Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycan nümayəndə heyəti AİB-nın 50-ci İllik Toplantısında iştirak edib

Azərbaycan nümayəndə heyəti AİB-nın 50-ci İllik Toplantısında iştirak edib

Asiya İnkişaf Bankının (AİB) 50 illik yubileyinə təsadüf edən və “Asiyanın rifah və tərəqqisini birlikdə quraq” devizi altında 4-7 may tarixlərində Yaponiyanın Yokohama şəhərində keçirilən AİB-nin Rəhbərlər Şurasının İllik Toplantısı öz işini başa vurub.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Azərbaycan Respublikasının maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Rəhbərlər Şurasının mayın 6-da keçirilən iclasında çıxış edən Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verib, neftin kəskin ucuzlaşması fonunda hökumət tərəfindən atılan qabaqlayıcı addımlar nəticəsində makroiqtisadi sabitliyin tez bir zamanda bərpa olunduğunu vurğulayıb. Nazir qeyd edib ki, aparılan kompleks struktur islahatları pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsinin gücləndirilməsi ilə yanaşı iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ixracın təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması və invesitisiyaların cəlb edilməsi istiqamətlərini əhatə edir.

İllik toplantı çərçivəsində Yaponiyanın maliyyə naziri Taro Aso, AİB-in prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vencay Jang, Divakar Qupta və digər rəsmilərlə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə həyata keçirilən bir sıra layihələrə o cümlədən yol-nəqliyyat, su təchizatı, irriqasiya, elektrik enerjisinin paylanması sahəsində layihələrə bankın verdiyi dəstək yüksək qiymətləndirilib.

AİB-in prezidenti Takehiko Nakao Azərbaycanın bankın dəyərli tərəfdaşı və vacib üzvü olduğunu, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

İllik Toplantı çərçivəsində, mayın 7-də, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (CQD) və AİB arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanıb.

İmzalanma mərasimində Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyəti bir daha vurğulanıb, AİB, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və bir sıra digər beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənən bu transmilli layihənin Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağı vurğulanmış, bu layihənin uğurla başa çatdırılmasında Asiya İnkişaf Bankının dəstəyinin vacibliyi qeyd edilib. (Trend)

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın