Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Sosial / “Axtarışda olan adam Türkanda torpaq alıb satır, hər kəsə meydan oxuyur”

“Axtarışda olan adam Türkanda torpaq alıb satır, hər kəsə meydan oxuyur”

“Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayevanın sağ olduqları halda, ölmüş kimi sənədləşdirilib hər birinin 25 sot torpaq sahəsinin özlərindən xəbərsiz satılması ilə əlaqədar axtarışda olan Qərib Nadirov qəsəbədə sərbəst gəzib dolaşır”.

Bu haqda redaksiyamıza Türkan sakinləri məlumat verib. Sakinlər bildirir ki, Qərib Nadirov yenə də öz işi ilə məşğuldur, Türkanda torpaq alıb-satır: “O, qəsəbə ərazisində qara rəngli, ”Mersedes” markalı, Az 99 SS 744 nömrə nişanlı avtomobildə sərbəst gəzib dolaşır. Qəsəbə sakinlərinə isə tezliklə barəsindəki axtarış işinin ləğv ediləcəyini, bu iş üzrə həbs olunan digər şəxslərin isə məhkəmədən azad olunacaqlarını deyir. 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayevanın torpaqlarının cinayət yolu ilə ələ keçirilməsinə görə 5 nəfərin haqqında cinayət işi baxılması üçün aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qərib Nadirov və  Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev isə axtarışa verilib.

Rahil Babayev

Hakim önünə çıxarılacaq 5 nəfərdən də yalnız ikisi həbsdədir – Çingiz Səfərov və Xəzər rayonunun icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev. Digər 3 nəfərdən Daşqın Nəsirov dekabrda həbs olunsa da, martda ev dustaqlığına buraxılıb. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Nəsirovun ev dustaqlığına buraxılmasına əsas kimi onun səhhətində problemlər olması göstərilib. Daha iki təqsirləndirilən isə Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini olmuş Eldar Mirzəyevdir. İstintaq dövründə onların barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

Axtarışda olanlara gəlincə, bunlar Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və qəsəbədə torpaq alqı-satqısı ilə məşğul olmuş Qərib Nadirovdur. Axtarışda olduqlarına görə cinayət işi məhkəməyə göndəriləndə onların haqqında iş ayrılıb və Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar davam etdirilir. İttihama görə, torpaq alqı-satqısı ilə məşğul olan Səfərov, Nadirov və Nəsirovun təhriki ilə icra başçısının sabiq nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən Atayeva və Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib. Torpaq sahələrinin real bazar qiyməti isə bu məbləği dəfələrlə üstələyir”.

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə  faciəsi - FOTO

Zərərçəkənlər torpaq sahələrinin onlara qaytarılmasını tələb edirlər. Təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu ilin martında Türkan qəsəbə sakini Natiq Məhəmmədsoy da həbs olunub. O, qanunsuz silah saxlama və narkotik satışında suçlanır. 55-yaşlı Məhəmmədsoy isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, barəsində həbs qərarı verilərkən məhkəmədə deyib ki, qəsəbə sakinləri Atayeva və Şabanovaya vəkil tapmaqda, dövlət orqanlarına şikayətlərdə yardım etdiyinə görə saxta ittihamla cəzalandırılıb. Atayeva və Şabanova da Məhəmmədsoyun günahsız olduğunu, onlara yardım etdiyinə görə şərləndiyini iddia edir. Musavat.com

Həmçinin oxuyun

Zorlanan qızcığazlar, bıçaqlanan qadınlar… – Sığınacaqdan REPORTAJ

Azərbaycanda hər üç qadından biri zorakılığa məruz qalır. Bu qadınların bir çoxu ailəsini dağıtmamaq üçün …