Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Sosial / Azərbaycana gətirilən vaksinlərdən ən effektlisi hansıdır?

Azərbaycana gətirilən vaksinlərdən ən effektlisi hansıdır?

Azərbaycanda son bir neçə gündə koronavirusa yoluxma sayı aşağı düşüb.

Yayılan son statistikaya görə, 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bununla belə, koronavirusa yoluxmanın artması, amma statistikada az göstərildiyi iddia olunur. Görəsən, bu iddiaların hər hansı bir əsası varmı?

Bu arada Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub.

Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,7 %-i bu rayonun payına düşür. Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,3 %-lə Yasamal, 11,1 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Qeyd etmək yerinə düşər ki, artıq Binəqədi rayonu bir neçə dəfə yüksək yoluxma göstəricisi ilə yadda qalıb. Bunun səbəbi araşdırılırmı, qabaqlayıcı tədbirlər görülürmü?  Ölkəmizə gətirilən vaksinlərin hansı daha effektlidir?  İnsanları son günlər bu sual daha çox maraqlandırır. Ekspertlər “CoronaVac” peyvəndinin  inaktiv olmasına görə daha təhlükəsiz olduğunu  deyirdilər. Bəs digər vaksinlərin yan təsirləri ola bilərmi?

Yazıda bu suallara aydınlıq gətirməyə çalışacağıq.

TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, həm statistik məlumatların açıqlanması, həm də rayonlar üzrə reydlər, yoxlamalar  və ya hər hansı tədbirlərin keçirilməsi TƏBİB-ə aid məsələ deyil: “TƏBİB-in işi yalnız müalicə ilə bağlıdır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də bildirildi ki, bu sualların cavablandırılmasında  nazirlik cavabdeh deyil.

Bu arada Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb. Ən çox yoluxma 30-39 yaş arası (21 %) şəxslərdə qeydə alınıb. 0-9 yaş arası olanlarda yoluxma 3 %, 10-19 yaş arasında 6%, 20-29 yaş arasında 16 %, 30-39 yaş arasında 21 %, 40-49 yaş arasında 15 %, 50-59 yaş arasında 18 %, 60-69 yaş arasında 15 %, 70-79 yaş arasında 4 %, 80 yaş üzəri olanlarda isə 2 % təşkil edir. Yoluxanların 49 %- i kişi, 51 %-i isə qadınlardır.

O da qeyd edilməlidir ki, Azərbaycanda bu günə qədər 322 761 nəfər COVİD-19-a yoluxub və onlardan 296 875 nəfəri sağalıb. Ümumilikdə isə 4 597 nəfər dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 21 289 nəfər təşkil edir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Elan olunan rəqəmlər əslində reallığı əks etdirmir. Xeyli xəstələr var ki, ambulator müalicə alır. Onlar qeydiyyata düşməyiblər. Bəli, yoluxma sayı elan olunan rəqəmlərdən həqiqətən çoxdur. Binəqədi rayonunda yoluxma ona görə çoxdur ki, orada həyət evləri çoxdur, insanların təmasları daha çoxdur. Bu da yoluxma imkanını artırır. Yəqin ki, əhalinin sıxlığı da orada yüksəkdir. Bu da səbəb ola bilər”.

Professor hansı vaksinin daha effektli olub-olmaması məsələsinə də münasibət bildirib: “Hər bir vaksin təhlükəsizlik parametrlərinə cavab verir. “CoronaVac” inaktivləşdirilmiş viruslardan alınıb, bunların orqanizmə heç bir ziyanı yoxdur. İmmun sistemi orda əks cisimlər yaradır. Ölkəmizə daxil olan “AstraZeneca”nın “Vaxzevria” vaksini daha keyfiyyətlidir, biotexnologiyanın ən müasir üsulu ilə alınmış, vektorlu vaksindir. Adenavirusun yönəldilməsi ilə baş verən vaksindir. Daha keyfiyyətlidir. Britaniyada 20 milyon insan bu vaksinləri qəbul edib və müsbət nəticə əldə edilib.  Bu gün İngiltərə COVİD-19 pandemiyasına nəzarət edən, öndə gedən ölkədir. Ona görə hesab edirəm ki, vaksinlərə qarşı hansısa bir şübhələrin olmasına heç bir əsas yoxdur. Əlbəttə, “AstraZeneca” ölkəmizə daxil olan vaksinlər içində ən keyfiyyətli və ən müasiridir”.

Yeri gəlmişkən, Böyük Britaniya hökuməti 50 yaşdan yuxarı vətəndaşlara COVİD-19 əleyhinə 3-cü peyvəndin vurulmasını təklif edəcək. Bununla Birləşmiş Krallıq rəsmiləri il sonuna qədər yoluxma hallarını minimuma endirəcəyinə ümid bəsləyir. Hazırda peyvəndlərin vurulması ilə bağlı ölkənin baş sanitar həkimi Kris Uittinin rəhbərliyi altında iki variant gözdən keçirilir. Birinci variantda koronavirusun yeni ştammları ilə mübarizə üçün modifikasiya edilmiş peyvəndlərdən istifadə olunması nəzərdə tutulur. İkincisində isə hazırda tətbiq olunan 3 preparatdan biri ilə peyvəndləşmənin davam etdirilməsi təklif olunur. Bunlar ABŞ-ın “Pfizer/BioNTech”, “AstraZeneca”, “Moderna” şirkətlərinin məhsullarıdır. Hazırda Britaniyada peyvəndləmənin daha çox insan arasında həyata keçirilməsi üçün iki doza arasında zaman intervalı artırılıb. Əvvəllər iki dozası 3 həftə aralığında vurulan peyvəndlərin tətbiqi 3 aya uzadılıb.

Həmçinin oxuyun

“Azəriqaz”ın ocağını söndürdüyü Yeni Balaxanı – VİDEO

Yeni Balaxanı ərazisinin sakinləri qazlarının tez-tez kəsilməsindən şikayətçidirlər.  Sakinlər Manşet.az-a bildiriblər ki, ərazidə həftənin bir neçə …