Ana səhifə / Sosial / “Azərbaycan hakimiyyətində möhkəmlənmək üçün evlənirlər…”

“Azərbaycan hakimiyyətində möhkəmlənmək üçün evlənirlər…”

Türkiyədə AKP hakimiyyətinə bağlı “Yeni Şafak” qəzeti Fətullah Gülən təriqətinin-“Paralel yapı”nın Azərbaycandakı yeni taktikası barədə sensasion hesab edilə biləcək iddialarla çıxış edib.

Virtualaz.org xəbər verir ki, qəzet təriqətin Qafqaz respublikaları üzrə imamlarını Azərbaycandakı məktəblərinin məzunları arasından seçib yerləşdirdiyini yazır. Bu imamlar isə dövlətin bürokratik sisteminə sistematik olaraq sızır.

Qəzet heç bir qaynaq göstərmədən yazır ki, təriqət Türkiyə-Rusiya münasibətləri, Türk-Gürcü mədəni əlaqələri adı altında dərnəklər, yaxud QHT-lər qurur. Daha sonra önəmli dövlət strukturlarına öz adamlarını yerləşdirir. “Fətullah Gülənin xaricdə açdığı ilk universitet olan Qafqaz Universitetindən məzun olanlar arasından seçilən imamlar Azərbaycan dövlətinin önəmli strukturlarında agentlərini yerləşdirmək üçün strateji nigahlara girirlər”-qəzet yazır.

Bildirilir ki, təriqət Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Türkmənistan kimi ölkələrə Azərbaycanda yetişdirdikləri imamlardan təyin edirlər. Mədəni dərnəklər qurub sonra dövlət sisteminə sızmağa çalışırlar. “Paralel strukturun Azərbaycan qolunun mənsubları strateji evliliklərə girərək mühüm postlar tutan şəxslərlə münasibətlərini gücləndirirlər. İmam olaraq seçilən şəxslər siyasətdə önəmli mövqe tutan şəxsin qızı, yaxud həyat yoldaşı vəfat edən biri ilə evlənərək qohumluq bağları qurur”-“Yeni Şafak” iddia edir.

Qəzet onu da yazır ki, Türkiyədə Fətullah Gülənin təriqəti ilə mübarizə başlayanda Azərbaycan hökuməti də öz ölkəsində bu təriqətlə mübarizəyə girişmişdi. Lakin təriqətin Azərbaycanda fəaliyyət göstərən “Çağ Öyrətim” məktəbləri bağlansa da ayrı ad altında yenidən açıldı. “Bağlanan məktəblərin yerində “İstək Litseyləri” açılıb. Sadəcə ad lövhələrinin dəyişdiyi bu məktəblərdəki müəllim kadrlarının əksəriyyəti yenə də həmin adamlardır”-məqalədə deyilir.

Bu məqalədən görünən odur ki, Türkiyə iqtidarı hazırda “terror təşkilatı” hesab etdiyi Gülən təriqətinin Azərbaycanda köklərinin kəsilməməsindən narazıdır. Eyni zamanda məqalədə hansı siyasi evliliklərə eyham vurulduğu məlum deyil…

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın