Cümə , Avqust 14 2020
Ana səhifə / Sosial / Azərbaycanda virusla bağlı son açıqlama: “Nəticə var” – Rəsmi

Azərbaycanda virusla bağlı son açıqlama: “Nəticə var” – Rəsmi

“Əhalinin say tərkibinə, xəstələnənlərin sayına, digər ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına baxanda demək olar ki, ölkəmiz virusla mübarizədə çox irəlidədir. Hazırda 100 minə yaxın tibb ordumuz var. Hər birimiz xəstəliklə mübarizədə səfərbər olmuşuq. Aparılan müalicələrin yüksəkkeyfiyyətli olması, vaxtında görülən profilaktik tədbirlər bəhrəsini verir. Xəstəlikdən sağalan vətəndaşlar çoxdur. Qabaqcıl ölkələr virusla mübarizədə hansı tədbirləri həyata keçirirsə, onlar ölkəmizdə də tətbiq olunur. Həm tibbi biliklərimiz, həm də təchizatımız COVID-19-la uğurla mübarizə aparmağa imkan verir”.

Bu fikirləri TƏBİB-in şöbə müdiri Şükür Eyvazov deyib.

Şöbə müdiri bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər bir vətəndaşın sağlamlığına diqqətlə, ön cəbhədə olan həkimlərin səhhətinə isə xüsusi həssaslıqla yanaşırlar.

“COVID-19 yeni virusdur və onun xüsusiyyətləri haqqında gündəlik yeni məlumatlar gəlir. İki ay əvvəlki fikirlərin bir qismi öz təsdiqini tapmır. Çünki virusu öyrəndikcə onun yeni xüsusiyyətləri meydana çıxır.

Virusla mübarizənin ilk dövrlərində diaqnostika laboratoriyalarının sayı az idi. Heydər Əliyev Fondunun dəstəyi ilə spesifik olaraq PSR testlərinin aparıldığı laboratoriyalar qurulur və onların sayı artır. Nəticədə daha çox vətəndaşı analizlərin verilməsinə cəlb etmək olur.

Bir ay əvvəl vətəndaşlar arasında virusun mövcudluğuna inanmayanlar çox idisə, indi xeyli azalıb. Hazırda vətəndaşlar özlərini virusdan qoruyur, qoyulan qaydalara daha diqqətli yanaşırlar. Bundan öncəki ay tibbi maskadan istifadə edən az idisə, indi daha çoxdur. Bu da öz nəticəsini verir.

İnanıram ki, belə davam edərsə, yaxın zamanlarda yoluxma sayı da azalacaq. Həmçinin sağalanların sayı artaraq yoluxanları üstələyəcək”, – deyə Ş.Eyvazov qeyd edib.

O, virus infeksiyalarından qorunmaq üsulları haqqında danışaraq deyib: “El arasında qrip dediyimiz virus infeksiyaları yaz-payız aylarında hər zaman aktivləşir. Ona görə də mütəxəssislər bu mövsümlərdən öncə fiziki sağlamlığa fikir verməyi, zərərli vərdişlərdən uzaq olmağı, tərkibi bol vitaminli, minerallı qidaları qəbul etməyi məsləhət görürlər.

Hazırkı pandemiya dövründə də mövsümi meyvə-tərəvəz, bol maye qəbul etmək və xəstəlikdən qorunma təlimatlarına riayət etmək lazımdır”.

TƏBİB-in şöbə müdirinin sözlərinə görə, xəstə COVID-19-a görə evdə müalicə alırsa, bu, o demək deyil ki, o tibbi nəzarətdən və tibbi xidmətdən kənarda qalır. Xəstəyə diaqnoz qoyulduqdan sonra o, mütləq müayinə olunur. Əgər xəstənin evdə qalmasına müəyyən şərtlər daxilində qərar verilirsə, o, daim nəzarətdə olur.

Xəstənin vəziyyətinə ən azı 12 saatdan bir telefon vasitəsilə nəzarət edilir. Onun ehtiyacları öyrənilir və buna uyğun addımlar atılır. Həmçinin xəstənin ətrafında olan insanların müayinə edilməsi, risk qrupunun təyin edilməsi və onların da ayrıca müayinə olunması həyata keçirilir. Azərtac

Həmçinin oxuyun

Bu gün yağış yağacaq, dolu düşəcək

Azərbaycanda avqustun 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın …