Ana səhifə / Sosial / Azərbaycan beynəlxalq sülh çağırışlarını saymadan döyüşləri davam etdirsəydi…

Azərbaycan beynəlxalq sülh çağırışlarını saymadan döyüşləri davam etdirsəydi…

Ramiz Tağıyev: “Azərbaycanın atəşkəsdən boyun qaçırması düz olmazdı”

“Məsələn, sanksiyalar tətbiq edilə bilər, silah satışına embarqo qoyular və s.”

Cəbhədəki 4 günlük qanlı döyüşlər haqlı olaraq nəinki qarşıdakı günlərdə, növbəti aylarda və hətta il boyu ölkə mediasının və bütövlükdə cəmiyyətin eninə-uzununa təftiş edəcəyi əsas gündəm mövzularından biri olacaq.
Bu da təsadüfi deyil, bizi atəşkəsdən 22 il, işğal altındakı torpaqlarımızdan isə az qala 23 il ayırır. Amma son qələbələr məmləkət insanının üzünü güldürdü, içində sönmüş vulkanı alovlandırdı, qələbəyə inamı birəbeş artırdı. Bir sözlə, 4 günün qazancı ilə itkilərini müqayisə etdikdə bir üzümüzdən kədər, o biri üzümüzdən sevinc göz yaşları axdı…
Təbii ki, 4 günlük bu müharibə çox böyük dərslər də verdi.
Azərbaycan və Ermənistan arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşma silahlı qüvvələrin baş qərargah rəisləri arasında aprelin 5-də Moskvada keçirilmiş danışıqlarda əldə olundu. Atəşkəsin əldə olunmasından sonra ermənilər arası-sıra vədlərinə əməl etməsə də, ümumən böyük hərbi əməliyyatlar dayandırılıb.
Təbii ki, Azərbaycan buna beynəlxalq qurumların və bir sıra ölkələrin çağırışından sonra getdi. “Atəşkəsə niyə gedildi” sualını verənlər də az deyil. Azərbaycan bunu etməsəydi nələr ola bilərdi?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə bildirdi ki, 4 günlük müharibə Azərbaycana böyük test imkanları verdi:

“Biz bir daha sübut etdik ki, bir xalq və millət olaraq işğalla barışmırıq. Azərbaycan xalqının bu ağır gündə ortaya qoyduğu milli birliyə bütün ölkələr heyran oldu. Hətta ən radikal müxalifət partiyaları belə həmin günlərdə dövlətlə bir yerdə olduqlarını, bütün tənqidləri dayandırdıqlarını bəyan etdilər. Azərbaycan Ordusu öz qüdrətini və rəşadətini göstərmiş oldu. Məlum olduğu kimi, Dağlıq Qarabağla bağlı sülh danışıqları da aparılır. Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bəyan edib. Amma hərb yolunu da istisna etmir. İndiki məqamda bütün dünyanın bizi atəşkəsə çağırdığı bir məqamda təklifləri qəbul etməyə bilməzdik. Buna başqa rəng qata bilərdilər. Azərbaycan münaqişə boyunca bütün beynəlxalq öhdəliklərə sadiq olub. Hesab edirəm ki, bu məsələdə də doğru addım atılıb. Bütün səviyyələrdə bəyan edilib ki, bu heç də əbədi atəşkəs anlamına gəlmir.
Azərbaycan istənilən yolla öz torpaqlarının geri qaytarılmasında israrlıdır. Bu tamamilə başqa mövzudur.
Hansısa dövlət beynəlxalq öhdəlikləri yerinə yetirməyəndə, ona çoxsaylı təzyiq rıçaqları var. Məsələn, sanksiyalar tətbiq edilə bilər, silah satışına embarqo qoyular və s. İndiki məqamda bu, Azərbaycana heç sərf etmirdi. Azərbaycanın atəşkəsdən boyun qaçırması düz olmazdı”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın