Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Azərbaycan qazı Gürcüstandan Ermənistana dəhlizi bağlayacaq

Azərbaycan qazı Gürcüstandan Ermənistana dəhlizi bağlayacaq

Ekspert: “Qarabağ münaqişəsindən ən uduşlu çıxan Gürcüstan oldu…”

Gürcüstan 2018-ci il üçün qaz təminatının yüz faizini Azərbaycandan alacaq. Özü də güzəştli şərtlərlə. Bəs Azərbaycanın bu güzəşti Gürcüstan hökumətinin Ermənistana dəhliz verməsini əngəlləyən faktora çevrilə bilərmi? Azərbaycan qaz amilindən gürcü hökumətinə təsir üçün yararlanmalıdırmı?

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan illərdir olduğu kimi yenə də Gürcüstana xilas əlini uzadır: “Uzun illər neftimizlə, indi də qazımızla onları xilas edirik. Gürcüstan hökuməti Azərbaycandan hansısa təzyiq olmadan bunu nəzərə almalıdır və Azərbaycanın strateji maraqlarına zidd olan addımlardan çəkinməlidir. Ermənistanla münasibətlərdə gürcü hökuməti Azərbaycanın torpaqlarının işğalı faktını kənara qoymamalıdır. Rusiyadan qaz almaq gürcülərin büdcələrinə baha başa gəlirdi. Həm də qaz məsələsi Gürcüstanı Rusiyadan asılı vəziyyətə gətirirdi. Azərbaycan bu baxımdan yanaşsaq, Gürcüstana həm iqtisadi, həm də siyasi baxımdan ciddi dəstək vermiş sayılır. Azərbaycan Gürcüstana uyğun qiymətə qaz satacaq. Gürcüstan yenə Azərbaycanla bazarlığa girib öz xeyrini güddü. Belə hal birinci dəfə baş vermir. Biz bunu gələcəkdə nəzərə almalıyıq. Azərbaycan-Ermənistan münaqişəsindən ən uduşlu Gürcüstan çıxdı. Yəqin Azərbaycan hökuməti Gürcüstana qaz güzəşti ilə dəhliz məsələsini həll etməyə çalışacaq və Ermənistana dəhliz verilməyəcək. Təbii Azərbaycan öz iqtisadi gücündən yararlanmalıdır ki, Gürcüstana təsir edə bilsin. Azərbaycan olmasaydı, Gürcüstan indi iqtisadi baxımdan Ermənistandan da, acınacaqlı durumda olardı. Güman edirik Azərbaycan Gürcüstana Ermənistanın güclənməsinə səbəb olacaq addımlar atmaqdan çəkindirəcək”.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Qeyd edək ki, dekabr ayında Gürcüstanın baş naziri Georgi Kvirikaşvili erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstan ərazisindəki nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyünü bəyan edib. Bu isə Gürcüstan müxalifətində, həmçinin Azərbaycanda güclü reaksiya doğurub və etirazlara səbəb olub. Məsələ hətta Azərbaycan Milli Məclisinin payız sessiyasının son iclasında müzakirə edilib.

Yuxarı Larsa alternativ axtarışı İrəvan üçün strateji əhəmiyyətli məsələdir. Belə ki, Ermənistana yük axınının mütləq əksəriyyəti-80%-ə yaxını  Moskvadan gəlir. Hazırda ekspertlər 6 müxtəlif variantı nəzərdən keçirir: dəniz yolu (Poti vasitəsilə), üç quru yolu (Cənubi Osetiya dəhlizi, Dağıstan və Yuxarı Larsdan keçən Avar-Kaxeti yolu) və dəmir yolu (Zuqdidi-Soçi marşrutu üzrə Abxaziya ərazisindən keçir). Lakin iqtisadi baxımdan Ermənistan üçün ən sərfəlisi Nar (Şimali Osetiya)-Qori marşrutudur ki, bu da Cənubi Osetiyadan keçir. O, Yuxarı Larsdan 80 km uzun olsa da, daha uyğun iqlim şərtləri və relyef üzündən məqsədəuyğundur. Dəmiryolu rentabelli deyil, belə ki Rusiyadan Ermənistana malların daşınması 40 günə qədər uzana bilər. Bərə yolu da xeyli mürəkkəbdir. Dağıstan vasitəsilə (Avar-Kaxeti yolu) daşınma da pis alternativdir, çünki birincisi, bu yol təhlükəsiz deyil. İkincisi, bu marşrutun seçilməsi əvvəlcədən logistikaya yatırımlar tələb edir.

Gürcüstanın dekabr ayında imzalandığı müqavilə Ermənistana Rusiyadan bu ölkədən keçməklə quru dəhlizini qismən də olsa açmış olur. Hansı ki, həmin dəhliz 1990-cı illərin əvvəllərindən bağlı idi və Yuxarı Lars keçidində qış aylarında hərəkət çətinləşəndə Ermənistana yüklərin daşınması ancaq Gürcüstan limanlarından mümkün olurdu.

Ekspertlərə görə, Gürcüstan hökumətinin bu addımı Azərbaycanın maraqlarına ziddir. Bunu hətta Azərbaycana xəyanət kimi də dəyərləndirmək mümkündür. İşğalçı ölkəyə faktiki olaraq ciddi nəfəslik vermək Azərbaycana qarşı olan hərəkətdir. Heç kim təminat verə bilməz ki, həmin dəhlizdən işğalçı Ermənistana Rusiyadan silah daşınmayacaq.

Həmçinin oxuyun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, …