Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Azərbaycanda yeni yollar salınacaq

Azərbaycanda yeni yollar salınacaq

“Yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir. Bakı-Salyan yolu əsaslı şəkildə tikilib, indi Bakı-Salyan-Astara yolunun tikintisi uğurla gedir. Bir sözlə, Salyan rayonunun digər bölgələrlə, xüsusilə Bakı şəhəri ilə yol əlaqəsi böyük dərəcədə yaxşılaşıb”.

Bunu Prezident İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında deyib.

Prezident bildirib ki, bu il şərti adı “40 yol” olan layihə icra edilir: “Əslində bu, yüzlərlə

kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir.

Mənə bu gün məlumat verildi ki, bir yol layihəsi də var və məsələ vətəndaşlar tərəfindən qaldırılıb – bu, Salyan-Şirvan yolunun tikintisi məsələsidir. Bu məsələyə də baxılacaq və əminəm ki, Dövlət İnvestisiya Proqramına bu yol da salınacaq və beləliklə, həm Şirvan şəhəri ilə əlaqə yaxşılaşacaq, həm də ki, yolun üstündə bir çox kəndlər, qəsəbələr var, bu, onlara da böyük bir hədiyyə olacaq”, – deyə dövlət başçısı bildirib.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …