Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / Azərbaycanda uşaqları ən çox burda işlədirlər – DİQQƏT

Azərbaycanda uşaqları ən çox burda işlədirlər – DİQQƏT

Daxili işlər nazirinin müavini Oruc Zalov Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda bildirib ki, ölkədə ailədaxili münaqişələrdən əziyyət çəkən və özünü tam müdafiə edə bilməyən uşaqlar paytaxt Bakıya gəlir və bir çox işbazlar da onların əməyindən istifadə edir.
Nazir müavini qeyd edib ki, qanunvericilikdə belə hallara yol verən işbazlara qarşı lazımi cəza tədbirlərinin görülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycan az ölkələrdən biridir ki, onun hüquq-mühafizə orqanlarında azyaşlıların hüquqlarını qorumaq üçün xüsusi inspeksiyalar fəaliyyət göstərir:
“Bu qurumlar tərəfindən azyaşlıların pis təsir altına düşməməsi, onların təhsil, idman, istirahət hüququnun mühafizəsi üçün lazımi işlər görülür”.
Maraqlıdır, görəsən, uşaq əməyinin istismarın qarşısını necə almaq olar? Ümumiyyətlə, ən çox uşaq əməyindən hansı sahələrdə istifadə edilir?
Yeri gəlmişkən, qeyd edək ki, bir müddət öncə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda uşaqların məcburi əməyə cəlb olunması ilə bağlı uçotun aparılmasına ciddi ehtiyac olduğunu bildirmişdi. Nazir bildirmişdi ki, ölkədə ümumilikdə insanların məcburi əməyə cəlb olunması ilə bağlı tam statistik rəqəmlər mövcud deyil.
Uşaq hüquqları üzrə ekspert Nabil Seyidov Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda uşaqların məcburi əməyə cəlb olunması kütləvi xarakter daşımır:
“Lakin belə hallar mövcuddur. Bizə ən çox maraqlı olan nəinki məcburi əmək, uşaqların əməyinin kobud dərəcədə istismarıdır. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının Konvensiyasına qoşulub və onun icrasına öhdəlik daşıyır. Konvensiyada uşaqların ən ağır formaları olan əməyə cəlb olunmasının qadağan edilməsi ilə bağlı bənd var. Bu da artıq neçə illərdir ki, insan alverinə bərabər tutulur. İnsan alveri ilə mübarizə tədbirləri çərçivəsində uşaqların bu cür əmək növlərinə cəlb olunması uşaq alveri kimi qiymətləndirilir. Bu, daha vacib məsələdir. Bakı küçələrində bu gün nəqliyyatın sıx hərəkəti olan yerlərdə maşınların pəncərə və güzgülərini silən, metroların giriş və çıxışlarında salfet satan, dilənən, şadlıq saraylarında rəqs edən uşaqlara yəqin ki, hər biriniz rast gəlmisiniz. Rayonlarda isə uşaq əməyindən daha çox kənd təsərrüfatı işlərində istifadə olunur və bu hal tam normal qarşılanır. Lakin əksər hallarda belə fəaliyyət uşağın hüquqlarının ciddi şəkildə pozulmasıdır. Bu onun təhsildən yayınmasına, asudə vaxtının əlindən alınmasına və bəzən hətta sağlamlığına ciddi zərər dəyməsinə səbəb olur”.
Kənd yerlərində uşaqların əməyə cəlb olunması məsələsinə gəlincə, ekspert deyib ki, Azərbaycan Konstitusiyasına görə, uşaqların 15 yaşdan sonra əməyə cəlb olunmasına icazə verilir:
“Sadəcə olaraq, orada əmək növlərində məhdudiyyət var. Uşaqlar istər kəndlərdə, istər şəhərlərdə ailə təsərrüfatında işləyirlər. Burada uşağın valideyn tərəfindən nə dərəcədə istismar edilməsinə, yaxud uşağın sadəcə ailə təsərrüfatına köməklik göstərməsinə fərdi qaydada yanaşmaq lazımdır. Yəni əgər uşaq valideyni ilə səhərdən axşama kimi bazarda alver edirsə, məktəbə getməyib tarlada pambıq, taxıl yığırsa, bu, yolverilməzdir. Rayonlar, kənd təsərrüfatı, istehsalat sahələri və s. seçməli, eyni zamanda, marketlərdə, bazarlarda, köşklərdə, nəqliyyatda belə hallar varsa, onun qarşısını almalıdırlar. Buna yol verən şəxsləri cəzalandırmaqla və s. bunların geniş şəkildə qarşısını almaq olar”.
Sonda qeyd edək ki, Əmək Məcəlləsinin 91-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilib. Belə ki, 16 yaşınadək olan işçilər üçün iş vaxtı 24 saatdan, 16 yaşdan 18 yaşadək olan işçilər üçün isə 36 saatdan artıq olmamalıdır. Eyni zamanda, uşaqlar qısaldılmış iş vaxtı şəraitində işləsələr də, onların əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən 18 yaşı tamam olmuş işçilər üçün müəyyən edilən tam məbləğdə ödənilməlidir. Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …