Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Sosial / Azərbaycanda ailələr niyə belə tez və sürətlə dağılır? – ŞƏRH

Azərbaycanda ailələr niyə belə tez və sürətlə dağılır? – ŞƏRH

Dövlət Statistika Komitəsinin hesabatı açıqlanıb. Hesabata görə 2022-ci ilin ilk üç ayı ərzində 14 606 nikah və 3600-dən çox boşanma halları qeydə alınıb.

Sözügedən göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.2-dən 5.9-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni qalıb.

Son illərdə boşanma hallarının artma səbəbini mütəxəssislər nədə görür? Buna sosial-iqtisadi vəziyyətin təsiri olur, yoxsa insanların psixoloji durumunda və həyata baxışında radikal dəyişikliklər baş verir?

Psixoloq Gülnar Orucova: “Qadınlar xəyanəti düşünüb edirlər”

Gülnar Orucova

Psixoloq Gülnar Orucova mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, son illərdə boşanma sayının artmasından əlavə cütlüklərin evli qalma müddəti də azalıb:

“Əvvəllər insanlar 10-15 il evli qalırdısa, indi  3-5 ay sonra boşanma qərarı alırlar. Bunu isə sosial-iqtisadi problemlərlə əlaqələndirirlər. Lakin məsələnin kökündə insanların səbirsizliyi dayanır. İnsanlarda zamanla alışma olmalıdır. Yəni iki insan zamanla bir-birini tanımalıdır. Bundan sonra isə ayrılma qərarı ala bilərlər. Lakin indi elə deyil. Hazırda qısa müddət ərzində ayrılma qərarı alırlar və valideynlər də bu işlərə çox müdaxilə edir. Nəticədə problem daha da böyüyür və boşanma halları yaşanır”.

Psixoloq bildirib ki, hazırkı dövrdə boşanmaya səbəb olacaq ən böyük motiv xəyanətdir:

“Daha sonra isə ailədaxili münaqişə, qadına şiddət, zərərli vərdişlər və s. də boşanmaya gətirib çıxarır. Ailənin sınaqdan keçməsi üçün ən azı 3 il zaman lazımdır.  Evlənəndə və boşananda mütləq psixoloqa müraciət edilməlidir. Lakin bizim ölkədə elə deyil. Bizdə ancaq ya boşanıb şiddət gördükdən, ya psixoloji durum gərginləşdikdən, ya da iş məhkəməyə qədər getdikdən sonra müraciət edirlər”.

Elçin Bayramlı: “Heç bir ölkə uzunmüddətli böhrana dayanıqlı deyil” — Elçin  Bayramlının bloqu

Elçin Bayramlı

Sosioloq Elçin Bayramlı isə açıqlamasında bildirib ki, boşanma hallarının artma səbəbi həm sosial-iqtisadi, həm də mənəvi-psixoloji amillərlə bağlıdır:

“Mənəvi faktorların rolu isə daha çoxdur. Lakin bu məqamı da diqqətinizə çatdırım ki, inkişaf etmiş ölkələrdə boşanma sayı yüksəkdir. Yoxsul ölkələrdə isə boşanma halları minimum səviyyədədir. Elə ölkəmizə də nəzər salsaq görərik ki, imkansız ailələr arasında boşanma halları daha azdır. Bu xüsusda elə tariximizə də nəzər sala bilərik. Ölkənin sosial-iqtisadi vəziyyətinin ağır olduğu dövrə baxanda görərik ki, həmin zamanlar boşanma halları daha az idi. Hətta demək olar ki, yox səviyyəsində idi. Qısaca desək, sosial-iqtisadi səbəblər bəhanədir. Doğrudur, bu da 20% rol oynayır, lakin əsas səbəb sırasında deyil”.

Əlavə olaraq sosioloq bildirib ki, mənəvi dəyərlərin dəyişilməsi, maddi dəyərlərin önə keçməsi boşanmaya gətirib çıxarır:

“Ölkədə mənəvi dəyərlər çöküb, çökməyə də davam edir. Həmçinin ölkədə psixoloji terror gedir. Biz də Qərbə inteqrasiya edirik və hazırkı durum göz önündədir. Cəmiyyət özünə gəlməlidir. Dəyərlərimizi qoruyub, saxlamalıyıq”.

Səmra Əliyeva – Yenicag.Az

Səmra Əliyeva

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva bildirib ki, statistikaya əsasən boşanmaların sayında olan artım təəssüf hissi doğurur:

“Azərbaycan ailə modeli uzun illərdən bəri müəyyən sınaqlardan çıxmış, günümüzdə özündə həm qədim milli-mənəvi dəyərləri, adətləri birləşdirən, həm də yeni tendensiyalara uyğunlaşan bir model olaraq mövcuddur. Bu gün boşanmaların sayında olan artım aidiyyəti bütün dövlət qurumlarını narahat edir. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, ailə dəyərlərinin, ailədə müsbət psixoloji iqlimin qorunub saxlanılması, valideyn məsuliyyəti və ailələri maraqlandıran vacib mövzularda maarifləndirmə tədbirləri, görüşlər həyata keçirilir, cəmiyyət üzvlərinin fikrinin öyrənilməsi və mövcud problemlərin həlli istiqamətində işlərin görülməsi məqsədilə araşdırmalar aparılır. 2021-ci ildə çap edilmiş ”Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil” adlı ictimai rəy sorğusu və sosioloji tədqiqata nəzər salsaq görərik ki, respondentlərin mütləq əksəriyyəti boşanmaların səbəblərini xəyanət, sosial şəbəkələrin təsiri, xarakter uyğunsuzluğu, sosial problemlər, zərərli vərdişlərdən istifadə və s. məsələlərdə görürlər”.

Səmra Əliyeva əlavə olaraq bildirib ki, erkən nikah hallarının statistikasına nəzər salsaq, əvvəlki illərlə müqayisədə artımın müşahidə olunmadığının şahidi oluruq:

“Buna baxmayaraq problem hələ də, mövcuddur. Bu istiqamətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası, eyni zamanda qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması, qadın və qız uşaqlarına dəstəyin verilməsi məqsədilə respublikanın bütün bölgələrində, xüsusilə erkən nikah və təhsildən yayınma hallarının çoxluq təşkil etdiyi rayon və şəhərlərdə sakinlərlə, rayon ictimaiyyəti ilə Dövlət Komitəsinin nümayəndələrinin görüşlərinin təşkil olunması, bu görüşlər nəticəsində əldə olunan məlumatların maarifləndirmə məqsədilə əhaliyə çatdırılması həyata keçirilir. Bu görüşlərin davamlı olması, aidiyyəti qurumlarla birgə koordinasiya şəklində problemlərin həlli istiqamətində işlərin aparılması nəzərdə tutulub”.

Həmçinin oxuyun

Temperatur yüksələcək – PROQNOZ

İyunun 28-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və …