Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Sosial / “Azərbaycan universitetləri əmək bazarının tələbinə cavab verən kadr hazırlamır”

“Azərbaycan universitetləri əmək bazarının tələbinə cavab verən kadr hazırlamır”

Pandemiya ölkəmizə ayaq açdığı gündən digər sahələrə olduğu kimi, təhsilə də mənfi təsir göstərib. Artıq 9 aydır ki, ölkədə bazası olmayan distant təhsil tətbiq olunur. İnternet problemi, həmçinin bir çox ailədə maddi problemlər səbəbilə texnoloji avadanlıqların olmaması şagirdlərin  bilik və bacarıqlara lazımi səviyyədə yiyələnməsinə əngəl törədir.

Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, onlayn dərslərin keyfiyyəti aşağı olduğu üçün tədris proqramı dəyişdirilməlidir:

“9 aydır ənənəvi təhsildən məsafəli təhsilə keçdiyimizə baxmayaraq, bu müddət ərzində sadəcə ənənəvi qaydada olan tədris materiallarını onlayn qaydada çatdırmağa çalışmışıq. Amma artıq oyunun qaydaları dəyişib. Deməli, biz burada proqramı da dəyişməliydik. Çox təəssüflər olsun ki, verilməli olan informasiyanı əvvəlki formada saxlamışıq. Bu isə ciddi problemlərə gətirib çıxarır. Çünki bizim orta məktəbdə təhsil alan 1,6 milyon şagirdimizin, ali məktəblərdəki 185 min tələbəmizin heç də hamısının  interneti, kompüteri, telefonu yoxdur. Həmçinin bəzi fənlər var ki, onların onlayn qaydada tədrisi çətindir”.

Kamran Əsədov vurğulayıb ki, mövcud şəraitdə məsafədən təhsil ən uğurlu təhsil formasıdır. Amma Azərbaycanda bu istiqamətdə ciddi işlər görülməlidir:

“Söhbət hazırda elektron resurslardan gedir. Heç də düşünməyək ki, orta məktəb kitablarının hamısının elektron resursları var. Həmin informasiyalar çoxu individual qaydada sinif və auditoriyada çatdırılmanı tələb edir. Ona görə də  verilən informasiyaların həcmi tamamilə dəyişdirilməli, dərsliklər sadələşdirilməlidir ki, həm məsafədən tədris həyata keçirilsin, həm də yoxlama mümkün olsun”.

Ekspert qeyd edib ki, 2020-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarının uğurlu olma səbəbi şagird və abituriyentlərin 2019-cu ilin sentyabrından, 2020-ci ilin mart ayına qədər ənənəvi qaydada təhsil almalarıdır:

“İndi isə hər şey onlayn qaydadadır və 75 faiz tələbə bu prosesə qoşulubsa, qalan 25 faiz prosesdən kənardadır. O 75 faizin isə heç də hamısı keyfiyyətli şəkildə dərsləri mənimsəyə bilmir. Ona görə də hesab edirəm ki, biz sadələşdirilmiş proqramlarla qəbul imtahanı həyata keçirməliyik və əvvəllər hamının maksimum biliklərini yoxlayırdıqsa, indi bilik minimum şəkildə yoxlanılmalıdır. Format dəyişdirməyə məcburuq. Ayrıca buraxılış imtahanı  keçirməyə  ehtiyac yoxdur.  Bir dəfə buraxılış, bir dəfə qəbul imtahanı keçirməkdənsə, bütün 9-11 sinif şagirdlərinə şəhadətnamə və attestatları verib onların kollec və ali məktəblərə qəbul olması üçün vahid bir imtahan keçirilməlidir. Yeganə çıxış yolu budur. Həmçinin ali məktəblərdə təhsil alan tələbələrin hamısını 51 balla imtahandan keçirməliyik, kim ki bu baldan narazıdır, ona əlavə imtahan vermə imkanı yaradılmalıdır ki, universitetlərin yükü azalsın. 185 min tələbə var, bunların hamısını imtahana cəlb edib yaddaşa vursaq, kifayət qədər böyük həcmli yaddaş qurğusu lazımdır. Eyni zamanda digər resurslar olmalıdır. Bütün hallarda biz təhsil haqqından tutmuş semestrın təşkili qaydalarına qədər dəyişməliyik ki, həm təhsilin əlçatanlığı mümkün olsun, həm ədalət öz əksini tapsın”.

Həmsöhbətimiz biliklərim minimum şəkildə yoxlanılmasının gələcəkdə əmək bazarına mənfi yöndə təsiri olmayacağını da diqqətə çatdırıb:

“Savad göstəricisi nisbi anlayışdır. Məsələn, indiyədək qəbul imtahanında 700 bal toplayan 115-ə qədər abituriyent var, onların hər hansı birini əmək bazarında tanımırıq. Yəni savadlı kadrla ixtisaslı kadr fərqli anlayışlardır. Bu qəbul ilində  47 min abituriyent universitetə qəbul oldu. 4 il sonra o 47 minin 42 faizi əmək  bazarında işləyəcək. 58 faiz diplomlu isə tamam fərqli sahələrdə işləyir. Deməli, ali təhsil əmək bazarının tələbinə cavab verən ixtisaslı kadr hazırlamır. Bu gün ixtisaslı kadr öz üzərində çalışandır. Onlar tamam fərqli qütblərdir. Ona görə də semestr imtahanlarının dediyim formatdakı təşkili ixtisaslı kadr çatışmazlığına  gətirib çıxarar deyə düşünmək doğru deyil. Sadəcə spesifik sahələr var ki, bu onlara şamil oluna bilər. Tibb buraya daxildir. Onun da həll yolunu vermişəm. Tibb təhsili alan tələbə universitetə gələ bilmirsə, bütün qəsəbə və rayonlarda poliklinika, xəstəxana var, oraya getsinlər. Nəzəriyyə yerinə praktika üstün tutulsun”.

Həmçinin oxuyun

“Azəriqaz” məlumat yaydı: Güzəşt ediləcək

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə …