Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycan müxalifəti Trampdan qorxmur

Azərbaycan müxalifəti Trampdan qorxmur

“ABŞ SSRİ deyil ki, prezident istədiyini etsin”
ABŞ-da prezident seçkilərinin finalında Demokratlar Partiyasından namizəd olan Hillari Klintonla Respublikaçılar Partiyasından olan Donald Trampın üz-üzə qalacağı artıq heç kimdə şübhə doğurmur.

Azərbaycan müxalifət liderləri ABŞ-da prezident seçkilərinin gedişatını izləyirmi? Anti-müsəlman mövqeli Trampın prezident seçilmək şansının artması onları narahat edirmi?
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”ın suallarını cavablandırarkən ABŞ xarici siyasətinin təkcə prezidentlərin əlində olmadığını bildirdi və bu baxımdan Trampın verdiyi vədləri əsassız hesab etdi: “Mən ABŞ-da keçirilən seçki prosesini izləyirəm. Təbii ki, dünyanın fövqəlgücündə baş verən dəyişikliklər bütün dünyada, o cümlədən Cənubi Qafqaz regionunda da bəzi müsbət və ya mənfi nəticələrə səbəb ola bilər. Amerikada seçki öncəsi çox vədlər verilə bilər, çox namizədlər seçici səsi almaq üçün fərqli ampluada ola bilər, fərqli mesajlar və ya şüarlar seçə bilər. Lakin ABŞ mərkəzləşdirilmiş qaydada idarə olunan dövlətdir. Ob prezidentlərin arzu və istəklərinə görə idarə olunan dövlət deyil. Orada mərkəzləşdirilmiş dövlət siyasəti var və o siyasəti də prezidentlər icra edirlər. Prezidentlərin vəzifəsi mərkəzləşdirilmiş siyasəti necə icra etmələrinə verilən qiymətə görə ölçülür. Tramp indiki dönəmdə çoxlu vədlər verir, dünyanı heyrətə gətirə biləcək açıqlamalarla çıxış edir. Xüsusən İslam dünyasına qarşı aqressiv fikirlər səsləndirir. Ancaq sizi əmin edirəm ki, bugünkü şərtlərlə onun seçiləcəyi o qədər də inandırıcı görünmür. Lakin seçiləcəyi təqdirdə, hətta o özü deyəcək ki, bu seçkiöncəsi idi, daxildə ab-havanı bilirdim və ona uyğun da seçiciyə mesajlar verirdim, indi isə dövlət başçısı olaraq fərqli siyasət yürüdəcəyəm. Mən belə olacağına əminəm”.

ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında Trampın prezident seçildikdən sonra verdiyi vədləri həyata keçirəcəyinə inanmadığını diqqətə çatdırdı: “Trampın prezident seçiləcəyi ehtimalı mənş narahat etmir. Əvvəla, Amerika ictimaiyyəti kifayət qədər güclüdür. Orada prezident hakimiyyətini neytrallaşdıran güclü hakimiyyət orqanları var. Məsələn, Amerika Ali Məhkəməsi istənilən prezidentin verdiyi fərmanı qüvvədən sala bilər, etibarsız elan edə bilər, prezidenti məhkəməyə çağırıb ondan hesabat tələb edə bilər. İkincisi Konqres var ki, respublikaçıların tam nəzarətində deyil. Konqresdən keçməyən istənilən qərar Amerika dövləti üçün heç bir əhəmiyyətə malik deyil. Ona görə də namizədlər seçkidən əvvəl radikal fikirlər səsləndirsələr də, seçiləndən sonra məcburdurlar ki, Amerikanın mövcud siyasi rejiminin tələblərinə cavab versinlər. Əks halda, bir gün də Amerikada prezident ola bilməzlər. Ona görə də mən narahat deyiləm.

Düşünürəm ki, bub seçkiqabağı şoudur. Fərqli mövqe ortaya qoymaq, populist çıxışlar etmək bir növ avantüradır və seçicini cəlb etmək məqsədilə atılan addımdır. Lakin Tramp bu gün dediklərini heç vaxt dövlət səviyyəsində həyata keçirə bilməz. Kimin seçiləcəyinə gəlincə, onu deyə bilərəm ki, Amerika tarixində belə bir ənənə var. Bir partiya heç vaxt iki seçkidən artıq hakimiyyətdə qalmır. Obama iki dəfə Demokratlar Partiyasının təmsilçisi olub. Bu ənənələrə görə Tramp seçilə bilər. Ancaq nəzərə alsaq ki, Tramp antimüsəlman mövqeyindən çıxış edir və amerikalıların maraqlarına zidd hərəkət edir. Bu baxımdan İslama meylli amerikalılar birləşərsə, Trampın prezident seçilməsi ehtimalı çox azdır”.

KXCP sədri Mirmahmud Mirəlioğlu Trampın heç bir halda müsəlman dünyası üçün bir təhdid olmadığını bildirdi: “Mən ardıcıl şəkildə izləməsəm də, epizodik olaraq izləyirəm. İstər Tramp seçilsin, istər başqa biri. Bizim üçün heç bir fərqi yoxdur. Amerikanın elə bir qaydaları var ki, ona rəğmən ən qatı anti-islamçılar belə seçki zamanı dediklərini həyata keçirə bilmirlər. Amerika nə SSRİ, nə də Qafqaz dövlətləri deyil ki, orada prezident istədiyini edə bilsin”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın