Cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53 918 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1 580-i əkiz, 75-i üçəm, dördü isə dördəm olub. Qeyd edək ki, ümumilikdə son illər ölkədə doğulan uşaqların sayında azalma müşahidə edilir.
Ancaq illər öncə ailələrdə 5,7, 9, hətta 11 uşağa rast gəlmək mümkün idi. Hətta uşaqların sayının çoxluğuna görə qadınlar “Qəhrəman ana” medalı ilə təltif edilirdilər. İllər keçdikcə anaların da bu “qəhrəmanlığı” unudulmağa başladı. Bu gün artıq ailələrin bir çoxunda 1 uşaq dünyaya gətirmək dəb halını alıb. Bunun isə müxtəlif səbəbləri var. Əsas səbəb kimi isə ailələr maddi problemlərini irəli sürürlər. Valideynlər düşünürlər ki, hazırda uşağı böyütmək üçün “uşaq pulu” verilmir məktəbə getməsi üçün böyük xərc tələb olunur, daha sonra 5-6 repetitora ödəmək üçün maliyyə vəsaiti lazımdır.
Buna görə də ən asan yol kimi ciblərinə baxıb 1 uşaqla kifayətlənməli olurlar. Bütün bu proseslər isə doğulan uşaqların, gənclərin sayınını azalmasına, əhalinin yaşlanmasına səbəb olacaq. Ona görə yox ki, Azərbaycanda ömür yaşı çoxluq təşkil edir. Bu gün artıq əhalini heç də uzunömürlü hesab etmək olmaz. Sadəcə bu proses davam edərsə, gənc nəslin sayı azalacaq.
Bəs mövcud problemin qarşısını almaq üçün hansı addımlar atmaq lazımıdr?
Sosioloq Əhməd Abbasbəyli Cebhe.info-ya bildirib ki, istənilən bir problemin, o cümlədən də ölkədə doğulan uşaqların sayının azalmasının müxtəlif səbəbləri ola bilər:

“Bu problemi müxtəlif aspektdən izah etmək olar. Baxmayaraq ki, Avropa ölkələri, Rusiya ilə müqayisədə bizdə hələ də bu, ciddi problem sayılmır, ancaq bu tendensiya ilə getsə, bu istiqamətdə ciddi tədbirlər görülməsə, ölkədə problem yarana bilər. Ümumiyyətlə, Avropadan, Qərbdən qaynaqlanan bir tendensiyaya görə azuşaqlılığa meyil yaranıb. Bizdə hələ də kənd yerlərində çoxuşaqlı ailələr var. Ancaq şəhərdə bu məsələ Qərbə meyillik istiqamətində inkişaf etməyə başlayıb.
Ən inkişaf etmiş ölkələrdə uşaq sayı az olur. Bu “mədəniyyətin” yeni bir təzahürüdür ki, uşaq sayının az olmasını istəyirlər. Maksimum dərəcədə onun təhsilinə, normal inkişafına şərait yaratmağa çalışırlar. Bu mənada bir meyardır. Bu gün Bakıda doğulan uşaqların sayı daha az olur. Halbuki Bakıda ölkənin regionlarına nisbətən daha sosial təminatlı insanlar yaşayır”.
Məsələnin ikinci bir tərəfi Azərbaycanda son dövrlər, nikahların uğursuzluğunun ciddi bir problemə çevrilməsidir:
“Ailədə uşaq olur, yaxud olmur, ailə dağılır. Yəni bu da uşaq doğumunun sayının azlığında bir meyardır. Bu da düzgün aparılmayan təbliğatın nəticəsidir. Kiçik bir problemi boşanma həddinə çatdırmaq istəyən insanlar, hüquq müdafiəçiləri yaranıb. Bu da təsir edən məsələlərdən biridir”.
Sosioloqun fikrincə, mövcud problemlə bağlı üçüncü yerdə sosial məsələlər durur:
“Ailənin özününmaddi vəziyyəti ilə bağlı bir çox ailələr bu problemin öhdəsindən gələ bilmir. Bir çox ölkələrdə demoqrafik problemin vaxtında qarşısının alınması üçün müxtəlif layihələr həyata keçirilir. Məsələn, Rusiyada bu sahədə ciddi problem var. Baxmayaraq ki, o qədər inkişaf etmiş dövlət deyil. Rus kökənli ailələr uşaq məsələsinə o qədər də həvəsli deyillər. Bununla bağlı Rusiya hökuməti ciddi layihələr həyata keçirir. Ananın hamiləlik dövrü, uşağın doğulması, uşağın sayına görə də maliyyə vəsiati ayrılır. Hətta kənardan uşaq götürülməsi ilə bağlı həvəsləndirici maliyyə vəsaiti ayrılır.
Bu da kifayət qədər ciddi maliyyə vəsaitləridir. Bu kimi layihələrlə çalışırlar ki, sosial zəminə köklənmiş problemi aradan qaldırsınlar. Beləliklə, bir çox ölkələrdə sosial problemlərə bağlı olan məsələləri dövlət öz üzərinə götürür ki, demoqrafik problem yaranmasın. Biz hər zaman fəxr edirik ki, Azərbaycan Cənubi Qafqazda əhalisi inkişaf edən, say baxımından da mütəşəkkil bir dövlətik. Ancaq bu tendensiya ilə biz artıq bu mövqelərimizi itirə bilərik. Dövlət bu sahədə ciddi layihələr həyata kerçirməlidir. Həvəsləndirici mükafatlar, ödənişlər, maliyyə vəsaitlərinə start verilməlidir. Belə getsə, yaxın zamanda ciddi problemlərlə üzləşə bilərik”.