Bazar ertəsi , May 20 2019
Ana səhifə / Sosial / “Axı sən kimsən, cənab Şults?!” – Parlamentdə Avropa davası

“Axı sən kimsən, cənab Şults?!” – Parlamentdə Avropa davası

“Getdiniz Misiri dağıtdınız, Suriyanı, Liviyanı bombaladınız, Əfqanıstanı pis günə qoydunuz…”

“Bu qətnamə yalnız Azərbaycan hakimiyyətinin tənqidi deyil. Bu qətnamə bütövlükdə xalqa qarşı qoyulub və xalqın təhdidir. Bu qətnamə xalq üçün qəbul olunan qanunlara ziddir. Heç kim demir ki, Azərbaycanda problem yoxdur. Ancaq bu problemi təhdid kimi istifadə etmək doğru deyil. Burada erməni lobbisinin və türk-islam birliyinə qarşı xristian həmrəylinin hücum cəhdləri var”. 
 
Bu fikirləri Milli Məclisin Avropa Parlamentinin qətnaməsinə münasibəti zamanı deputat Sabir Rüstəmxanlı söylədi. O dedi ki, bu gün müsəlman ölkəsi olan Azərbaycan demokratiya yolunda uğurla addımlayır: “Təbii ki, bütün bunlar Qərbin planlarını pozur. Çünki Qərb dünyada “müsəlmanlarda demokratiya ola bilməz” prinsiplərini nümayiş etdirir. Azərbaycan isə bu prinsipləri pozur”. S.Rüstəmxanlı döyülərək öldürülən jurnalistlə bağlı müddəaya da etiraz etdi:“Rasim Əliyev operator idi, ciddi jurnalist deyildi. Onun hakimiyyətə qarşı bir cümlə tənqidi yox idi. Avropanın Rasim Əliyevin ölümünü Azərbaycan hakimiyyətinin əleyhinə yazmaq cəhdləri gülüncdür”. S.Rüstəmxanli daha sonra “Kişinin kişi, qadının qadınla evlənməsinə icazə verən Avropa Azərbaycan da burayamı aparmaq istəyir? Bu da gizli bir müharibədir ki, millətlər öz sifətini itirsinlər”. 
Əli Hüseynli dedi ki, Azərbaycan hakimiyyəti üçün hansısa bir qurumun yox, Azərbaycan xalqının fikri vacibdir.
Siyavuş Novruzov Avropa Parlamentinin son 2 ildə Azərbaycana qarşı 3 qətnamə qəbul etdiyindən danışdı: “Azərbaycanda gedən inkişafı gözü götürməyən qüvvələrə, o cümlədən Avropa stukturlarına bir daha bəyan edirik ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək. Azərbaycan əleyhinə qəbul edilən qərarlarda iştirak edən şəxslərin bir çoxu bəzi antimilli qüvvələrə qrantların ayrılmasında rolları olub”. Deputat qətnamədə Leyla və Arif Yunusun işğalçı dövlətin gəncləri ilə Azərbaycan gəncləri arasında əlaqə yaratmağa görə həbs olunmalarına etirazı xatırlatdı: “Deməli, bizim torpağımız işğal olunsun, Xocalı soyqırımı törədilsin, amma Azərbaycan gedib ermənilərlə dostluq əlaqələri qursunlar”.
YAP-çı deputat Azərbaycana qarşı qərəzin olduğunu vurğuladı: “Az qalırlar desinlər Amerikada öldürülən iki jurnalistin qətlində və Çin yuanının dəyərdən düşməsində də Azərbaycanın əli var”.
S.Novruzov qeyd etdi ki, Avropa təşkilatlarının seçkiləri müşahidə etməkdən imtinasına “xoruz banlamırdı, səhər açılmırdı” – deyə, reaksiya verdi. “Bunların əsas məqsədi Azərbaycanda da ərəb ölkələri kimi xaos və anarxiya yaratmaqdır. Azərbaycanda hər zaman azad və ədalətli seçkilər keçirilib və bundan sonra da keçiriləcək. Heç bir təşkilat Azərbaycanı öz uğurlu və müstəqil yolundan çəkindirə bilməz. Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var, bu birliyi heç kəs poza bilməyəcək. Azərbaycanda olan bəzi milli satqınlar da Avropanın əlaltısına çevrilib. Hər dəfə olduğu kimi, onların bu palanları iflasa uğrayacaq“, – S.Novruzov əlavə etdi.
O.Əsədov Avropanın qaçqınlara reaksiyasını da xatırlatdı: “Elə bil, itə çörək atırlar”.
Qüdrət Həsənquliyev bildirdi ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əslində Azərbaycanla Avropa Parlamenti arasında müasibətləri pozmağa yönələn sənəddir və bu, erməni lobbisindən maliyyələşən dairələrin əməlidir”.
Deputat qeyd etdi ki, bəzi qüvvələr hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa hazırdırlar: “Bu gün Azərbaycannda milli satqınlar şurası adlandırılan bir şura var. Amma Avropa da bunların satqın olduğunu bilir”. Q.Həsənquliyev qətnamədə Azərbaycan qaçqınları barədə bir kəlmə yazılmadığını xatırlatdı: “Azərbaycana qarşı sanksiya tələb olunur. Bəs, 1 milyon insanı didərgin salan, 20 min insanı qətlə yetirən, 20 faiz ərazini işğal edən ölkəyə qarşı niyə sanksiya tələbi yoxdur?!”
Vahid Əhmədov Avropa Parlamentinin son on ildə, xüsusilə də Avrovizion və Avropa Oyunları ərəfəsində qəbul etdiyi qərarların milli maraqlarımıza zidd olduğunu xatırlatdı. Xüsusilə də qarşıdan gələn parlament seçkiləri ərəfəsində belə bir sənədin qəbuluna etirazını bildirdi. Deputat dedi ki, qətnamədə faktiki olaraq Ermənistanın işğalına haqq qazandırır, güc yolu ilə torpaqlarımızı azad etməyimizə imkan vermir.
V.Əhmədov dedi ki, Avropadakı qurumlardakı deputatlar, diaspor təşkilatları, XİN ölkəmizə qarşı səs verən deputatlarla işləməlidir: “Biz qətnaməyə qarşı çıxan 202 deputatın da mövqeyini nəzərə almalıyıq. Mən Avropa Parlamentinin qətnaməsini pisləyirəm. Amma Avropa Parlamenti ilə işləmək lazımdır. Biz Avropadan təcrid olunmamalıyıq, Avropa Parlamenti Avropa dövlətləri demək deyil. Çünki Azərbaycanın Avropa dövlətləri ilə çox sıx əlaqələri var”.
Spiker də “Vahid müəllim, biz Avropa dövlətləri ilə əlaqələri kəsirik” demirik. Avropa Parlamenti Avropanın 42 faiz səsidir” – deyə bildirdi.
Birinci vitse-spiker Ziyafət Əsgərov “bu qətnamə tamamilə saxta, böhtan, yalan, əsası olmayan kağız parçasıdır” söylədi. Z.Əsgərov dedi ki, 2014-cü ilin sentyabrında da yeni parlament toplaşan kimi, Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etdi: “Çünki bizim ölkədə sabitliyin olması bunların maraqlarına uyğun deyil”. Jurnalistlərlə bağlı Avropa Parlamentinin tələblərinə gəldikdə, Z.Əsgərov parlament jurnalistlərinə xitab etdi: “Sizə nə vaxt təzyiq olub ki, bunu belə yazmayın, başqa cür yazın? Biz heç məhkəməyə müraciət etmirik. Çünki ulu öndər bir dəfə dedi ki, mən məhkəməyə müraciət etməyə ehtiyac görmürəm, vicdanı var, düz yazsın”.
Vitse-spiker Avropa Parlamentinin Azərbaycana qarşı paxıllıq etdiyini söylədi: “Çünki bunlarda lider yoxdur, Azərbaycanda var. Bu, sənin problemindir, mənim yox. Siz nə bilirsiniz Azərbaycanda seçkilər necə olacaq? Cənab Şults, sən nə haqla Azərbaycan xalqının əvəzində seçkilərin taleyini həll edirsən? Axı sən kimsən?! Getdiniz Misiri dağıtdınız, Suriyanı, Liviyanı bombaladınız, Əfqanıstanı pis günə qoydunuz. Bu ölkələri dağıdanda bilmirdinmi humanitar fəlakət olacaq. Bəs, ev-eşiyi olmayan insan hara getməlidir? İndi sənin yanına gəlir, qəbul edin onları. Siz Aralıq dənizində 10 minlərlə insanı batırdınız, məhv etdiniz. Açılacaq bütün bunlar. Bu, nə vəhşilik, nə insanlıq, nə demokratiyadır? İndi siz gəlib Azərbaycana ağıl öyrədirsiniz?”

Həmçinin oxuyun

“Bakı-Tbilisi-Bakı” marşrut xəttinə əlavə avtobuslar buraxılacaq – Finala görə…

27-31 may tarixlərində mövcud “Bakı-Tbilisi-Bakı” marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.–Moderator.az xəbər verir ki, bu barədə DANX-ın …

Bir cavab yazın