Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / Azərbaycanda cəmi 1-2 ilə bol meyvə verən “möcüzəvi” qoz ağacı növü sürətlə yayılır

Azərbaycanda cəmi 1-2 ilə bol meyvə verən “möcüzəvi” qoz ağacı növü sürətlə yayılır

Azərbaycanda Türkiyədən gətirilən və cəmi iki ilə bol meyvə verən hibrid qoz ağacı tingləri satılır. Belə tinglərin qiyməti 12-15 manat aralığında dəyişir.

Virtualaz.org xəbər verir ki, son illər Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən qoz və fındıq bağlarının inkişaf etdirilməsinə dövlət dəstəyinin artması sayəsində ölkənin şimal və şimal-qərb bölgəsində, o cümlədən, Quba, Şabran və Xaçmaz, Şəki və digər rayonlarda fermerlər bu tinglərdən hektarlarla meyvə bağları salıblar.

Adətən qoz ağacı əkiləndən illər sonra meyvə verir. Lakin bu hibrid tinglər hətta əkilən ildən etibarən meyvə gətirir. Bu bitkinin daha bir özəlliyi isə məhsulun iri və ləpəsinin ağ olmasıdır. Nəticədə fermerlər üçün belə tinglərdən bağ salmaq çəkdikləri xərci tezliklə çıxarmaq və gəlir əldə etmək baxımından çox sərfəlidir.

Lakin yeni tinglər bol məhsul versə də, deyilənlərə görə onlar geni dəyişdirilmiş sortlardır və gələcəkdə ciddi fəsadlara yol aça bilər.

Azərbaycanda “möcüzəvi” qoz ağacı tinglərinin satışına dair elanlara internetdə də rast gəlmək olar. Habelə belə tinglər Türkiyənin bəzi telekanallarında uzun-uzadı reklam edilir.

Bu tinglərin Azərbaycana gətirilməsi və satışı ilə məşğul olanlardan biri Sadiq Abdullayevin virtualaz.org-a bildirdiyinə görə həmin qoz tingləri Amerikanın “Candler” növünə aiddir. Bəhərə düşəndə 150 kq-a qədər məhsul verən ağacların satış mərkəzləri Bakıda və Goranboyda yerləşir.

““Candler” Amerika sortudur, bizə Türkiyədən gətirilir. Bu hibrid olunmuş, aşılanmış növdür. Onu kökündən calaq edirlər. Çox məhsuldar sortdur. Əkilən ilk ildən məhsul verir. Məhsulu 120-150 kq-a qədər olur. Ağaclar çox böyümür, cəmi 6-7 metr olur. Ona görə də, su sahibkarlıq, bağçılıq üçün çox əlverişlidir. 1 hektar əraziyə 400 belə ağac gedir. Bu ağaclar hətta 100 kq-dan məhsul versə belə, 1 hektar ərazidən 40 ton qoz məhsul götürmək olar. Bu da Azərbaycan üçün gələcəkdə çox faydalı ola bilər”, – deyə həmsöhbətimiz qeyd edir.

S. Abdullayevin sözlərinə görə, tinglər 1,5 illik olanda calaq olunur və 1-1,5 ildən sonra Azərbaycana gətirilir. Beləliklə, ölkəyə gətirilən tinglərin 2,5-3 yaşı olur: “3 il meyvəsini tez qırıb tökürlər ki, ağac böyüsün. Biz müştərilərə də izah edirik ki, bu 3 il ərzində gərək onun meyvəsindən imtina edəsiniz. Sonra hər il 10-15 kq-dan başlayaraq bar verir. Əkiləndən 8 il sonra ağac 100 kq məhsul verir”.

Ting satışı ilə məşğul olan həmsöhbətimiz onların geni dəyişdirilmiş olması ilə bağlı iddiaları da rədd edir. Onun sözlərinə görə, yabanı bitən qozla calaq olunan “Candler” sortu Amerika və Çində uzun müddətdir ki, geniş yayılıb. Bu ağac məhsulu salxım kimi gətirir və ona görə çox məhsul verir. Mütəxəssis deyir ki, hazırda bütün dünyada laboratoriyalarda bitkilər düzgün aşılanır. Meyvə verən gözdən calaq etdiklərinə görə yaxşı məhsul verir. Yeni sort qoz ağaclarının ömrü isə bütün qoz ağaclarında olduğu kimi 200 ildir.

S. Abdullayevin sözlərinə görə, yeni tinglərə maraq isə yaxşıdır, demək olar ki, bütün rayonlardan sifariş alırlar: “Əlbəttə, maraqlanan çoxdur. Bizdə hələ ki belə bağlar olmadığına görə, hamı Türkiyə kanallarındakı reklamlara uyğun olaraq əkir. Amma hələ deyilən kimi bəhər götürən olmayıb. Mən Türkiyədə eşitdim ki, Qubada artıq 4-5 illik belə bağ var və güclü məhsul götürülür. Biz məhsulun düzgün ağac olmağına, “Candler” sortu olduğuna təminat veririk. Çünki Türkiyənin özündə yabanı sortlar çoxdur”.

Tez məhsul verən yeni qoz ağacı sortların olmasını Botanika İnstitutunun alimləri də təsdiqləyirlər. AMEA Botanika İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimovun virtualaz.org-a bildirdiyinə görə, yeni sortla geni dəyişdirilmiş sortu bir-birindən ayırmaq üçün laborator müayinəyə ehtiyac var.

“Normal halda qoz ağacı 5-7 ilə bəhərə düşür. Amma elə sort ola bilər ki, tez məhsul versin. Bunu yoxlamaq lazımdır. GMO da ola bilər, bu istisna deyil. Amma GMO-lar heç vaxt artmırlar, nəsil vermirlər. Onların toxumunu yetişdirmək mümkün olmur. Onlar daha çox uzaq, eynicinsli olmayan növlərin çarpazlaşması nəticəsində əmələ gəlir. Əgər burada konkret növdən söhbət gedirsə, onu laboratoriya araşdırılmalıdır. Amma bu adi calağa bənzəyir, bu çox böyük ehtimalla GMO deyil”-mütəxəssis deyir.

Genetik Ehtiyatlar İnstitutundan isə indiyə qədər meyvə ağacı ilə bağlı hər hansı araşdırma aparılmadığını dedilər. İnstitutun direktor müavini Merac Abbasov virtualaz.org-a deyib ki, belə tinglər ölkəyə gətirilərkən gömrükdə yoxlanılır.

“Biz belə araşdırma aparmırıq. Bu adətən sərhədi keçərkən gömrükdə yoxlanır. Dövlət Gömrük Komitəsi və ya Qida Təhlükəsizliyi Agentliyi bu işlə məşğul olur. Onlar bizə müraciət edərlərsə, biz yoxlama apara bilərik. Amma hələ indiyə qədər heç bir yoxlama aparılmayıb”-Abbasov etiraf edir.

 

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …