Cümə , Avqust 12 2022
Ana səhifə / Sosial / Azərbaycanın ən iritutumlu büdcəsi qəbul edildi

Azərbaycanın ən iritutumlu büdcəsi qəbul edildi

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Əvvəlcə gündəlikdəki “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi təsdiqləndi.

Qərar layihəsinə əsasən, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü seçildi. Qeyd edək ki, parlamentin 5 üzvü sözügedən Komissiyanın üzvüdür. Onlar Milli Məclis Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevdir.

 “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında”  Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi də müzakirəyə çıxarıldı. Qərara əsasən, deputat Tamam Cəfərova Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilir. Qərar layihəsi səsə qoyularaq, bir oxunuşda qəbul edildi.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi isə üçüncü oxunuşda müzakirə edildi. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə danışrkən bildirdi ki, ikinci oxunuşda 22 deputat çıxış edib və qanun layihəsini dəstəkləyib. Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri 8 faizdən çox artırılır. 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz çoxdur. Belə ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 23384,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilir. Qeyd edək ki, bu, Azərbaycanın ən iritutumlu dövlət büdcəsidir. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrini isə üçüncü oxunuşda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim etdi. O, qanun layihələrini müdafiə etdiyi üçün həmkarlarına təşəkkürünü bildirdi. 

Milli Meclis: Milli Məclisin yaz sessiyası başa çatıb

İclasda qeyd olundu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlirləri ilə xərcləri də artırılır. Bununla bağlı Milli Məclisin iyunun 29-da keçirilən plenar iclasında “2022-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunlara təklif edilən dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarıldı.  Dəyişikliklərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri isə bərabər olmaqla 181,4 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,0 milyon manat və ya 0,6 faiz çoxdur. Layihələr səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Spiker Sahibə Qafarova müzakirələrdə iştirak edən hökumət üzvlərinə təşəkkür etdi.

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” yubiley medalının təsis edilməsini nəzərdə tutan layihə də təqdim edildi və üçüncü oxunuşda qəbul olundu.

Daha sonra Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Layihəyə əsasən, Azərbaycanda özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib. Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

 – Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;

– Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;

 – digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.

 Qanun layihəsi özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsinə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur. Bununla da fərdi baytarlıq xidmətinin vergiyə cəlbi sahəsində inzibatçılıq azaldılacaq və bu şəxslərə yalnız “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” tətbiq ediləcək. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqləndi.

İclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi,  “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim edildi. Qeyd edək ki, sözügedən qanun layihələrində əmək haqqının artırılmasından bəhs olunur.  

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Novruz bayramı münasibətilə  təbrik edib

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat müəyyən edilib. Layihə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

Hesablama Palatasının üzvlərinin təminatları da dəyişib. Layihəyə əsasən, Hesablama Palatasının sədri 3 150 manat, Hesablama Palatasının auditorları 2 625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar. Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək. Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Hesablama Palatası Sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası Sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində əlavələr də ödənilir.

Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edildi.

Qeyd edək ki, maaş artımı yuxarıda sadalanan sahələri əhatə etsə də, daha çox deputatların maaşının artımı geniş ictimai müzakirələrə səbəb oldu. İcalsda isə vurğulandı ki, əvvəllər deputatlara bir sıra əlavə müavinətlər ödənildiyi və onlara vergi güzəştləri tətbiq olunduğu halda, bundan sonra vahid maaş hesablanacaq, eyni zamanda vergiyə cəlb olunacaqlar. Bu mənada iddia olunduğu kimi, yüksək maaş artımından söhbət getmir.

Müzakirələr başa çatarkən deputat, xalq şairi Sabir Rüstəmxanlı sədrdən söz istədi. Bildirdi ki, Qarabağa tez-tez gedirik və oradakı quruculuq işlərini görürük: “Ordunun qəhrəmanlığını və Azərbaycanın nə qədər böyük bir faciə ilə üz-üzə qaldığını da görürük. Belə bir vəziyyətdə mənim bir təklifim var. Az qala təzədən böyük bir savaşla üz-üzəyik və bu, çox ciddi milli birlik tələb edir. Burada bütün siyasi qüvvələrin bir yerdə olması vacibdir. Azərbaycanın milyonçuları var. Əgər o milyonçular Qarabağın bərpasına bir qara qəpik yardım etmirlərsə, onların milyonlarının və milyardlarının heç bir mənası yoxdur. Dünyanın bütün Azərbaycanı sevən qüvvələri bu işə cəlb olunmalıdır. Bakının, Azərbaycanın dünyanın diqqət mərkəzində olması təsadüfi deyil. Dünyada gedən proseslər bizi və Orta Asiyanı enerji məsələsində önə çıxarıb”.

S.Rüstəmxanlı ardınca digər mühüm məsələdən bəhs etdi: “Azərbaycan torpaqlarına, bizim millətimizin mənəvi aləminə nə boyda bir ziyan vurulub. Fikirləşirəm ki, ATƏT-in Minsk Qrupu 30 il bura gəlib-gedib, bunlar nəyə baxıblar və nə görüblər. Ona görə də mən təklif edirəm və bunu ictimaiyyətə də yayacağam. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu Azərbaycana qarşı törədilmiş bu vəhşiliyin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır. Torpaqlarımızın 20 faizi onların gözü qarşısında işğal edilib, yüzlərlə kəndimiz, şəhərimiz onların gözü qarşısında dağıdılıb və talan edilib. Onlar bizim tarixi abidələrimizin necə dağıdıldığını və təhqir edildiyini, təbiətimizin necə məhv edildiyinin şahidi olublar. Ermənilərin nə qədər insanlığa yaraşmayan vəhşilikləri varsa, bu, həmsədrlərin yekəxana susqunluqları və biganəlikləri şəraitində baş verib. Həmsədrlər dəfələrlə təmas xəttində olublar, bizim doğma torpaqlarımıza getmək imkanımız olmayan yerləri gəziblər, görüblər. Bütün erməni alçaqlıqlarını görərək susmaq, üstəgəl, özlərini barışdırıcı kimi aparmaq, Azərbaycanı güzəştə səsləmək özü də erməni vəhşiliklərinə şərik olmaqdır! Bu, ağır yükün və cinayətin altından heç bir beynəlxalq missiya çıxa bilməz. Bu işin yumşaq adı saxtakarlıq və biganəlikdir. Lakin cinayətə biganə münasibət, cinayəti görüb, susmağın özü də hüquq aləmində cəzasız qala bilməz! Ona görə də biz bütün qarabağlılar və Azərbaycan xalqı adından Minsk Qrupu həmsədrlərini beynəlxalq məhkəməyə verməliyik. Bu məsələ bütün mətbuatda əksini tapmalıdır. Onlar bizim xalqın 30 il çəkdiyi cəzanı, zülmü görüblər və üstəlik, bizi günahkar çıxartmağa çalışırlar. Onlar bilməlidirlər ki, təzədən bu münasibətlərin həlli ilə bağlı hər hansı proseslərə qatılmaya heç bir hüquqi və mənəvi haqları yoxdur!”

Spiker Sahibə Qafarova isə həmkarının sözlərinə reaksiyasında bildirdi ki, Azərbaycan Prezidenti Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə dair öz fikirlərini elə Azərbaycan xalqı adından dəfələrlə ifadə edib.

“Yeni Müsavat” 

Həmçinin oxuyun

Maşınların baqajlarının yoxlanılması qanunidir? – VİDEO

Bəzi obyektlərin qarajlarında və dayanacaqlarda avtomobillərin baqajları yoxlanılır. Əksər vaxtlarda bunun təhlükəsizlik məqsədi ilə edildiyi …