Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Sosial / Azərbaycanda vaksin müsibəti: “Kim bacarır, özünü qabağa salır”

Azərbaycanda vaksin müsibəti: “Kim bacarır, özünü qabağa salır”

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu gündən etibarən vaksin pasportu olmayan şəxslər hotellərə, toylara, iri ticarət mərkəzlərinə, o cümlədən kafe və restoranlara buraxılmır. Hələ bir müddət əvvəl qəbul edilən bu qərarın acı nəticələri isə təəssüf ki, özünü son bir həftədə göstərdi. 

Belə ki, bir ay əvvələ qədər vaksin vurdurmaq üçün ikinci bir şəxsin tapılmadığı tibb məntəqələrində son günlər insan əlindən tərpənmək mümkün olmur. Durum o qədər gərginləşib ki, onlayn növbəyə belə məhəl qoyulmur. Hansı poliklinikaya yaxınlaşsan, insanların özlərindən növbə tərtib etdiyini, sonra ortaya bir nəfər cəngavərin çıxdığını və onun həmin siyahıya əsasən, insanları içəriyə buraxdığını müşahidə edirsən. 

Ona görə də vaksinin ikinci dozasını vurdurmaq üçün məntəqəyə beş dəfə gedən vətəndaş peyvənd vurdurmalı olduğunu yeni-yeni dərk edən başıalovlu kütlənin əlindən kor-peşman dəfələrlə geri qayıtmağı seçir. 

Burada problemlərdən biri hər işi son günə saxlayan insanlarımızın laqeydliyidirsə, digəri tibb müəssisələrində növbəlilik sisteminin bərbad vəziyyətdə olması və işçi sayının düzgün tənzimlənməməsidir. Çünki qapısında yüzlərlə insanın peyvənd vurdurmağı gözlədiyi poliklinikalarda səhər 9-dan axşam 7-dək sadəcə 2 nəfər tibb bacısı, bir nəfər də qeydiyyata alan şəxs işləyir. Bir şəxsin qeydiyyatı isə ən azı 10 dəqiqə vaxt aparır. Belə olan halda nəinki adam əlindən tərpənmək olmur, hətta bəziləri koronavirusla məhz orada “doğmalaşır”.

Mövzu barədə fikirlərini Yenisabah.az-la bölüşən Milli Məclisin deputatı, tibb elmləri namizədi Musa Quliyev hesab edir ki, gərginliyi aradan qaldırmağın yeganə yolu TƏBİB-in operativliyi artırmasıdır:

“TƏBİB yaranmış mövcud vəziyyəti siz jurnalistlər və biz siyasətçilərdən daha qabaq görməli və lazımi addımları atmalıydı. Amma indi də gec deyil. Yəqin ki, bir ay-ay yarım ərzində müraciət edənlərin sayı daha da çoxalacaq. Ona görə də ilk növbədə tibbi personalın və xidmət göstərən otaqların sayı artırılmalıdır. İkincisi, əgər poliklinikada otaq və kadr çatmırsa, TƏBİB özəl klinikalarla müqavilə bağlamalı və onun nəzarəti altında klinikaların personalları bu işə cəlb olunmalıdır”.

Həmsöhbətimiz hesab edir ki, TƏBİB bütün qüvvələrini mobilizasiya etməlidir:

“Qısa müddət ərzində insanlarımız çox əziyyət çəkmədən, növbə yaranmadan vaksinasiya prosesi uğurla başa çatmalıdır. Biz irəliyə baxmalı, prosesi uğurla davam etdirmək haqqında düşünməliyik. Hazırkı gərginliyə görə vətəndaşımızı günahlandıra bilmərik ki, niyə indiyədək gəlib vurdurmamısan? Vətəndaş gəlmədiyi halda da TƏBİB necə vaksinasiyanı apara bilər?  

Ortada bir günahkar varsa, o da koronavirusdur, ayrı heç kim günahkar deyil. Bəli, vaksinasiya prosesi könüllüdür, amma məhdudiyyətlər də var, bu isə onunla bağlıdır ki, biz əhalimizin sağlamlığını qorumaq istəyirik, elə ona görə vaksin olunmayan adamların həmin yerlərə getməsinə məhdudiyyət qoyulur. Kimsə bunu özü üçün diskriminasiya sayırsa, məncə, bu, doğru deyil. Dünyanın bir çox ölkələrində bu təcrübə sınaqdan çıxarılıb”.

Onlayn növbə götürən vətəndaşın poliklinikada vaksin vurdura bilməməsinə gəldikdə isə millət vəkili qeyd edib ki, bu bizim ümumi intizamsızlığımızdan qaynaqlanır:

“Biz sovet dönəminin adamlarıyıq və o vaxt Moskvada 200-300 adamın necə növbəyə durduğu yadımızdadır. Kim bacarırdısa, özünü qabağa salırdı. İndi də elədir. 

TƏBİB fəaliyyətini genişləndirməlidir ki, heç növbəyə ehtiyac qalmasın. Çünki gəlib orada polis kardonu yaradıb növbə düzəldəsi deyil, onun o imkan və hüququ yoxdur. 

Amma əlində olan bütün resursları koronavirusun vaksinasiyasına cəlb eləsə, növbələr qısa müddətdə aradan qaldırılar.  Mən TƏBİB-in yerinə olsam, 7-10 gün ərzində bütün otaqları vaksinasiya otağına çevirərəm. İynə vurmaq çətin bir şey deyil. Qeydiyyata da üç personal lazımdır, onları konsultasiya etsələr, rahat işlərini görəcəklər”.

Həmçinin oxuyun

Karantin cərimələri silinir? – VİDEO

Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir. Bəs …