Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Azərbaycan-Ermənistan barışığına «ABŞ-ın maliyyə dəstəyi»

Azərbaycan-Ermənistan barışığına «ABŞ-ın maliyyə dəstəyi»

Qabil Hüseynli: «Münaqişənin həllində irəliləyişin qazanılması pula bağlı deyil»

 

«Burada siyasi iradə böyük rol oynayır»

 

Azərbaycan iqtisadiyyatı son illərdə xeyli inkişaf edib və daha bu ölkənin ABŞ-ın maliyyə dəstəyinə ehtiyacı yoxdur. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Tallin Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

O deyib: «Sovet İttifaqının süqutundan sonra ABŞ-ın göstərdiyi maliyyə yardımı daimi olmamalıdır. Bu vəsaitlər ölkələrin sovet sistemindən beynəlxalq sistemə keçməsinə yardım olunması üçündür. Azərbaycan bunu edib, artıq köməyə ehtiyacı yoxdur».

O bildirib ki, dünyada ABŞ və amerikalıları təhdid edən böyük humanitar problemlər var: «Mən deməzdim ki, ABŞ üçün Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyəti prioritetliyini itirib, sadəcə problemlər çoxdur, maliyyə vəsaiti isə məhduddur».

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills dünənki açıqlamasında ölkəsinin Ermənistanla Azərbaycanın barışmasına yönəlik maliyyəni azaldacağını bildirmişdi.

ABŞ-lı diplomatların bu açıqlamalarında diqqətçəkən məqam Ermənistanla Azərbaycanın barışmasına dair mühüm faktor kimi maliyyə vəsaitinin zəruriliyinə dair fikirlərin qabardılmasıdır. Bu nə deməkdir?

Politoloq Qabil Hüseynli  açıqlamasında bildirdi ki, ABŞ-ın bu istiqamətdə fəaliyyətləri ola bilər: «Dağlıq Qarabağ məsələsinin nizama salınmasında pul o qədər də önəmli rol oynamır. Tərəflərin şirnikləşdirilməsilə bağlı belə manevr variant da işə salına bilər. Məsələn, Dünya Bankı Avropa dövlətlərinin təqdim etdiyi məsləhətə əsasən belə bir vəd verib ki, torpaqlar azad olunandan sonra ərazilərin minadan təmizlənməsi prosesini maliyyələşdirə bilər. Görünür, ABŞ-ın da belə vəd planları olub və var. İndiyə qədər pul ayrılıbsa, biz onun heç bir müsbət təsirini görmədik. Büdcənin azalması səbəbindən pulun kəsiləcəyini demək isə, ümumiyyətlə doğru deyil. Çünki bu müddət ərzində ABŞ-ın iqtisadiyyatında zəifləmə deyil, artım müşahidə edilir. Ola bilər ki, bu fikir təhdid məqsədilə işlədilsin. Ancaq ən böyük ehtimalla, bu, ABŞ-ın strategiyası ilə bağlıdır. Həmin pul ABŞ-ın öz maraqlarının təmin olunmasına ayrılıb, nəinki tərəflərin barışdırılmasına. Hazırda ABŞ bölgədə Rusiyanın xüsusi fəallığını görür. Bu səbəbdən də öz maraqlarının təminatı ilə bağlı perspektivi az hiss edir. Bütün deyilənlər buna işarədir. İkinci bir tərəfdən isə, münaqişənin həllində irəliləyişin qazanılması pula bağlı deyil. Burada siyasi iradə böyük rol oynayır».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın