Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Azərbaycan terrora qarşı İslam koalisiyasına qoşulsunmu…

Azərbaycan terrora qarşı İslam koalisiyasına qoşulsunmu…

Arzu Nağıyev: “Biz terrora qarşı istənilən koalisiyanın üzvü olmağa hazırıq, bu və ya digər yollarla bunu həyata keçiririk”

“Həmin koalisiya da bizi üzləşdiyimiz daxili terrorizmlə, daha doğrusu, erməni terrorizmi ilə mübarizədə dəstəkləməlidir”

Artıq xəbər verildiyi kimi, 34 islam ölkəsi Yaxın Şərqi viran qoymuş terrorçu birləşmələrə qarşı daha effektiv mübarizə aparmaq üçün bir araya gələrək Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya yaratmağa qərar verib. Hazırda Azərbaycanın da koalisiyaya üzvlüyü məsələsinə baxılır.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi H.Hacıyev bildirib ki, məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub və bu xüsusda təmaslar davam etdirilir: “Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır”.
Maraqlıdır ki, hər dəfə Azərbaycanın adı önəmli geosiyasi hadisələrin fonunda çəkilərkən olduğu kimi, bu dəfə də ermənilərin məsələyə reaksiyası özünü çox gözlətməyib. Belə ki, erməni şərqşünası Sarkis Qriqoryan panorama.am saytına açıqlamasında qərəz və qısqanclığını gizlətməyib. Ümumilikdə islam ölkələrinin koalisiya yaratması yönündə təşəbbüsünü şübhə altına alan şərqşünas deyib ki, Bakının terrora qarşı mübarizə aparmaq təcrübəsi olmadığından, onun bu genişmiqyaslı koalisiyaya qoşulmasında bir məna görmür.
Azərbaycanın yeni yaradılan terrorla mübarizə koalisiyasında yer alması lazımdırmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyevin sözlərinə görə, yeni ideyanın müəllifi təbii ki, ABŞ-dır: “Bir müddət öncə, daha doğrusu, noyabr ayının 27 də, Bağdadda senator Con Makkeyn və İraqın baş naziri Heydər Əl Abadi ilə görüşdə razılıq əldə edildi. Bu təklif İraq tərəfini razı salmasa da, onlar məcburiyyət qarşısında qaldılar və İŞİD-ə qarşı yerüstü mübarizəyə başlamaq üçün 90 min ərəb ölkələrindən, 10 min isə ABŞ tərəfdən hərbçi ilə bu müqaviləni həyata keçirməyə razılaşdılar. İraq təbii ki, bunun əleyhinə idi, çünki əməliyyatlar əsasən İraq və Suriya ərazisində aparılmalıdır. Məhz buna görə də Türkiyə İraqdan öz kontingentini çıxarmadı.
Bu təklif əvvəllər də Birləşmiş Ərəb Əmirliyi tərfindən səslənmişdi. Hazırda BƏƏ və Səudiyyə Ərəbistanı Yəməndə Əl-Husi-yə qarşı hərbi əməliyyatlar aparır və İŞİD-ə qarşı koalisiyaya daxildirlər.
Məhz bu təkliflərdən sonra artıq 34 ərəb dövləti əməliyyat-komanda mərkəzinin Ər-Riyadda yerləşməsi şərtilə antiterror koalisiyası yaradılması haqqında qərar qəbul etdilər. Bunun da əsas məqsədini “islam ölkələrinin maraqlarına olan təhdidin” qarşısının alınması kimi açıqladılar. Həmin 34 dövlətdən əlavə, regiondan kənarda olan bir neçəsi, təxminən 10 dövlət də qoşulma haqqında qərar qəbul edib, bunlardan biri də İndoneziyadır.
Azərbaycana gələndə, biz terrora qarşı istənilən koalisiyanın üzvü olmağa hazırıq və bu və ya digər yollarla bunu həyata keçiririk. Misal kimi Əfqanıstanı da göstərmək olar. Yəni biz dünyəvi dövlətik və islami dəyərlərlə tənzimlənən bir ölkəyik. Bu baxımdan, hər bir terrora qarşı mübarizəyə qoşulmalıyıq. Eyni zamanda, həmin koalisiya da bizi üzləşdiyimiz daxili terrorizmlə, daha doğrusu, erməni terrorizmi ilə mübarizədə dəstəkləməlidir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın