Ana səhifə / Sosial / Azərbaycanda dələduzlar bank kartı məlumatlarını yeni üsulla əldə etməyə çalışır.

Azərbaycanda dələduzlar bank kartı məlumatlarını yeni üsulla əldə etməyə çalışır.

Ölkəmizdə əlillik pensiyası alanların sayının çox olması və bu rəqəmlərdə şişirdilmə, saxtakarlıqların olması uzun illər idi ki, müzakirə edilirdi. Bu sahədə müvafiq dövlət qurumları tərəfindən araşdırmaların aparılması, saxta əlillik dərəcələrinin ləğv edilməsi təklif olunurdu. Xüsusən də keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mənimsəmə, saxtakarlıq və korrupsiya əməlləri aşkarlandıqdan sonra bu qaçılmaz bir proses idi.

Bu baxımdan  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə bu istiqamətdə ciddi iş aparılıb, əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb. Bu barədə özü məlumat verən nazir bildirib ki, araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib. Əlbəttə, bu, indiki dövrdə, dövlət büdcəsinin qənaətə daha çox ehtiyacı olduğu, daha effektiv xərclənməli olduğu dövrdə müsbət addımlardır. Lakin bir məsələni də qeyd etməliyik ki, proses elektron sistem üzərindən həyata keçirildiyinə görə burada texniki səbəblərdən imtina alanlar, əlillik dərəcəsi haqsız olaraq aşağı salınanlar, pensiyası kəsilənlər də olub. Həmin vətəndaşların narazılıqları artıq mətbuatdan, sosial şəbəkələrdən eşidilməkdədir. Hətta onların arasında I Qarabağ savaşı qaziləri də var. Belə olan halda, onlara imtina cavabından apelyasiya şikayəti vermək və ya nazirliyin qərarını mübahisələndirmək imkanı da yaradılmalıdır.

Haqsız yerə imtina alanlar nə etməlidir?

 “Yeni Müsavat”ın sualını cavablandıran  iqtisadçı alim, deputat Vüqar Bayramov da bildirdi ki, bütövlükdə əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı institutsional islahatların dərinləşməsini təklif edir. Elektron müraciətlər yaxşıdır: “Ancaq bizə olan müraciətlər də göstərir ki, əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı elektron müraciətlər zamanı bir sıra texniki problemlər olur. Xüsusən də bu prosesə bir neçə qurumun məsul olması  əlillik dərəcəsinin müəyyənləşməsi prosesində yubanmalara gətirib çıxarır. Bu da imtinaların sayına təsir göstərir. O baxımdan xüsusən də inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə alsaq, institutsional islahatlar aparılsın, prosesə nəzarət vahid qurum tərəfindən həyata keçirilsin. Müraciətdən başlayaraq əlillik dərəcəsinin verilməsinədək olan prosesə bir qurumun nəzarət etməsi daha məqsədəuyğundur. Proses bir neçə mərhələdən ibarətdir. Bəzi hallarda, praktik olaraq sonuncu mərhələyə gəlmədən, əlillik dərəcəsinin verilməsi mərhələsinə çatmadan texniki səbəblərdən imtina verilmiş olur”.

Vüqar Bayramov vergi güzəştlərinin sahibkarlara hansı imkanlar yaradacağını  açıqlayıb

Vüqar Bayramov

Vüqar Bayramovun başqa bir təklifi isə bu şəxslərlə səyyar görüşlərin təşkil olunmasıdır: “Pandemiya şərtlərini nəzərə almaqla səyyar görüşlər keçirmək və bu proseslərin müzakirəsinin aparılması daha məqsədəuyğundur. Bizim apardığımız monitorinqlər göstərir ki,  əlillik üçün  müraciət edən vətəndaşlarımızın böyük bir qismi elektron xidmətlərdən tam olaraq istifadə edə bilmir. Ona görə də səyyar olaraq prosesin yerində həyata keçirilməsi, belə bir görüşlərin təşkil olunaraq müzakirələrin aparılması məqsədəuyğundur. Bu artıq əlillik üçün müraciət edən şəxslərin, əlillik dərəcəsi almaq üçün iddia edən, ancaq ala bilməyən vətəndaşlarımızın yerində dinlənməsinə və qərar verilməsinə gətirib çıxaracaq. Ona görə də institutsional islahatların aparılması və bu istiqamətdə vahid qiymətləndirmə sisteminin yaradılması, eyni zamanda səyyar görüşlərin keçirilməsi məqsədəuyğun olardı”.

Qeyd edək ki, mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə də sorğu göndərdik. Nazirlikdə sorğumuza gələn cavabda bildirilir ki, sosial sahədə aparılan islahatların əsas hədəflərindən biri də əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır: “Saxta əlillik təyinatlarının ləğvi nəticəsində qənaət edilmiş vəsaitlər də elə həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial ödənişlərinin (o cümlədən müavinət və pensiyaların) artırılmasına sərf olunub. Bu da sosial ədalətliliyi özündə ehtiva edir, haqqı çatan və həqiqi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bəzən elə olur ki, şəxs sosial ödənişləri dayandığı təqdirdə əlilliyinin ləğv edildiyini düşünür, narazılıq edir. Lakin belə halda o bilməlidir ki, əlilliyi ləğv edilməyib, sadəcə, əlilliyinin müddəti bitib.

Qeyd edim ki, əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s.) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır.

Lakin digər hallarda müddətli təyin edilir və əlillik müddəti bitmiş şəxs əlilliyinin müddətinin uzadılması üçün səhiyyə müəssisələrinə müraciət etməlidir ki, onun barəsində elektron sistemə göndəriş (forma 88) daxil edilsin. Bu göndəriş əsasında əlilliyin təkrar  qiymətləndirilməsi də vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən həyata keçirilir. (Videoçarx: Əlillik necə təyin olunur? https://www.youtube.com/watch?v=3nteQjf8dw4)

Hansı hallarda əlillik təyin olunduğu qanunvericilikdə (http://www.e-qanun.az/framework/31771) konkret müəyyən olunub.  Əlilliyi, əlilliklə bağlı sənədləri şübhə doğuran şəxslər ilk növbədə əyani müayinəyə cəlb edilir, əyani müayinə nəticəsində əlilliyin ləğv edilib-edilməməsinə dair qərar verilir. Əgər qiymətləndirmə zamanı şəxs ona əlillik təyin olunmamasına dair qərardan və ya əlilliyinin əsassız hesab edilərək ləğv edilməsindən narazı qalarsa, əlillik üçün təkrar müraciət etmək və ya apelyasiya müraciəti imkanları vardır”.

Həmçinin oxuyun

İşçilərə ödənilməyən 50 min manatdan çox əməkhaqqının ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı …