Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Ayaz Mütəllibov Daşaltıda özünü qalib kimi göstərmək istəyirdi”

“Ayaz Mütəllibov Daşaltıda özünü qalib kimi göstərmək istəyirdi”

25 yanvar 1992-ci il, Xocalı soyqırımından düz bir ay əvvəl. Öz ağlımızla öz  başımızı və əlimizi daş altına qoyduğumuz gün. O daşın altına düşdüyümüz gündən azca sonra Meşəli, Cəmilli, Kərkicahan, Malıbəyli, Quşçular, Xocalı, Xocavənd və bötövlükdə küllü Qarabağ daş altında qaldı. İş burasındadır ki, ötən illər ərzində məğlubiyyətimizin səbəblərini araşdırmaqdan və öyrənməkdənsə ağır bir daş altında gizlətdik.    
Daşaltı Azərbaycan Silahlı Qüvvələrinin ilk peşəkar əməliyyatı idi və əməliyyata rəhbərliyi ölkənin o vaxtki Müdafiə naziri general-mayor Tacəddin Mehdiyev şəxsən özü rəhbərlik edirdi. Nə zamandır arxiv sənədləri arayırdım. O vaxt ANS-in əməkdaşları Vahid Mustafayevlə Mirşahinin çəkdiyi videolar köməyimə çatdı. Daşaltı əməliyyatına nə ehtiyac vardı, müdafiə olunacaq daha vacib bölgələrimiz yox idimi? Təqdim etdiyim yzıda daha çox Tacəddin Mehdiyevin və əməliyyat iştirakçılarının kəlmə-kəlmə söylədiklərinə yer verdim. Daşaltı bir-birinə kinin, nifrətin, mənəm-mənəmliyin və xəyanətin necə qurbanı olmasına sübutdur bu video və sənədlər. Bəzi məqamları təqdim edirəm:
 
Tacəddin Mehdiyev (1992-ci ildə Azərbaycanın Müdafiə naziri): Bir gün Riad Əhmədovu və döyüşçü dostlarını çağırıb dedim ki, biz Daşaltını erməni qüvvələrindən təmizləyə bilərikmi? Dedilər ki, bir ay əvvəl orada olmuşuq, əməliyyatımız uğurla keçib, o zaman elə güclü silahımız yox idi, indi yaxşı silahlarımız var, Daşaltıda çox uğurlu əməliyyat keçirə bilərik. Tapşırıq verdim ki, əməliyyat planı  hazırlayın. Qısa zamanda Nurəddin Abdullayev əməliyyatı hazırlayıb mənə təqdim etdi. Dağ şəraitində döyüş şərtlərini nəzərə alaraq əməliyyat xəritəsinə qısa bir düzəliş etdim və dedim ki, döyüş qruplar şəklində aparılmalıdır. Qərara gəldik ki, 5 bölük birbaşa əməliyyatda iştirak etməli, 1 bölük ehtiyat qrupu olmalı, 1 bölük isə Üçmıx dağında yerləşməlidir ki, ermənilər plomyotla atəş açanda onu dağın başından vursunlar. Yanvarın 19-da Şuşada idik,  Rayon rəhbərliyini, polis rəsini, Şuşa özünümüdafiə batalyonunun rəhbərliyini yığıb planı bərabər müzakirə etdik. Şuşanın polis rəsiri Vahid Bayramov dedi ki, bizim də 350 nəfərlik yerli batalyonumuz var, onlar da ehtiyat qüvvəsi kimi hazır vəziyyətdə olsunlar. Sonra xahiş etdi ki, Şuşa rayon polis idarəsində Fərman Xəlilovun başçılıq etdiyi “Speznaz” qrupu da sizin dəstə ilə döyüşə girsin. Yerli özünümüdafiə batalyonundan isə hər bölüyə bir bələdçi verilsin. Bizə söz verdi ki, toplardan atəş açmaq üçün 150 mərmi döyüş mövqeyinə göndərəcək. Beləcə, qısa zamanda 150 nəfərlik maskalat da hazırlandı. Döyüşün başlayacağı tarixi məndən başqa heç kim bilmirdi. Kəşfiyat aparmaq üçün Nəbilər kəndində post qoymuşduq. Qruplar həmən postdan keçib Daşaltıya enməli idilər. Bütün qruplar o postdan keçmişdi, təkcə Fərman Xəlilovun “Spesznaz”ından başqa. Amma onlar haradansa döyüş bölgəsinə girmişdilər. Plana görə yanvarın 25-i səhər  saatlarında biz topdan ilk atəş açmalıydıq və yarım saat ərzində onlar yavaş-yavaş Daşaltıya girməliydilər. vahid Bayramovdan bir dənə də olsun mərmi gəlmədi.
Tacəddin müəllimin dediklərindən anlaşıldığına görə əməliyyatın vaxtını ondan başqa heç kim bilməsə də, burada satqınlıq olub və ona görə də uğursuzluqla nəticələnib. Lakin yerli müdafiə batalyonunun komandir müavini Möhtəşəm Məhərrəmov bu fikri inkar edir və deyir ki, əməliyyat barədə uşaqlar belə xəbərdar idi.
Möhtəşəm Məhərrəmov (19912-ci MN-in tabor komandiri müavini): Şuşada camaat hər gün Mədəniyyət evinin qarşısına yığışırdı. Hamı danışırdı ki, Tacəddin müəllim orda camaatla görüşəndə deyib ki, 3 günə Daşaltı götürüləcək. Yanvarın 24-də axşamüstü Tacəddin müəllim Nurəddin Abdullayevlə gəldi bizim batalyona. Dedi ki, mən sabah 11 manqa ilə Daşaltına hücum edəcəm, mənə hər manqaya 1  bələdçi verməlisiniz. Dedim ki, Tacəddin müəllim, gəlin bizim batalyonla bərabər hərəkət edək. Çünki Bakıdan gələn “Şıxov” batalyonunun uşaqları hamısı mülki vətəndaşlar idilər, bəlkə ilk dəfə idi ki, silah, hərbi geyim görürdülər. Birdə ki, Şuşa ilə Bakının iqlimi, relyefi çox fərqlidir və burada qışdır, qardır, hava çox sərtdir. Tacəddin müəllim təklifimi rədd etdi və dedi ki, bu əməliyyat bizimdir, siz qarışmayın, sadəcə hər manqaya bir bələdçi verin. Onu da deyim ki, Bakıdan gələn uşaqlara Şuşada heç bir hərbi təlim keçilməmişdi. Gəldiklərindən 2-3 gün sonra Daşaltı əməliyyatına aparıldılar. Hansı ki, dediyim kimi heç biri hərbçi deyildi. Mən də etiraz elədim, dedim ki, mən sizə bələdçi vermirəm və bu əməliyyatda məsuliyyət daımıram.
İlgili resim
Sovet Əsədov: (19912-ci ildə MN-in bölmə komandiri): Bölmələr əməliyyata girəndə mən orada iştirak etdim. Orada şuşalı bələdçiyox idi. Laçından gəlmiş uşaqlar deyirdilər ki, biz Daşaltıya bələdik. Mən Tacəddin müəllimə dedim ki, bu uşaqlar Şuşalı deyil, onlar döyüşçüləri Daşaltıya apara bilməyəcəklər.
Fəxrəddin Səfərov (1992-ci ildə Şuşa özünümüdafiə batalyonunum komandiri):   Əslində Daşaltı əməliyyatında mənim taborum birbaşa iştirak etməli idi. Hər bir döyüşçü kəndə bələd idi, iqlimə uyğun idi, burada doğulub böyümüş vətəndaş idi. Şuşa Yerli özünüidarə batalyonu niyə bu əməliyyatdan kənarda qalmalı idi? Bu iqlimi bilməyən, ömründə bir dəfə də olsun Şuşanı, Daşaltını görməyən uşaqları Bakıdan gətirib əməliyyata aparınca bizim öz batalyonumuzu aparmalı idilər. Mən birinci əməliyyatda iştirak etmirdim, başqa əraziyə təyinatlandırılmışdım. Mənim bataltonumda iri çaplı plomyot olduğu üçün ikinci əməliyyata çağırdılar ki, plomyotu gətirməlisən. Mən gəldim, təəssüf ki, gec idi, yalnız döyüşçülərimizin meyidlərini çıxarda bildik.
Cahid Ələkbərov (Birinci Daşaltı əməliyyatının döyüşçüsü): Yanvarın 24-də bizi Şuşa Pedaqoji məktəbinə yığdılar. Nurəddin Abdullayev bizə dedi ki, gedin Topxanada mövqe tutun. Ora çatanda havaya 1-2 traser güllə atın ki, orada olduğunuzu bilək. Bizə necə deyilmişdi elədik. Amma heç nə olmadı, geri qayıtdıq. Yanvarın 26-da Daşaltıya girəndə artıq ermənilər bizi gözləyirdi. Mühasirəyə alıb bölmələrimizi məhv lədilər. Qardaşım da şəhid oldu, Meyidlərimizi girov götürdüyümüz ermənilərlə dəyişdirdik, o cümlədən qardaşımı.
daşaltı əməliyyatı ile ilgili görsel sonucu
 
Ruzbek Vəliyev ( Riad Əhmədovun taborunun döyüşçüsü): Birinci əməliyyat başlayanda bələdçilər gəlmədi, ona görə də, əməliyyatın vaxtın dəyişməyə məcbur olduq.
Tacəddin Mehdiyev: 25- səhər şəfəq vaxtı əməliyyata  başladıq. Saat 9-10 radələrində mənə xəbər gəldi ki, 2 bölüklə əlaqələrimiz kəsilib. Birinci qurp Kirsdən gələn yolu, ikinci qurup isə Sukənd yolunu bağlamaq üçün təyinatlanmışdı. Bu iki qrupla əlaqə əsilmişdi. Günortaya yaxın Şuşadan  Göyüş adlı oğlan yaralı vəziyyətdə Nəbilər tərəfədən gəldi ki, döyüşçülərimizin silahı qurtraıb, yaralı və itkilər var. Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bölüyü çayın sağ tərəfindən kəndə girməli idi. Riyad kəndə girəndə onunla əlaqə qura bildik, dedi ki, kənddyik. Sonra onunla da əlaqəmiz kəsildi. Sonra öyrəndik ki, orada qara geyimli AMON-çular da var idi və onları Vahid Bayramov gətirmişdi. Onlar çayın ətrafında Riad gilin dəstəsinə atəş açıblar.
Nazir Tacəddin mehdiyev qəti şəkildə rədd etsə də, Şıxov batalyonundan yaralı İlyas İsmayılov deyir ki, Şuşa batalyonu özü daşaltıya girib və çoxlu sayda itgi vermişdi.
 
Vahid Bayramov ( 1992-ci ildə Şuşa rayon polis idarəsinin rəisi): Tacəddin Mehdiyev hay-küylə gəlmişdi, heç bir taktikası yox idi. Mən ora bir nəfər də olsun bələdçi verməmişəm. Daşaltı əməliyyatına ehtiyac yox idi. Ayaz Mütəllibov özünü göstərmək üçün qalib görüntüsü yaratmaq istəyirdi. O əməliyyata heç ehtiyac yox idi, nəticədə ruh düşkünlüyü yarandı və sonraki məğlubiyyətimiz onun davamı oldu.
 
Yaşar Məhərrəmov (Keçmiş döyüşçü, bugünlərdə dünyasını dəyişdi): yanvarın 25- əməliyyatın başlaması ilə faciə ilə nəticələnməsinin arası 2 saat çəkdi. Ondan sonra biz və Şuşa camaatı Daşaltıya girdik. Gücümüz çatan qədər meyidləri çıxardıq. Kəndi əlimizdə saxlamaq üçün silaha ehtiyac var idi, o day ox idi ki, yox idi. Heç olmasa bircə ədə qumbaratanımız olsaydı kəndi təslim etməzdik. Ermənilər güclü silah-sursatla üstümüzə gəlirdilər.
Tacəddin Mehdiyev: “Dedilər ki, prezident Rəhim Qazıyevə xüsusi səlahiyyətlər verib, Şuşaya göndərir. Mən də əməliyyatı dayandırdım” 
 
daşaltı əməliyyatı ile ilgili görsel sonucu
“…İkinci Daşaltı əməliyyatı balamışdı. Döyüşün şiddətli vaxtında mənə xəbər gəldi ki, prezident Rəhim Qazıyevə xüsuusi səlahiyyətlər verib onu Şuşaya göndərir. Hazırda R.Qazıyev Laçındadır, bir neçə saata Şuşaya çatacaq. Mən bu xəbəri duyduqdan sonra əmr verdim döyüşçülər əllərindəki bütün silahı kəndə atəş açdılar. Silah bitəndən sonra əməliyyatı dayandırdım və döyüşçülərin kəndə girməsinə mane oldum.”
Bu sözlər 1992-ci ildə Azərbaycanın Müdafiə naziri vəzifəsində çalışan, general-mayor Tacəddin Mehdiyevə aiddir. Məncə əməliyyatın niyə uğursuz alındığı haqqında daha bir kəlmə də deməyə ehtiyac yoxdur. Sadəcə o əməliyyat zamanı ölən və girov düşən Azərbaycan oğulları barədə bir neçə kəlmə:
“Uğursuz başlamasına baxmayaraq əməliyyat nəzərdə tutulan plan üzrə davam etmişdir. Nəbilər kəndindəki dəstə Daşaltıya doğru atəş açmağa başlayır. 3-cü və 4-cü vzvodların atəş dəstəyi altında qəhrəman Riad Əhmədovun dəstəsinin üzvləri Daşaltıya girir. Amma “Kələmlik” deyilən yerin yaxınlığında dəstə pusquya düşür və ermənilər tərəfindən hamısı amansızlıqla öldürülür. Bir müddətdən sonra 3-cü və 4-cü bölmələrin döyüşçüləri Daşaltıya daxil olub ermənilərlə vuruşmağa başlayırlar. Sığnax kəndi istiqamətindən gələn erməni dəstəsi Azərbaycan bölmələrinin mövqelərinə arxadan zərbə vurur. Daşaltı və Sığnax istiqamətlərindən düşmənin atdığı  çarpaz atəşin altına düşməsinə baxmayaraq, döyüşçülərdən heç kəs döyüş meydanından qaçmadan sonadək mərdliklə vuruşaraq tariximizə “Qanlı dərə” adı ilə daxil olan Daşaltıda amansızlıqla qətlə yetirilirlər. Faktlar göstərir əsgərlərimiz əsir düşməmək üçün öz canlarına qəsd etməkdən çəkinmirdilər. Belə ki, hər tərəfdən ermənilərin əhatəsində qalan Elşən Xəlilov F-1 qumbarasıyla özünü və ətrafındakı erməni əsgərləri partladıb. Zaur Cəfərov isə əsir düşməmək üçün son gülləsini özünə vurdu”.
Daşaltı əməliyyatına böyük ümidlər bəslənilirdi. Ancaq uğursuzluq müharibənin gedişinə ciddi təsir göstərdi. Əgər Daşaltı əməliyyatında qələbə qazansaydıq, müharibənin gedişini öz xeyirimizə dəyişdirə bilərdik və qoşunlarımıza strateji təşəbbüsü ələ almağa imkan yaradardıq.  1992-ci ildə Azərbaycanda iqtidarla müxalifət arasında hakimiyyət uğrunda gedən ölüm-dirim mübarizəsindən  düşmən  məharətlə istifadə etdi. Rayonlarımızı, kəndlərimizi, qəsəbələrimizi bir-bir işğal edib viran qoydu, xalqımızın qanını axıtdı, qız-gəlinlərimizi girov götürüb qürurumuzu tapdaladı.
P.S. Yazı ANS-in arxiv videoları  və Riad Əhmədov haqqında çəkilmiş sənədli filmin əsasında hazırlanıb. (Moderator.az)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın