Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Aydın Mirzəzadə onu tənqid edənlərin cavabını verdi

Aydın Mirzəzadə onu tənqid edənlərin cavabını verdi

Hakim Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat Aydın Mirzəzadənin “Avro 2016”-da “SOCAR – Energy of Azerbaijan” adı altında reklamı gedən milli bredimizə rəğbətini ifadə edən statusu sosial şəbəkələrdə müxalifət təmsilçiləri tərəfindən tənqid hədəfinə tuş gəlib. Müxaliflər deputatın statusunu ələ salaraq, sosial şəbəkələrdəki hesablarında xoşagəlməz fikirlər yazıblar.

Aydın Mirəzadə məlum statusunda yazıb: “Futbol üzrə 2016-cı il Avropa çempionatının ikinci yarımfinal yarışması gedir. Ənənəvi rəqiblər olan Almaniya və Fransa komandaları güclü oyun nümayiş etdirirlər. Ancaq mən bu yarışda da SOCAR-a rəğbət bəsləyirəm. Artıq ikinci yarımfinaldır ki, bizim milli brendimiz qalib gəlir. İnanıram ki, finalda da qalib SOCAR olacaq”.

YAP-çı deputat yenidən bu məsələyə qayıdaraq haqqında səslənən fikirlərə münasibət bildirib. Millət vəkili AzVision.az-a açıqlamasında deyib ki, kimsə Azərbaycan dilində yazılmış statusu oxuya, dərk edə bilmirsə, bu həmin şəxslərin problemidir.

“Həmin statusda SOCAR-ın futbol üzrə Avropa Çempionatında reklamının verilməsinə öz müsbət rəyimi bildirmişəm. Obrazlı şəkildə qeyd etmişəm ki, hər iki yarımfinalda milli brendimiz qalib gəlib. Əgər kimsə azərbaycanca yazılmış bu sətirləri oxuya bilmirsə, bu, onun öz problemidir. Mən sevinirəm ki, Azərbaycanın artıq beynəlxalq səviyyədə tanınan brendi yaranıb. Sevinirəm ki, 1 milyarddan çox insanın izlədiyi çempionatda Azərbaycan şirkətinin adı çəkilir. Bu, Azərbaycanın və onun şirkətinin təbliğ edilməsidir. Kimlərinsə, bu statusuma tənqidi yanaşmasına normal baxıram. Bu, onların hüququdur. Bununla belə mən öz mövqeyimdə qalıram ki, bu gün Azərbaycan üçün “Avro2016”nın ən böyük nəticəsi SOCAR-ın öz adını reklam etməsidir, Azərbaycanın adını milyonlarla insanın oxumasıdır. Belə bir imkan Ermənistanın və ya onun hansısa şirkətinin əlində olsaydı, ondan maksimum yararlanardılar. Hesab etmirəm ki, bu gün ermənilər və ermənipərəst dairələr futbol matçlarına baxanda “SOCAR – Energy of Azerbaijan” sözlərini sakitliklə qarşılayırlar. Bir daha hesab edirəm ki, milli brendimiz SOCAR futbol yarışlarında qalib gəlir və bu gün final matçında SOCAR-ın adını görmək, fəxarət duymaq hər bir azərbaycanlı üçün xoş olacaq”.

Millət vəkili qeyd edib ki, SOCAR çoxdan milli sərhədlərimizdən kənara çıxaraq, dünyada tanınan şirkətdir. “SOCAR aktiv şəkildə Avropa bazarına girir, orada yanacaqdoldurma şəbəkələri yaradır, Yunanıstanın qazpaylayıcı şirkətinin alınması istiqamətində danışıqlar aparır. Eyni zamanda Avropa enerji bazarında SOCAR-ın daha böyük imkanlar var. Hesab edirəm ki, biz nə qədər bu tip reklamlara pul xərcləsək, onun iqtisadi nəticələrini daha çox əldə edəcəyik. SOCAR-ın digər ölkələrin neft yataqlarının həm kəşfiyyatında, həm istismarında iştirak edəcəyi gün uzaqda deyil. Bu kənardan Azərbaycana valyuta ehtiyatının gətirilməsi deməkdir.

Təəssüf ki, bəziləri ya buna siyasi müxalif gözü ilə baxır, ya da onun iqtisadi mahiyyətini anlamır. Məşhur ABŞ milyarderi Henrix Forda sual verirlər ki, əgər biznesə yenidən başlasaydınız və 100 dollarınız olsaydı nə edərdiniz? Bu gün onun bütün menecment kitablarında öyrənilən ifadəsi var. “10 dollara məhsul istehsal edər, 90 dollarını isə reklama xərcləyərdim. Bu baxımdan SOCAR-ın reklama pul xərcləməsinə çox müsbət baxıram. Bu, Azərbaycanın imicidir, SOCAR-ın tanınması deməkdir. Bu gün dünya enerji bazarında rəqabət həddən artıq güclüdür. Orada yer tutmaq isə çox çətindir. Çünki, transmilli şirkətlər bu bazarı bölüşdürüblər. Müstəqilliyini yenicə qazanmış ölkənin kiçik neft şirkətinin bazara daxil olması, özünü tanıtması kifayət qədər ciddi məsələdir. Ümid edirəm ki, biz gələcəkdə SOCAR-la yanaşı digər milli brendlərimizi yaradacağıq.

Mənim statusuma etiraz edənlər dərk etmirlər ki, məhz SOCAR-ın beynəlxalq iqtisadi bazarda yer tutması Azərbaycan əlavə gəlir gətirir və onların rahat yaşadığı evlərin tikilməsinə, yolların salınmasına, məktəblərin, xəstəxanaların tikilməsinə yardım edir. Hesab edirəm ki, siyasətdə hər şeyi iqtidar-müxalifliklə bağlamaq olmaz. Çünki, siyasətin kökündə iqtisadiyyat durur. SOCAR-ın etdiyi isə ilk növbədə iqtisadiyyatdır”, – deyə A.Mirzəzadə vurğulayıb.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın