaşdırılıb, “Azərbaycan Dəmir Yolları” QSC açıqlamasında bildirilir. Qurum BBC News Azərbaycancaya qiymət dəyişikliyinin bu gündən etibarən üç ay ərzində tətbiq ediləcəyini və “mövsümi” olduğunu bildirib.

Ölkədə Covid-19 pandemiyasından sonra bu ilin mart ayında təkrar istifadəyə açılan yeganə dəmiryolu reysi – Bakı-Gəncə-Bakı üzrə işləyən qatarda qiymətlər 10 manat artırılaraq, 20 manata çatdırılmışdı.

Ancaq Azərbaycan Dəmir Yolları pandemiya səngidikdən sonra Bakı-Gəncə-Bakı marşrutunu açsa da, Azərbaycanın digər rayonlarına səfərləri bərpa etməyib və bir çoxları bu vəziyyətdən narazıdır.

BBC News Azərbaycancaya danışan bəzi vətəndaşlar qatarların işləməməsinin onlara “həm maddi, həm də digər çətinliklər yaratmasından” gileylidir. Azərbaycan Dəmir Yolları BBC News Azərbaycancanın suallarını cavablandırarkən qatarların hərəkətinin bərpa olunmamasını “dəmiryol xətlərinin dəyişməsi və yeni qatarların alınması ilə” əlaqələndirib.

“1000 kilometr sürmək yorur”

Bakı sakini Aidə Şıxıyeva iki ildir, ailəsini görmək üçün iki həftədən bir Qazax rayonuna – təxminən 1000 kilometr məsafəyə maşın sürmək məcburiyyətindədir. O deyir ki, bu ona həm maddi, həm də mənəvi çətinlik yaradır və yorucudur.

“Ailəm rayonda yaşayır. Yaşlı anamı tez-tez görmək üçün gedib-gəlirəm rayona, qatarla gedəndə bu, 8 saat olsa da, gecə getdiyim üçün günüm itmirdi, bir də, yorulmurdum. Heç olmasa, 2 həftədən bir həftəsonları rayona gedib-gələ bilirdim. İndi 2 ildir ki, şəxsi maşınla gedib-gəlməyə məcburam. Bu isə həm gün itkisi, həm də fiziki yorğunluq verir və çox əziyyətli olur”.

O deyir ki, adi halda qatarla gedib-gəlmək maksimum 30 manata başa gəlirdisə, indi bu yola “azı 80 manat” xərcləyir. Bu isə, dediyinə görə, onun büdcəsinə də təsir edir.

Hazırda ölkə ərazisində Bakı-Sumqayıt, Bakı-Sumqayıt-Pirşağı istiqamətində qatarlar fəaliyyət göstərir. Bakı-Gəncə-Bakı istiqamətində sürət qatarı isə 2022-ci ilin martında yenidən fəaliyyətini bərpa edib.

“İllik azı 50 səfər”

İldə “azı 50 dəfə” iş üçün Bakıdan Qazağa səfər etdiyini deyən Alim Nağıyev də qatarların reysə çıxmamasının onun həyatına mənfi təsir etdiyini deyir. “Yay ayları girib, uzun məsafələri istidə avtobusda getmək mümkün olmur.

Səyahətə çıxmaq üçün kiçik maşınlarda və yaxud avtobuslarda oturub getmək 6- 8 saat vaxt aparır, bu da dözülməz olur. Həm avtobuslarda kondisioner çalışmır, həm də gec çatırıq ünvana. Qatarda isə bu problemləri yaşamırıq”.

O vurğulayır ki, qatar işləyəndə səfərə gecə çıxdığı üçün həm sərin olur, həm də vaxta qənaət etmək olur: “Səhər düşüb işimizi görüb, bir neçə saatdan sonra geri qayıtmaq mümkün olur”.

Alim Nağıyev hesab edir ki, ADY prosesləri “sürətləndirməli Ağstafa, Qazax, Tovuz istiqamətində qatarların fəaliyyətini bərpa etməlidir”.

Bakı-Balakən-Bakı qatarının işləməməsi də bu şimal zonasına səfər edənlərin yol xərcini artırıb və rahatlığını pozub. “SV vaqonuna iki nəfərlik bilet təxminən 45-50 manat idi, indi isə xəstəyə rahat olsun deyə, taksi ilə gedib gəlməli oluruq, bu isə bizə 100, bəzən isə 150 manata başa gəlir”, – Bakıya xəstəxanaya gedib-gəlməli olan bir Balakən sakini deyir.

“Kupe və plaskart tipli vaqonlarda isə bu məbləğ, pandemiyadan öncə daha ucuz – 10-15 manat civarında idi”, – o əlavə edir.

“Rahat idi – qatar Bakıdan və ya Balakəndən axşam çıxırdı və səhər mənzil başına çatırdı, gecəni də rahat yatırdın”, – o deyir.

“Hətta gəzməyə bir vaqon bron edib 36 nəfər gedib qayıdırdıq. Bu da həm xərclərin, həm də yol qəzasının azalmasına gətirib çıxarır. Ən əsası da yoruğunluq olmur”, – Qazax yolçusu Alim Nağıyev izah edir.

Gəncəyə gedən sürət qatarlarının fəaliyyətinə gəlincə, Alim Nağıyev deyir ki, “həmin qatarlarla Gəncəyə getmək, heç sərf etmir, çünki sürət qatarı maşından gec gedir”.

“Yəni, mənim kimi ezamiyyətə gedib-gələn çox insan var və gecə yola çıxmaq daha sərfəlidir. Üstəlik, bu qatarla daha təhlükəsiz olur”, – o əlavə edir.

İsveçrə qatarları

Azərbaycan Dəmir Yollarından BBC-yə bildiriblər ki, xətlər dəyişdirildiyi üçün onlara uyğun qatarlar sifariş olunub.

“ADY hazırda İsveçrədən 10 müasir tipli qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur”, – ADY-dən BBC-yə bildiriblər.

Bundan öncə isə, bəzi uzaq istiqamətlərə Rusiya və Ukrayna istehsalı olan “sovet sistemi tipli” qatarlar istifadədə idi. Yollar açıldığı zaman, bu qatarların hələ də istifadədə olub-olmayacağı məlum deyil. Həmin qatarların geri qaytarılıb qaytarılmaması ilə bağlı qurumda hələlik məlumatın olmadığı bildirilib.

ADY-dən, həmçinin, Bakı-Balakən xətti üzrə marşruta yeni qatarların verilib-verilməyəcəyi ilə bağlı hələlik məlumatın olmadığını bildiriblər. Qurumdan dəmiryollarının tam gücü ilə nə vaxt işə başlayacağı ilə bağlı da məlumat verilməyib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, qurumun balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var. Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. 1 qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir.

Bir müddət əvvəl qurum yerli mətbuata açıqlamışdı ki, qatarların hərəkəti dəmiryolu xətlərinin dəyişən cərəyana keçməsi səbəbilə bir sıra istiqamətlərə davam etdirilmir: “Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb”.

Qurumun məlumatında həmçinin dəmir yollarının “Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparıldığını, Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsinin Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olduğunu” bildirib.

“Pandemiya ilə əlaqədardır”

Milli Məclisin deputatı Kamilə Əliyeva deyir ki, bütün istiqamətlərdə qatarların işləməməsi “əhali arasında narahatlığa səbəb olur”. Kamilə Əliyeva deyir ki, “mövcud vəziyyətlə əlaqədar olaraq, bu gün nəinki Bakı-Balakən, bütün istiqamətlərdə qatarların işləməməsi mövcud Covid-19 pandemiyası ilə əlaqədardır“.

“Qarşıdan payız gəlir. Respirator xəstəliklərin artma ehtimalları var və heç kim sığortalanmayıb ki, bizi qarşıda daha hansı sürprizlər gözləyə bilər, hansı yeni mutasiyalar meydana çıxa bilər. Ona görə də bu səbəbləri nəzərə alaraq qatarların işlənməsinə məhdudiyyət qoyulub, onun nə zamana xidmətə başlaması Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən verilə bilər”.

“Sərnişindaşıma gəlirli sahə deyil”

İqtisadi təhlilçi Toğrul Vəliyev hesab edir ki, dəmiryollarının fəaliyyətini bərpa etməməsilə bağlı konkret səbəb bildirmək çox çətindir: “Məsələ ondan ibarətdir ki, Azərbaycanda bir şey bağlandıqdan sonra onun açılması daim çətinliklə üzləşir. Bir şey ləğv olunubsa, üstündən çox uzun müddət keçməlidir ki, o bərpa olunsun. Burada, çalışan qurumun istəyi lazımdır, qurum özünü “öldürməlidir” ki, açılsın, işə düşsün”.

Təhlilçi hesab edir ki, qatarların işləməməsi sərnişindaşımanın gəlirli sahə olmaması ilə bağlı ola bilər.

“Sərnişindaşıma dəmir yolları üçün vacib deyil. Bu, daha çox əhalı üçün vacibdir. Onlar da öz effektivliyini artırmaq niyətindədirlər deyə Bakıətrafı işləməyə məcburdurlar. Bakı nəqliyyat sisteminə daxildir deyə. Digər istiqamətləri isə düşünürlər ki, onlara lazım deyil, vacib deyil, çünki onsuz da həm onlara gəlir gətirmir, həm də əhali tərəfindən də geniş istifadə olunmur”.

O hesab edir ki, bir gecədə, məsələn, Lənkərana çatmaq “çox uzun müddətdir, ona görə bəlkə də insanlar ondan çox istifadə etməyiblər. Nəticə etibarilə də [hakimiyyətdə] görürlər ki, insanlar öyrəşiblər avtobusa və sairə, ona görə də effektivliyin olmayacağını bildikləri üçün çox da ürəkli deyillər”.

Toğrul Vəliyev hesab edir ki, “ADY özü istəmir, insanlar da təzyiq göstərmir deyə dəmir yolları sərnişindaşımada tam gücüylə işləmir”. Azərbaycan 2020-ci ildə dünyada koronavirus pandemiyası səbəbilə xüsusi karantin rejimi elan edib, həmin rejim çərçivəsində bir müddət ölkədə şəhərlərarası bütün növ nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, daha sonra digər nəqliyyat növlərinin gedib-gəlişinə məhdudiyyət aradan qaldırılsa da, dəmir yollarının sərnişindaşıma fəaliyyəti əsasən bərpa olunmayıb.

Həmçinin oxuyun

Kirayə evlər niyə bahalaşır? – Açıqlama

“Hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin bahalaşmasına səbəb olur. Əsasən də yay aylarında nisbətən ucuz olan …