Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanda ictimai palata yarana bilərmi?

Azərbaycanda ictimai palata yarana bilərmi?

Bir neçə il bundan əvvəlin söhbətidir. Hələ müstəqillik dövrünün ilk parlament seçkisi keçirilməmiş, Konstitusiya qəbul olunmamışdı.

Amma o ərəfələr idi. Ona görə də hərə bir şey təkilf edirdi. Belə bir fikir də səsləndirilirdi ki, Azərbaycan parlamenti iki palatadan ibarət olsun…

Açığı, o vaxt bu fikri sakit qəbul etmədik, çünki ikipalatalı parlamenti ölkənin federallaşması üçün zəmin kimi gördük…

İndi o vaxtlardan xeyli keçib, ölkədə beş parlament seçkisi keçirilib. Amma il ildən fərqli olmayıb, bütün bu seçkilər ərzində müxalifət partiyalarının payına ən yaxşı halda iki-üç mandat düşüb, o da hamısının yox…

Üstəlik, son vaxtlar mandat bir tərəfə, seçkilər elə düzüb-qoşulur ki, partiyalar efir vaxtı da ala bilmir. Elə bu səbəbdən də seçkidən söz düşəndə bu ölkədə kədərli-kədərli gülümsəməkdən savayı çarə qalmır…

Digər tərəfdən də hamı ictimai nəzarətdən danışır. Fəqət, hakim partiya ictimai nəzarəti hakimiyyəti digər partiyalarla bölüşmədən, ictimai və siyasi strukturlara elə bir səlahiyyət vermədən təşkil etmək istəyir…

Ona görə də durub real yox, hətta bir az ekzotik variantlar haqqında düşünməli olursan və yadına bir vaxt səslənən “arxaik” təklif – iki palatalı parlament ideyası düşür.

Düşünürsən ki, aşağı palatanın olması bəlkə də hakimiyyəti daha ədalətli seçki keçirməyə sövq edərdi.

Tamam buna bənzər olmasa da, oxşar hadisə ABŞ – ın müstəqilliyinin ilk illərində də olmuşdu. T.Cefferson parlamentin bir palatadan ibarət olmasını istəyirdi. Onu yola gətirmək üçün çay süfrəsi təşkil edilir. Və süfrə ətrafında söhbət zamanı C.Vaşinqton nəlbəkiyə işarə edərək deyir ki, Cefferson, çayı içməzdən əvvəl nəlbəkidə soyudurlar, parlamentin də bir yox, iki palatadan ibarət olması bunun üçündür.

Deyilənə görə, o söhbətdən sonra T.Cefferson da parlamentin iki palatadan ibarət olması fikrilə razılaşır…

Bunları niyə deyirəm? Təbii ki, 20 ildə iki dəfə ciddi düzəliş edilən Konstitusiyaya durub kimsə yenidən düzəliş etməyəcək. Heç bunu tələb edən və ya istəyən də yoxdur…

Amma digər təcrübə də var. Məsələn, qonşu Rusiyada İctimai Palata vardı. Bu ölkədə prezidentin yanında bir neçə məsələ ilə bağlı komissiyalar fəaliyyət göstərir. Heç olmasa, belə təcrübədən yararlanmaq olardı..

Bəs belə addımlar hakimiyyətə nə xeyir verə bilər? Bu yaxınlarda hakim partiyanın rəsmilərindən biri belə bir bəyanat vermişdi ki, indi siyasi partiyaların hüquqi statusuna baxmaq üçün zərurət yaranıb. O, bunu da əlavə etmişdi ki, bu baxışın nəticəsi siyasi həyatda iştirak etməyən partiyaların ləğvi ola bilər…

Amma dərhal sual yaranır. Siz nə vaxt partiyaların siyasi həyatda iştirakı üçün şərait yaratdınız ki, onlar bundan imtina etdi?

Belə bir şərait yaradılmayıb. Düşünürük ki, İctimai Palatanın yaranması bu boşluğu doldura bilərdi. Azərbaycan parlamenti ölkənin siyasi palitrasını, ictimai strukturunu və intellektual potensialını əks etdirmir. Düşünürük ki, bu fikirlə çoxu razılaşar…

Həm də ictimai nəzarət demirsinizmi? Bunu İctimai Palata da həyata keçirə bilər. Bu struktur eləcə də ölkədə təşəbbüskarlığa təkan verə bilər və insanları siyasi həyata cəlb edər…

Düzdür, parlamentin halında olduğu kimi burada da hakimiyyət bildiyini edə və Palatanı da öz adamları ilə “doldura” bilər. Amma bu halda nəzarət məsələsi alınmaycaq. Bizə də, hakimiyyətə də ictimai nəzarət lazımdır. Əgər məqsəd bu funksiyaları həyata keçirməli olan “ölü” srukturlar yaratmaqdırsa, onda hakim partiya nəinki öz İctimai Palatasını, hətta Siyasi Palata da yarada bilər…

Fəqət, əsas iş cəmiyyətdəki mövqeyi, narahatlığı ali hakimiyyətə çatdırmaqdı.

Bunun üçünsə heç olmasa, bir strukturu öz missiyasına uyğun şəkildə yaratmaq lazımdır. Bundan ölkə yalnız qazana bilər. Düzdür, bəzən hökumətlə ölkənin qazancı üst-üstə düşmür, amma bütün sahələrdə olmasa da heç olmasa bəzi sahələrdə onların eyniliyini təmin etməyə çalışmaq olar…

O da doğrudur ki, Konstitusiya bilavasitə seçicilərin qanunvericilik təşəbbüsünü nəzərdə tutur. Amma hələ bircə dəfə belə olsun bu təşəbbüs yada düşməyib. Düşünürük ki, hətta yada düşəydi belə, dərhal onun qarşısını alardılar.

Amma ölkəyə heç olmasa, minimal çərçivədə olan ictimai nəzarət mexanizmi lazımdır. O nəzarət olmasa heç nə alınmaycaq. Biz lap siyasi rəqqas kimi eyni vəziyyət ətrafında dövr edəcəyik, nə qədər çalışsaq da, yeni keyfiyyət mərhələsinə adlaya bilməyəcəyik…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın