Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / Azərbaycana 3 milyardlıq ittihama Bakıdan reaksiya: “Sorosun və ermənilərin işidir…”

Azərbaycana 3 milyardlıq ittihama Bakıdan reaksiya: “Sorosun və ermənilərin işidir…”

Azərbaycan hökuməti “Guardian” qəzetində dərc olunan qərəzli yazıya qarşı hərəkətə keçdi; Fransa telekanalına qarşı məhkəmə iddiası qaldırıldı…

Son bir neçə ay ərzində Azərbaycan və Qərb dairələri arasında “atəşkəs”in əldə olunmasından bəhs olunurdu. Belə ki, xeyli müddətdir rəsmi Bakıya qarşı təzyiq kampaniyasını davam etdirən, hətta sanksiyalarla hədələyən bəzi çevrələr “silahı” yerə qoyub əməkdaşlığa üstünlük verirdilərsə, indi yenidən hücuma keçiblər.

Sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədar artıq Azərbaycan hökuməti öz münasibətini bildirib.

“Azərbaycanın hakim elitası avropalı siyasətçilərə ödənişlər etmək və lüks əşyalar almaq üçün iki il ərzində 2.8 milyard dollarlıq (4.76 milyard AZN) gizli fondu idarə edib” – sözügedən təhqiqatda deyilir. Diqqətçəkən budur ki, həmin yazı dərhal bütün Ermənistan elektron mediasının manşetlərini “bəzəyib”. İşğalçı ölkə Azərbaycana qarşı başlanmış qara piardan gen-bol yararlanmağa çalışır və bu kimi materialları tirajlamaqla özünün cinayətlərinə haqq qazandırmağa istəyir.

Azərbaycan prezidentinin Mətbuat Xidməti 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrə münasibət bildirib. Trend-in məlumatəna görə, Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir: “Qeyd edirik ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır. Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib. Elə ”Guardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir”.

Image result for Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı AZƏRTAC-a açıqlama verib. Ə.Həsənov bildirib ki, hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistan və erməni lobbisini ciddi narahat edir: “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialar və subyektiv mülahizələrdən ibarət materialları məhz bu kimi anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır. Bunda başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Həmçinin, Azərbaycana dost münasibəti bəsləyən, ölkənin inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı pozitiv fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülür, heç bir əsas olmadan onların fəaliyyəti şübhə altına alınır. Araşdırmalar göstərir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin “Guradian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Negapetyants adlı erməni əsilli şəxs daxildir. Bu materialın dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan şəbəkə və media nümayəndələri yaxından iştirak edirlər. Onu da qeyd etmək istərdim ki, əvvəlki dövrdə də Azərbaycana, ölkə prezidenti və onun ailə üzvlərinə qarşı bu kimi qərəzli iddialar irəli sürülmüş, ölkəmizlə bağlı çirkin kampaniya təşkil etmək cəhdləri olmuş, lakin onun sifarişçiləri və icraçıları öz məqsədlərinə çata bilməmişlər. Bir daha bəyan edirik ki, OSSRP-nin imzası ilə dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir”.
Bu arada Fransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalistinə qarşı iddiasına baxacaq. Məlumata görə, həmin jurnalistlər defamasiyada ittiham olunur. Beynəlxalq media qurumu isə bu iddianı Bakının “Fransaya senzuranın ixracı” cəhdi adlandırıb. Parisin Nanter bölgəsində yerləşən məhkəmədə Elise Lucet və Laurent Richard-a qarşı iddiaya baxılacaq. Jurnalistlər Azərbaycan hökumətini iki il öncə “diktatura” adlandırmaqla ona böhtan atmaqda suçlanırlar. “Sərhədsiz Reportyorlar” Təşkilatının (RSF) Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr məhkəmədə fransalı jurnalistlərin müdafiəsi məqsədiylə ifadə verəcək. RSF fransalı jurnalistlərə qarşı iddianı “Azərbaycan hökumətinin azad sözə nifrətini sərgiləyən qorxutma cəhdi” adlandırıb (BBC).

“Bəzən mətbuatda Azərbaycanla bağlı absurd iddialar əksini tapır. Məsələ araşdırıldıqda isə bunu təsdiqləyən mənbə ortaya qoyulmur. Hesab edirəm ki, növbəti analoji məqalə Azərbaycana qarşı aparılan xaricdəki müəyyən dairələrin kampaniyasının tərkib hissəsidir”.

Image result for Aydın Mirzəzadə

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bəzi KİV-lərdə dərc olunmuş “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı ilə bağlı fikirlərini bildirərkən deyib.

Deputat bildirib ki, bu yazılarda mənbə göstərilmir, iddia tirajlanır və Azərbaycan haqqında mənfi rəy yaradılmağa çalışılır: “Şübhəm yoxdur ki, bunun arxasında Azərbaycanla bağlı istəkləri həyata keçməyən müəyyən dairələrin, o cümlədən erməni diaspor təşkilatları dura bilər. Azərbaycan həm daxili, həm də xarici siyasətində kifayət qədər şəffaf fəaliyyət göstərir. Azərbaycanda manatın sabitliyinin qorunması ilə xaricdən böyük investisiyalar cəlb edilir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır, Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz qazanır. Azərbaycan regional-iqtisadi layihələrin təşəbbüskarıdır, bir çox dövlətlər bu layihələrdə iştirak edirlər. Azərbaycan mədəniyyəti, həqiqətləri dünya birliyində tanınır, qəbul edilir. Ölkə idmanı son dövrlərdə böyük uğurlar əldə edib. Azərbaycan hökuməti heç vaxt qeyri-qanuni addım atmaz. Buna ehtiyac da yoxdur. Sadəcə olaraq, Azərbaycanla bağlı hay-küy yaratmaq, ölkənin adını hansısa məsələdə hallandırmaq bəzi xarici dairələrin marağındadır. Bu, vaxtaşırı olub, növbəti dəfə də anti-Azərbaycan informasiyanın ortaya atılmasından təəccüblənmirik. Bu iddianı təsdiq edən fakt yoxdur, mümkün də deyil”.
A.Mirzəzadə onu da bildirib ki, dövlət orqanları ehtiyac yaranarsa, bu məsələni hüquqi müstəviyə çıxara bilərlər.
Qeyd edək ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı əsasında “BBC News” saytında “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı verilib və “Guardian” qəzetində bu məsələ ilə bağlı məqalələr dərc olunub.

Image result for Bəxtiyar Sadıqov

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, bu materialların ortaya çıxması köhnə səbəblərlə əlaqədardır: “Yəni Azərbaycanın müstəqil siyasət yürütməsi, öz siyasətində daim milli maraqları güdməsi, dövlət başçısı cənab İlham Əliyevin gənc, müstəqil Azərbaycanı uğurla inkişaf etdirməsi və anti-Azərbaycan şəbəkənin Azərbaycanın bu inkişafı ilə razılaşmamasıdır. Azərbaycan balanslı siyasət yürüdür, dünya birliyinə uğurla inteqrasiya edir, qonşu dövlətlərlə, dünyanın digər aparıcı ölkələri ilə bir-birinin daxili işlərinə qarışmamaq, bir-birinə hörmət ruhunda əlaqələr qurur, inkişaf etdirir. Azərbaycan Avropanın enerji təminatında əsas iştirakçılardan biridir. Ölkəmiz heç vaxt nə özünün milli maraqlarından keçəsidir, nə kiminsə vassalına çevriləsidir, nə də kiminsə sözü ilə oturub-durasıdır. Əlbəttə, müstəqil siyasət və bu müstəqil siyasəti uğurla həyata keçirən cənab İlham Əliyev zaman-zaman hədəfə gətirilir. Bir vaxtlar çox çalışdılar ki, Azərbaycanı daxilindən qaynatsınlar, ”rəngli inqilab” törətsinlər. Hətta bununla əlaqədar “5-ci kolon”un üzvlərindən də cəlb olundu – biz dəfələrlə bunun şahidi olduq- amma heç nə alınmadı. Çünki Azərbaycan xalqı öz lideri ətrafında sıx birləşib, birgə çalışır, qarşıda duran vəzifələri uğurla həyata keçirir, dövləti inkişaf etdirir, müdafiəsini möhkəmləndirir. Bunu görənlər bu dəfə başqa yola əl atıblar. Çalışırlar ki, cənab İlham Əliyevin beynəlxalq imicinə kölgə salsınlar, Azərbaycanı n beynəlxalq nüfuzunu zədələsinlər. Azərbaycanın dostları, onun ədalətli mövqeyini dəstəkləyən bir sıra qurumlar var ki, onları Azərbaycandan rəncidə salmağa çalışırlar. İstəyirlər gözlərini qorxutsunlar ki, o insanlar Azərbaycana kömək göstərməsinlər. Bunlar hamısı əsassız, şər-böhtan xarakterli kampaniyadır və qurdalayanda hamısının içindən erməni çıxır. Əsasən da xoş niyyətlə deyil. Azərbaycanın müstəqilliyini qəbul etməyənlər, Azərbaycanı müstəqil dövlət kimi görməyənlər və öz vassallarına çevirmək istəyənlərin hərəkətləridir. Azərbaycan xalqı hər şeyi gözəl bilir, öz liderinin ətrafındadır və bu cür şər-böhtanlar zaman-zaman meydana çıxsa da, elə sabun köpüyü kimi partlayıb, heç bir nəticəsi də olmayıb, bu dəfə də belə böhtanlar eyni aqibəti yaşayacaq”.

Həmçinin oxuyun

Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və …

Bir cavab yazın